Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib

“Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib

20.04.2024 [16:18]

Aprelin 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq olub.

Konfransın açılış mərasimində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov birldirib ki, Qafqaz Albaniyası 1000 ilə yaxın müddətdə mövcud olmuşdur. Bu dövlət dünya tarixinə verdiyi töhfəsinə görə yeni tarixi model yaratmışdır. Azərbaycan dünya albanistikasının mərkəzinə çevrilmişdir. Azərbaycanda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb. Ən mühüm məsələ Qafqaz Albaniyasının tarixi, coğrafiyası ilə bağlıdır. Bu dövlət Kür çayının hər iki sahilində yerləşmiş, eyni tarixi coğrafi ərazidə inkişaf etmişdir. Qafqaz Albaniyasının Azərbaycanda elmi şəkildə öyrənilməsi pərakəndə deyil, institusional şəkildə həyata keçirilir. XI konfransa qədər böyük yol keçilmiş, bu vaxtadək ciddi araşdırmalar aparılaraq dərc edilmişdir. Bu gün də Albanistika Azərbaycan tarixinin aktual elmi istiqamətlərindən biri kimi qalmaqda davam edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin onun müasir dövrümüzə qədər gəlib çıxan irsinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac var. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmasına cəhdlər göstərilib. Bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsi xüsusi yer tutur. Sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev bildirib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı əsassız iddia irəli sürənlər, yəni, qonşu Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər. Onlar “Böyük Ermənistan” xülyasının, öz ölkələri üçün tarix düzəltməyin arxasınca gedirlər. Ancaq Azərbaycanda siyasət elmdən nəticələr gözləyir. Bu aspektdən yanaşdıqda, həqiqət bizim tərəfimizdədir. Akademik Kamal Abdulla bildirib ki, Azərbaycan dövlətçiliyi elmin ona təklif etdiyi iddialardan çıxış edir. Azərbaycanın əsas ideoloji fərqi də bundan ibarətdir. Bizim həqiqətimiz odur ki, tarixin dərinliklərinə nəzər saldıqda mədəni-tarixi abidələrimiz bu reallığı özündə ehtiva etməkdədir. Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində tarixçilərin, ədəbiyyatşünasların birgə əməyi son dərəcə vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Azərbaycan zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Vuğulayıb ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmalarının geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edir. Düşünürəm ki, bugünkü konfransımız da ictimaiyyətin diqqət mərkəzində olacaq.

Digər çıxış edənlər Türk Tarix Qurumunun rəhbəri, elmlər doktoru, professor Yüksel Özgen, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya institutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Ziyabek Kabuldinov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Azamat Ziyo Qafqaz Albaniyasının tarixinin maddi-mədəni irsinin, coğrafiyasının, etnoqrafiyasının, əhalisinin öyrənilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, konfrans bu istiqamətdə aparılan işlərə töhfə veəcək. 

Konfrans “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan Respublikası zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi mərkəzin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.

Xatırladaq ki, aprelin 19-da konfrans iştirakçılarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərləri təşkil edilib.

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30