Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistan sürətlə silahlanır

Ermənistan sürətlə silahlanır

02.09.2024 [14:54]

N.Paşinyanın qüsurlu müqayisəsi

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında yenidən özüsayağı heç bir əsası olmayan sərsəm iddialar səsləndirib. Belə iddialardan biri də  Azərbaycanın giya İtaliyadan silah-sursat alması barədədir. Bununla Ermənistan lideri ölkəsinin postmüharibə mərhələsində sürətlə silahlanmasına haqq qazandırmağa cəhd göstərib. Ancaq onun dedikləri absurddur və reallığı əks etdirmir. Paşinyan bu dəfə də daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmaq istəyib.

Azərbaycan İtaliyadan silah sayılmayan nəqliyyat xarakterli təyyarə alıb

Postmüharibə dönəmində Azərbaycanın tutduğu mövqe bəllidir. Cənubi Qafqaz regionu otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinə görə müharibə risklərindən, təhdidlərdən əziyyət çəkib. Bu təhdidlər regionda düşməncilik yaradır, əməkdaşlığa və etimad mühitinə ciddi xələl gətirirdi. Qaliib Azərbaycan indi bu kədərli səhifəni birdəfəlik bağlamaq və gəəcəyə baxmaq əzmi ortaya qoyur. Ölkəmizin 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində  əldə olunan qələbələr sayəsində yaratdığı reallıqlar müharibələrdən, eskalasiya risklərindən uzaq olan bir gələcək qurmaq üçün münbit zəmin formalaşdırıb. Yaranmış bu fürsətdən maksimum səmərəli istifadə oolunmalıdır və respublikamızın səyləri də məhz buna yönəlib. Azərbaycan sülhə sadiqliyini təsdiqləmək üçün müharibə başa çatandan sonra qarşı tərəfə hər hansı bir ilkin şərt irəli sürmədən beş bənddən ibarət sülh paketi təqdim etdi. Tənzimmləmə prosesində yol xəritəsi adlandıra biləcəyimiz bu sənəd bütünlüklə beynəlxalq prinsiplərə istinad edilməklə hazırlanıb. 


Azərbaycan özünün sülh niyyətini sahədə də təsdiqləyir. Postmüharibə dövründə respublikamız iki ölkə arasındakı şərti sərhədlərdə hər hansı bir hərbi və digər xarakterli təxribata əl atmayıb. O başqa məsələdir ki, düşmənin təxribat cəhdləri də cavabsız qalmır, Azərbaycan Ordusu qarşı tərəfin atəş nöqtələrini anındaca susdurur. Silahlanmaya gəldikdə isə, Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdəki fəaliyyətləri barədə dəfələrlə bəhs edib. Azərbaycan dövləti ölkəmizdə ordu quruculuğunun daimi proses olduğunu, Silahlı Qüvvələrimizdə maddi-texniki bazanın davamlı şəkildə möhkəmləndirildiyini, islahatlar aparıldığını gizlətmir. Ancaq ən yüksək səviyyədə bildirldiyi kimi, ölkəmizin ordu quruculuğunu diqqət mərkəzində saxlaması heç bir halda Ermənistana və digər dövlətlərə qarşı yönəlməyib. Azərbaycan indiyədək hər hansı bir qonşu dövlətə qarşı ərazi iddialarından çıxış etməyib və belə bir niyyəti də yoxdur. 


Ermənistan liderinin Azərbaycanın guya İtaliyadan silah alması ilə bağlı iddiaları da kökündən səhvdir. Bəli, cari il iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat çatdırılıb. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq. Göründüyü kimi, Azərbaycan İtaliyyadan nəqliyyat xarakterli təyyarə alıb ki, bu da silah deyil. N.Paşinyan populistlik edib bəlli iddianı səsləndirməzdən öncə sözügedən təyyarələrin texniki parametrləri və təyinatı barədə araşdırmalar aparsa idi, daha yaxşı olardı. İndiki halda isə o özü barəsində yaranmış “diletant birisi” qənaətini bir qədər də möhkəmləndirib. O, cəmiyyətə doğru olmayan məlumatlar ötürməklə özünün və ölkəsinin nüfuzunu növbəti dəfə yerlə bir edib.

 Ermənistan Hindistanın ən çox silah satdığı ölkələrdən biridir

Postmüharibə dövründə Ermənistan acınacaqlı məğlubiyyətinin səbəblərini araşdırmalı və işğalçılıq siyasətinin səhv olduğunu birdəfəlik anlayaraq bundan nəticələr çıxarmalı idi. Ancaq belə görünür ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə və cəmiyyətinə sağlam məntiq hakim deyil. Bunu ölkədə baş qaldıran revanşizm cəhdləri əyani şəkildə təsdiqləyir. Məğlub ölkə Fransa, ABŞ kimi dövlətlər tərəfindən açıq şəkildə yeni müharibəyə təhrik edilir və Paşinyan iqtidarı da bunu təqdirlə qarşılayır. Faktlar təsdiqləyir ki, revanşizm mövqeyindən çıxış edən Ermənistan sürətlə silahlanma yolu tutub. 


Silahlar bu ölkəyə əsasən üş dövlətdən – Hindistandan, ABŞ-dən və Fransadan tədarük olunur.  Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında 2022-ci il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.


Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.
Erməni ekspert Leonid Nersisyan atəş məsafəsi 24 km olan və dağlıq ərazidə istifadəyə yarayan bu haubitsalardan Ermənistanın 70-100 ədəd ala biləcəyini deyib. Onun sözlərinə görə, ümumilikdə İrəvan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir.


Ermənistana 2021-ci ildən etibarən raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə bu ölkəyə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. Bu barədə “Indian Defence” məlumat yayıb. Bildirilir ki, rəsmi Dehli ilk dəfədir tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.


“Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir”. Bu barədə Hindistanın IADN agentliyi Müdafiə Nazirliyinin statistikasına istinadən məlumat yayıb. Məlumata görə, 2024-2025-ci illərdə Ermənistanın Hindistandan alacağı silahların ümumi dəyəri 600 milyon dollar təşkil edəcək.

Fransadan, ABŞ-dən alınan silahlar

Postmüharibə mərhələsində Ermənistanı yeni müharibəyə təhrik edən dövlələrdən biri Fransadır. Prezident E.Makron Ermənistanı hər zaman dəstəkləyəcəyini bildirib.  Yelisey Sarayı rəsmi İrəvanı dəstəkləməklə bağlı yalnız siyasi bəyanatlar vermir, həm də bu ölkəyə öldürücü silahlar tədarük edir. Xatırladaq ki, Fransadan Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction generale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Artıq ikitərəfli silahlanma komitəsinin işi bərpa olunur. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Fransa mətbuatında  2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüf ifadə olunub. Fransa xüsusi xidmət orqanlarının ruporu qismində çıxış edən nəşrlərdən biri  A.Sarkisyanın Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış etdiyinə xüsusi diqqət çəkib. İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi Yelisey Sarayının  niyyətini bir daha ortaya qoyur. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən prezident Emmanuel Makron göstərib. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Belə çıxır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün kolonialist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.


İndiyədək Fransadan Ermənistana tədarük olunan silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxildir. Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lekornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişi həm də Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sisteminin Ermənistana tədarükünü nəzərdə tutur. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Görünən odur ki, Ermənistan silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Bəs Ermənistan bu silahları almaq üçün vəsaiti varmı? Bəzi fikirlərə görə, ona silahlar pulsuz veriləcək. Fransanın “Le Monde” qəzeti də bir müddət əvvəl bu məsələyə toxunub. Materialda bildirilib ki, ermənilərə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir. Lakin Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib. “Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma İrəvanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”, - deyə qəzet yazıb.


Fransadan Ermənistana həmçinin “Bastion” tipli zirehli texnikalar da daşınıb.Qeyd edək ki, “Acmat” şirkətinin “Bastion” zirehli döyüş maşınları Afrika və Yaxın Şərq iqliminə uyğundur. İndiyə qədər bu avtomobilləri Benin, Somali, Qabon, Kamerun, Mali, Burkino-Faso və digər Afrika ölkələri alıblar. 


Son vaxtlarda Ermənistanın silahlanmasında ABŞ də yaxından iştirak etməyə başlayıb. Bu günlərdə  Caliber.az saytı sensasiya sayıla biləcək bir xəbər yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.  İyul ayında isə ABŞ və Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi keçirilib. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyində ABŞ-dən olan hərbiçi rəsmi ştatda işə götürülüb. Başqa belə faktlar da sadalamaq mümkündür. Düzdür, ABŞ rəsmiləri bir-birlərinin ardınca Vaşinqtonun İrəvana hərbi dəstək verdiyini inkar edirlər. Ancaq faktlar ortadadır və cidanı çuvalda gizlətmək mümkün deyil. Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır, özü də buna ehtiyacı olmadığı halda.

 

Mübariz ABDULLAYEV
 

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31