Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni teatr mövsümünə az qaldı...

Yeni teatr mövsümünə az qaldı...

04.09.2024 [09:18]

Teatrsevərlər yeni səhnə əsərləri ilə sevinəcəklər

Günəşi, dənizi, qumu, istisi, asudəliyi və məzuniyyətləri ilə daha bir yay fəslini geridə qoyduq. Saçlarımıza sığal çəkən meh təkcə sərin payızın deyil, növbəti iş mövsümünün də gəlişinin xəbərçisidir. Bu da o deməkdir ki, iki aydır məzuniyyətdə olan teatrlarımız da qapılarını öz sevimli tamaşaçılarının üzünə açmağa hazırlaşır. Bəs yeni teatr mövsümünü mədəniyyət ocaqlarımız nə zaman, hansı tamaşalarla açacaq və bu mövsümdə tamaşaçılarını hansı yeniliklərlə sevindirəcəklər?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı qəzetimizə açıqlamasında deyib ki, teatr yeni mövsümü sentyabrın 8-də “Qarabağnamə” tamaşası ilə açacaq.

2024-cü ilin sonuna qədər Akademik Milli Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq. Artıq yaradıcılıq işlərinə başlanılan və Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefist tamaşa olacaq. Yeni səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Yeni mövsümdə premyerası keçiriləcək daha bir səhnə əsəri “Müharibə” olacaq. Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, quruluşçu rəssamı Eldar Nağıyev, bəstəkarı Nigar Süleymanova, rejissor assistenti Könül Kərimovadır.

Akademik Milli Dram Teatrı uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq yeni tamaşanın rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur.

Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır.

Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır.

*****

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da teatrsevərlərə maraqlı tamaşalar təqdim etməyi planlaşdırır. Teatrın mətbuat katibi Samirə Əşrəfin sözlərinə görə, sentyabrın 21-də Teatrın 97-ci teatr mövsümü açılır. Bu münasibətlə gündüz saat 12:00-da uşaqlar üçün “Qaraca qız”, axşam saat 19:00-da isə Pyer Bomarşenin eyniadlı əsəri əsasında “Fiqaronun toyu” tamaşaları nümayiş olunacaq.

Yeni teatr mövsümündə İlqar Fəhminin “Şahnamə” pyesi əsasında eyniadlı tamaşa hazırlanacaq. Bu mövsümdə tamaşanın oxunuş məşqləri və daha sonra məşqlərinə başlanacaq. Həmçinin “Cırtdan” nağılı əsasında Elşad Rəhimzadənin “Cırtdan” tamaşası hazırlanacaq.

Teatrın mətbuat katibi onu da əlavə etdi ki, ötən mövsümdə hazırlanmağa başlanan “Mən Feyerbax”am monotamaşı festival üçün nəzərdə tutulmuşdu. Lakin tamaşanın 97-ci mövsümdə bitib festivalda iştirak etməsi, sonra isə repertuara salınaraq tamaşaçılara təqdim olunması gözlənilir. 

****

Hər il olduğu kimi, 115-ci mövsümündə də Azərbaycan Dövlət Akademik Musiqili Teatr maraqlı layihələrlə teatrsevərlərin görüşünə gələcək. Sözügedən teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, yeni mövsüm 18 Sentyabr - Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açılacaq.

Dörd gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun”, “Ər və arvad”, “Arşın mal alan” tamaşaları nümayiş olunacaq.

Teatrın mətbuat katibi sentyabrın 22-də “Nəğməmə inan”, sentyabrın 28-də “Qızıl toy”, sentyabrın 29-da “Bəxtiyar” tamaşalarının oynanılacağını dedi. Teatrda məşqləri uğurla davam etdirilən “Bir qalanın sirri”, “Əliqulu evlənir”, “Palata”, “Killerdən teleqram” və digər tamaşaların premyeralarına hazırlıq işləri də görülür. Yaradıcı heyət ilboyu istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda maraqlı layihələrlə çıxış edəcək.

****

Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni - 93-cü mövsümünə dolğun tamaşa planı, həmçinin səfər proqramları, sosial-mədəni aksiyalar ilə başlayır.

Teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədovun verdiyi məlumata görə, ötən mövsüm olduğu kimi, bu mövsümdə də yaradıcı heyət istər plana uyğun, istərsə də plandan kənar tamaşalar hazırlayacaq: “Kollektiv ötən mövsüm bir neçə festivala qatıldı, eləcə də özü iki festivala evsahibliyi etdi. Bunlardan biri Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı - III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı idi. Bu mövsümdə də ənənəvi festivalda iştirakımız nəzərdə tutulub”.

Əməkdaşlıq zəncirinin daha da genişləndiyini vurğulayan baş rejissor bildirdi ki, qardaş ölkə kuklaçıları ilə birgə türk dünyasında məşhur Molla Nəsrəddin lətifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlər başlayıb.

Teatrımızın beynəlxalq əlaqələri fonunda qonşu Gürcüstanla əməkdaşlığa da xüsusi önəm veririk. Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənədə əsasən, gürcü rejissorlarla danışıqlar aparılıb. Klassik nağıl nümunələrimizdən birini bu dəfə gürcü rejissor Nikoloz Sabaşvilinin quruluşunda görəcəyik. Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı ilə də əməkdaşlıq haqqında müqaviləmiz var. Bu mövsüm qəhrəmanlıq, vətənpərvərlik mövzulu müştərək tamaşa planımızı reallaşdıracağıq”, - deyə Anar Məmmədov bildirdi.

İlin sonunadək teatrda cari repertuar planına uyğun “Bir gün Şamaxı xanlığında”, “Nənəmin aş qazanı” tamaşalarını, eləcə də plandan kənar olaraq, dahi Üzeyir bəy Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşaları hazırlanacaq.

Plandan kənar növbəti tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belaruslu rejissor-dramaturq Dmitri Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşadır.

Bu teatrda mövsümü premyera ilə açmaq kimi bir ənənə də var. Teatr təmsilçiləri bu ənənəyə sadiq qalaraq, tamaşaçıların qarşısına sentyabrın 20-də “Lokomotiv və vaqonlar”ın premyerası ilə çıxacaqlar.

****

Bu il YUĞ Dövlət Teatrı üçün çox əlamətdardır. Belə ki, teatr cari mövsümdə özünün yaranmasının 35-ci ilini, teatrın yaradıcısı, Əməkdar İncəsənət Xadimi, yenilikçi rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyini qeyd edəcək. Hər iki yubileylə bağlı ciddi hazırlıqlar aparan teatr bu mövsümdə üç premyera ilə tamaşaçıların görüşünə gələcək.

Yapon rejissor, ssenarist K.Mitaninin “Gülüş akademiyası” əsəri əsasında rejissor Gümrah Ömərin eyniadlı tamaşası teatrsevərlərə təqdim olunacaq.

Rejissor Tural Mustafayev İsmayıl İmanın “Əziz ata”, Ruslan İsmayılov isə Şəbnəm Xeyrullanın “Arqon” əsərlərini səhnələşdirəcəklər.

Həmçinin yaradıcı heyət Vaqif İbrahimoğlunun yubileyi münasibəti ilə onun zamanında quruluş verdiyi əsərlərdən birini- Çexovun “Albalı bağı” əsərini bərpa edəcək.

****

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 143-cü teatr mövsümünü şair-dramaturq Hidayətin “İrəvanda yanan çıraq” mistik tarixi dramı ilə açacaq.

Bu ilin repertuarına daxil edilən Uilyam Şekspirin “Kral Lir” faciəsi, Adilə Nəzərlinin “Axirətdən gələn səs” pyesləri üzərində də hazırlıq işləri gedir. İlin sonunadək bu tamaşaların da premyeraları nəzərdə tutulub.

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 13-ü Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri əsasında hazırlanmış tamaşa ilə açacaq.

Növbəti teatr mövsümünü sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə açacaq Gəncə Dövlət Milli Dram Teatrı isə bu ilin sonunadək 4 tamaşanın premyerasını nəzərdə tutub. Rey Kunun “Nömrə 13” komediyası, Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” sosial dramı, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası, Toyğun Orbayın “İnsanoğlunun şərəfinə” tamaşası Teatrın repertuarına daxil ediləcək.

****

Qazax Dövlət Dram Teatrı yeni teatr mövsümünün açılışını sentyabrın 12-də teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubovun quruluş verdiyi Əli Əmirlinin “Onun iki qabırğası” məişət komediyası ilə açacaq.

Teatrda cari repertuar planına uyğun olaraq Qilyermo Fiqeredonun “EZOP” əsərinin məşqlərinə başlanılıb. Səhnə işi Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda hazırlanır. Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub. Həmçinin, Əməkdar artist Musa Eyyubov yazıçı-dramaturq Əli Əmirlinin “Şəhid atası” pyesinə səhnə həyatı verəcək. Tamaşa 8 noyabr “Zəfər günü”ndə təqdim olunacaq.

Qazax Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi mono tamaşalar festivalına hazırlaşır. Festival üçün Semuel Bekketin “Sözsüz əməl” pyesi əsasında “Səmirsiz” tamaşası hazırlanıb. Səhnə əsərinə Akademik Rus Dram Teatrından dəvət olunmuş rejissor Abdulla Elşadlı quruluş verib. Bununla yanaşı, Qazax Dövlət Teatrının Türkiyənin Ankara şəhərində oktyabr ayında keçiriləcək beynəlxalq festivalda “LOVE BUTİK” tamaşası ilə iştirakı nəzərdə tutulub.

****

Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) mətbuat katibi Turan Etibaroğlu deyib ki, teatr yeni mövsümü sentyabrın 20-də məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşası ilə açacaq.

Sənət ocağı mövsümü gərgin iş qrafiki ilə açıb. Belə ki, hazırda teatrın səhnəsində bir-birindən maraqlı yeni tamaşalar hazırlanır. Yeni tamaşaların adlarını hələ ki, açıqlamaq istəməyən T.Etibaroğlu bildirib ki, kollektiv yaxın aylarda Azərbaycan, Rus, Avropanın ən tanınmış və sevilən, çox oxunan əsərləri ilə teatrsevənlərin qarşısına çıxacaq.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 289 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31