Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə Konstitusiya dəyişikliyi yolunda...

Türkiyə Konstitusiya dəyişikliyi yolunda...

04.09.2024 [09:39]

Qardaş Türkiyədə  Konstitusiyanın dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Ancaq bu məsələ hər dəfə müxtəlif səbəblərdən ertələnir. Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası hələ 2021-ci ildə ölkənin yeni Konstitusiyasının layihəsini hazırlayıb təqdim etmişdi. Lakin siyasi partiyalar arasında Əsas Qanunun - Ana Yasasının dəyişdirilməsi ilə bağlı konsensus əldə olunmadı. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yeni Konstitusiyanın qəbuluna mane olan əsas məqamı açıqlayıb.  Dövlət başçısı bu barədə Ali Apellyasiya Məhkəməsinin sədrliyi yanında keçirilən “2024-2025-ci Məhkəmə ilinin açılış mərasimi”ndə çıxışında danışıb. O bildirib ki, yeni Konstitusiyaya ehtiyac var. “İnanıram ki, bu prosesin öhdəsindən gələ bilə biləcəyik. Hazırda yeni Konstitusiyanın qəbuluna mane olan əsas məsələ qərəzdir. Müxalifət bu prosesə mane olur. Türkiyə demokratiyası yeni konstitusiyanın qəbulunu təmin edə bilər”, - deyə dövlət başçısı vurğulayıb.

Hazırda qüvvədə olan “çevriliş Konstitusiyası”

Türkiyə Prezidenti yeni Konstitusiyanın ağlabatan və hər kəsin ürəyincə olacağını da  bildirib. Hazırda qüvvədə olan Ana Yasanı “çevriliş məhsulu” kimi səciyyələndirn dövlət başçısı vurğulayıb:  “Türkiyədə çevrilişin məhsulu olan mövcud konstitusiyadan azad edilmənin vaxtının gəldiyi qənaətindəyik. Ağlabatan müddət, proqnozlaşdırıla bilən və həll mərkəzli ədalət bizim prioritetimiz olacaq. Ölkəmizi heç bir ayrı-seçkilik etmədən gələcəyə daşıyacaq Konstitusiyanı partiya olaraq, xalq ittifaqı olaraq bu mövzuda səmimiyik”.

Qardaş Türkiyənin hazırda qüvvədə olan Konstitusiyası 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ən yüksək normativ hüquqi aktır. Onun layihəsi 12 sentyabr hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanıb və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi, 18 oktyabr 1982-ci ildə isə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. Bundan sonra ölkədə referendum keçirilib. Yeni Ana Yasa referendum nəticəsində 91,37 faiz lehinə olmaqla qəbul olunub.

Türkiyə Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və onlara dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağan olunur. Türkiyə Konstitusiyasına 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. 1980-ci il hərbi çevrilişinin əsas səbəbi olaraq dövlətin zəifliyi göstərildiyi üçün tərtib edilən yeni Konstitusiyanın əsas məqsədi dövləti gücləndirmək, onu müxalifətdən qorumaq olmuşdu. Hərbi çevrilişin təşkilatçılarının qurduğu Məşvərət Məclisi ilə hazırlanmış olan yeni Konstitusiyaya “Milli Güvenlik Konseyi” tərəfindən bəzi dəyişikliklər edilərək, hazır vəziyyətə gətirilmişdi. 1982-ci il Konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı yaranan narahatlıqlara son vermək üçün hazırlanmış əsas hüquqi aktdır. O dövrdə əsas çağırışlardan biri dövlətin gücləndirilməsi ilə bağlı idi. Ana Yasada bu məqama xüsusi diqqət çəkiulib. Belə ki, Əsas Qanunda dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilmiş, hətta dövlətin fövqəladə hallarda Konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilib. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılıb. Reallıqda da biz bunun şahidi oluruq. Bir sıra hallarda ali icraedici qurumun verdiyi qərarlar və atdığı zəruri addımlar Konstitusiyanın müddəalarının fövqündə dayanır. Əlbəttə, belə hallar kütləvi xarakter daşımır, zəruri hallar olaraq istisnalıq təşkil edir.

Türkiyənin demokratiya hədəfi

Qardaş ölkədə bəzi müxalifət partiyalarının Konstitusiya dəyişikliyinin indiki hakim komandanın öz mövqelərini gücləndirmək məqsədilə gündəmə gətirildiyi fikri qəbuledilməzdir. Bu gün Türkiyədə Prezident Ərdoğana və onun komandasına böyük inam var. Bunu Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə baş verən dövlət çevirilişi cəhdinin baş tutmaması əyani şəkildə təsdiqlədi. Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş həmin gecədə baş verənlər ölkəninin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. İslamofob dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məlum terror hadisələrini törətməkdə məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaq olub. Mənfur dövlət çevrilişinin planlarını hazırlayanların əsas məqsədlərindən biri Türkiyəni lidersizləşdirmək, Rəcəb Tayyib Ərdoğanı fiziki cəhətdən məhv etmək idi. Bacarmadılar. Elə terror aktının qısa müddətdə dəf edilməsində əsas amillərdən biri qismində də Rəcəb Tayyib Ərdoğanın liderliyi çıxış etdi. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar. 

Son 20 ildə Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük inkişaf yolu keçib. Bu gün qardaş olkə regional liderlikdən çıxaraq qlobal aktora çevrilib, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Qardaş ölkə dünya üzrə bir sıra münaqişələrin həllinə özünün ədalətli yanaşmaları ilə sanballı töhfələrini verib ki, bunun da arxasında həm də güc amili dayanır. Çatılan hədəflər, hazırkı inkişaf mərhələsi yeni çağırışlar diqtə edir. Lakin Əsas Qanundakı bəzi məhdudiyyətlər bu çağırşları qarşılamağa imkan vermir. Hakim komandanın bəyan etdiyi kimi, Türkiyənin bundan sonrakı yolu demokratiya və qanunun aliliyi yoludur. Son prezident seçkilərində qardaş ölkə dünyaya bir demokratiya dərsi verdi. Müasir Türkiyənin demokratik imici Konstitusiya qaydasında da möhkəm şəkildə təsbit edilməlidir. Qeyd etdiyimiz kimi, mövcud Ana Yasa “çevriliş Konstitusiyası”dır. Konstitusiya islahatları aparmaq istəyən Ərdoğan iqtidarı ölkədə çevrilişlər səhifəsini bağlamaq niyyətindədir. Yeni qəbul olunacaq Konstitusiyada bu mühüm müddəa qırmızı xətt kimi keçəcək və Türkiyə dünyaya müasir, demokratik dövlət kimi təqdim olunacaq.

MÜBARİZ

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Sülhə nə qaldı?

07 Dekabr 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31