Hidayət-80: Böyük ziyalının yaradıcılıq üfüqləri
04.09.2024 [09:51]
Yaradıcı insan, dəfələrlə deyilmiş fikri bir daha təkrar etsək, bütöv bir Dünyadır ki, onun zəngin tarixi, geniş coğrafiyası var. Və bu Dünya mənsub olduğu xalqın möhtəşəm Dünyasının ayrılmaz tərkib hissəsidir... Hidayətin Dünyası kimi...
Müasir Azərbaycan ziyalılığının görkəmli nümayəndələrindən olan Hidayət artıq neçə on illərdir ki, həm Azərbaycanda, həm də onun sərhədlərindən uzaqlarda böyük şair, nasir, dramaturq, publisist, tərcüməçi, ictimai xadim (və dövlət xadimi) kimi tanınır.
Uzun illər Azərbaycan təhsilinə uğurla rəhbərlik etmiş görkəmli (və milli) ictimai xadim, professor Misir Mərdanov, haqlı olaraq, yazır: “Ziyalı xalqın düşünən beyni, mənəvi diriliyidir. Ziyalı Vətən və millət yolunda zəkasını, ağlını, intellektual potensialını əsirgəməyən İNSANdır. Ziyalı xalqına, dövlətinə, dövlətçiliyinə sədaqətli xidməti ilə, onlara verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Ziyalı üçün Vətən sevgisindən, millət duyğusundan ali hiss yoxdur!!!
Hidayət Orucov məhz bu sadaladığım milli-mənəvi dəyərləri özündə cəmləşdirən, fəaliyyətində onları gerçəkləşdirən milli ruhlu, vətəndaş qeyrətli, xeyirxah ziyalılardandır”...
Hidayət Xuduş oğlu Orucov 1944-cü ilin sentyabr ayının 5-də Zəngəzur mahalı Mığrı bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Səməd Vurğun adına Aldərə kənd orta məktəbini qızıl medalla qurtardıqdan sonra təhsilini Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir.
Doğma kəndində məktəb müdiri işləmək qərarına gələn Hidayət Universitetin daxil olduğu əyani şöbəsindən qiyabiyə keçir. Və bir neçə il bu vəzifədə çalışdıqdan sonra İrəvanda çıxan “Sovet Ermənistanı” qəzetinə ədəbi işçi dəvət olunur. Lakin bu işində də çox qalmır... Universiteti müvəffəqiyyətlə bitirib, 1968-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin edilir. Hidayət on beş ildən artıq - Bakıya köçənə qədər Azərbaycanın Ermənistanda bir beyin (və təfəkkür!) mərkəzi olan həmin teatra rəhbərlik edir.
Bu illər hələ kifayət qədər gənc qələm (və coşqun ürək!) sahibinin dünyagörüşünün genişlənməsində, həyatı dərindən öyrənməsində, təşkilatçılıq istedadının mükəmməlləşməsində həlledici rol oynamış, özünəməxsus (və təkrarsız!) yaradıcı şəxsiyyətini formalaşdırmışdı. Bütün Ermənistanı - qədim Azərbaycan - türk torpaqlarını öz teatrı ilə addım-addım gəzərək, məlum açıq və ya gizli maneələr olsa da, geri çəkilməyib Ermənistan azərbaycanlılarını mədəniyyətə, dəyanətli, qürurlu olmağa çağıranda Hidayət iyirmi, otuz yaşlarında idi. Bir-birinin ardınca İrəvanda şeir kitabları nəşr olunur, dramları teatrda tamaşaya qoyulurdu.
Azərbaycan ziyalısının 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adını alması təsadüfi deyildi. Və görünür, bu fəxri adı istedadlı, zəhmətkeş gəncə verməmək, sadəcə, mümkün olmamışdı...
Artıq Ermənistanda yaşayıb-yaratmağın bir azərbaycanlı ziyalı üçün tamamilə dözülməz olduğu dövrdə Hidayət Bakıya köçmək məcburiyyəti altında qalır. Və çox keçmir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayır, azərbaycanlılar kütləvi şəkildə Ermənistandan deportasiya edilirlər.
Etiraz əlaməti olaraq on il qabaq aldığı Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edən Hidayət Bakıda “Gənclik” nəşriyyatının rəhbəri kimi Ermənistanın və onun havadarlarının iç üzünü tarixi sənədlərlə açıb göstərən nəşrlərin meydana çıxmasında əzmlə, peşəkarlıqla çalışır. Yazdığı bədii, elmi-publisistik əsərlərdə Ermənistan azərbaycanlılarının ən yeni tarixinin canlı şahidi olaraq çoxlarına, ya məlum olmayan, ya da az məlum olan ictimai-siyasi hadisələrin hərtərəfli (və obyektiv!) təhlilini verir.
Yaradıcı ruhunun - istedadının “ilk məhəbbəti” olan poeziyanın ilham pərisi isə Ermənistanda olduğu kimi, Azərbaycanda - Bakıda da Hidayəti heç zaman tərk etmir. Geniş oxucu kütləsinin diqqətini cəlb edən şeirləri, eləcə də kitabları nəşr olunur. Və 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.
1990-cı illərin əvvəllərindən etibarən Hidayət bədii yaradıcılığını davam etdirməklə yanaşı mühüm dövlət işlərinə irəli çəkilir. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə Müşaviri təyin olunur. Yeddi ay sonra isə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olur.
Həmin yüksək dövlət vəzifələrində Hidayət Orucov özünün böyük təşkilatçılıq istedadını göstərir, ümummilli lider Heydər Əliyevin öndərliyilə Azərbaycanda gedən genişmiqyaslı milli dövlət quruculuğu prosesində fəal iştirak edir. Və 2004-cü ildə “Şöhrət” ordenilə təltif olunur. Xalq şairi Nəriman Həsənzadə Hidayət haqqında özünəməxsus (və gözəl!) demişdir: “Hidayət böyük sənətkarlara xas olan çoxşaxəli yaradıcılığı ilə ölkəmizin görkəmli ədəbi simalarından biri kimi, ictimai-siyasi xadimlərindən biri kimi tanınır və sevilir...
Hidayət bu millətin bəxtinə doğulanlardandır.
Öz taleyi ağır olsa da, xalqının, başqa xalqların taleyində mühüm rolu olub. Və indi də var, zaman onu tamam yeni ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli sənətkar kimi yetişdirdi. Böyük bir şəxsiyyətin (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin - N.C.) yanında formalaşmışdır... Buna görə Hidayət başqa həmkarlarından, sözün geniş mənasında, seçilir. Şeirləri, publisistikası, tərcümələri, çıxışları, müsahibələri dediklərimi sübut edir.
Hidayətin şəxsində Azərbaycan ədəbiyyatı müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edir. Bu onun taleyi və şərəfli tərcümeyi-halıdır”.
Hidayət 2005-ci ildə Azərbaycan Respublikasının milli azlıqlar və dini qurumlarla iş üzrə Dövlət müşaviri, 2006-cı ildə isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilir.
Əgər nəzərə alsaq ki, həmin yüksək vəzifələrə, yaxud ali dövlət idarəçilik strukturlarına rəhbərliyə təyin olunanda Hidayət Orucovun ilk missiyası bu vəzifə-strukturları formalaşdırmaq idi, o zaman onun nə qədər tarixi işlər gördüyünü təsəvvür etmək çətin deyil. O, Azərbaycanda milli siyasətin prinsiplərinin, milli azlıqlarla, dini qurumlarla işin normativlərinin müəyyənləşməsində heç zaman unudulmayacaq işlər görmüşdür.
Hidayət Orucov on il Azərbaycan Respublikasının qardaş Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Xalq yazıçısı Anar Hidayətin istedadından, ağrı-acılarla, keşməkeşlərlə (və böyük uğurlarla!) zəngin tərcümeyi-halından, daxili mədəniyyətindən bəhs etdikdən sonra fikrini belə yekunlaşdırır:
“Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi vədədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə, dəyişdirilməsi mümkün olmayan əməllərə baxıb, Hidayət kimi özünəməxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam...”
İlk şeirlərini hələ çox gənc yaşlarında - orta məktəbdə oxuduğu illərdə yazmış, “Nəyim var” adlı ilk şeiri isə 1963-cü ildə “Ədəbi Ermənistan” almanaxında dərc olunmuşdur.
“Məni səsləyəndə” ilk şeirlər kitabı (İrəvan, 1970) nəşr ediləndə Hidayət artıq ilhamlı (və məhsuldar) şair idi. 70-ci illərdə gənc şairin bir-birinin ardınca İrəvanda “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, Bakıda “Dənizi harayladım” şeir kitabları işıq üzü görür, rəhbərlik etdiyi teatrda “Məhəbbət yaşayır hələ...” pyesi tamaşaya qoyulur. Və həmin illərdə yazdığı “Bir teatrın üç aktyoru” kitabı Ermənistan Teatr Cəmiyyəti tərəfindən nəşr olunur.
Səksəninci illər yaradıcılığında poeziya yenə aparıcı olsa da, Hidayətin nəsr, dramaturgiya və publisistika sahəsində fəaliyyətinin genişləndiyi də diqqəti cəlb edir. “Eviniz analı olsun”, “Zirvə cığırı”, “Qatardan məktub” şeir kitabları ilə yanaşı, “İrəvanda xal qalmadı”, “Sabaha çox var” nəsr, dramaturgiya və publisistika kitabları nəşr olunur. İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Məni qınamayın” pyesi oynanılır ... Və Bakıya köçüb “Gənclik” nəşriyyatında rəhbərliyə başladıqdan sonra Hidayətin bir mühüm xidməti də ondan ibarət olur ki, həm Azərbaycan cəmiyyəti üçün zəruri ədəbiyyatın nəşrinə çalışır, həm də milli-ictimai şüuru səfərbər edəcək kitablar tərtib edir. İctimai-siyasi şərait mürəkkəb, əlverişsiz olsa da, “Gənclik” nəşriyyatı Hidayətin təşəbbüsü, eləcə də rəhbərliyilə “Dünya uşaq ədəbiyyatı kitabxanası” (50 cilddə), “Macəra və fantastika”, “SSRİ xalqları ədəbiyyatı”, “Azərbaycan folkloru” və s. kitabxana-seriyaları qısa bir müddətdə nəşr etdirməyə nail olmaqla Azərbaycan kitab mədəniyyətinə böyük töhfələr verir.
70, 80-ci illərdə olduğu kimi, 90-cı illərdə də, mürəkkəb tarixi şəraitdə yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, Hidayət bədii yaradıcılıqla ardıcıl, məhsuldar bir şəkildə məşğul olur. Və onun “Doxsanıncı il”, “Həsrət”, “Hərdən xatırla məni” şeir, “Sözün vaxtı” publisistika kitabları nəşr edilir, “Bu dünyanın adamları” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulur.
Müstəqillik illəri Hidayətin yaradıcılığına həm kəmiyyət, həm də keyfiyyət baxımından öz əhəmiyyətli təsirini göstərmiş, görkəmli ziyalı-ideoloqun, ictimai xadimin (və dövlət xadiminin) müxtəlif janrlardakı əsərləri mövzusunun aktuallığına, məzmun-mündərəcəsinə, yüksək vətənpərvərlik (və dövlətçilik!) ideallarına görə həmişə böyük maraq doğurmuşdur. Xüsusilə 2000-ci illərdə bir neçə dəfə (Azərbaycan dilindən başqa, ingilis, rus, ərəb, türk və gürcü dillərində) nəşr olunan “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, “İrəvana 7 məktub”, “Burdan min atlı keçdi”, “Qurucu Əziz”, “Azərbaycanda din. Ən qədim dövrdən bu günədək” və s. elmi, yaxud elmi-publisistik əsərləri buna misal ola bilər. Cəsarətlə demək olar ki, Hidayət müstəqilliyin ilk illərindən başlayaraq nəşr olunan publisistik kitabları ilə Azərbaycan publisistikasına, ümumən, ictimai fikrinə geniş tarixi təhlil miqyası ilə yanaşı, hadisələri həmin miqyas səviyyəsində ümumiləşdirmə üslubu (mədəniyyəti!) gətirdi. Və həmin illərdə bədii yaradıcılığında (əlbəttə, ilk növbədə, poeziyasında) publisistikliyin güclənməsi də öz tərcümeyi-halını mənsub olduğu xalqın tərcümeyi-halından (tarixindən!) heç zaman ayırmayan bir şair-ziyalı-ictimai xadim üçün tamamilə təbiidir. Ona görə də “Ömrümün çəhlimləri” şeir kitabında, “Sözün vaxtı” toplusunda və digər əsərlərində avtobioqrafik notların çoxluğu və ya bolluğu heç də təsadüfi deyil.
Akademik İsa Həbibbəyli tamamilə doğru olaraq göstərir ki, “vətəndaşlıq Hidayətin çoxcəhətli yaradıcılığının cövhəri, mahiyyətidir. O, yeni mərhələdə Azərbaycanda dərin ictimai məzmunlu vətəndaş poeziyasının, yüksək vətəndaşlıq ruhuna malik olan publisistikanın və səhnəyə həyat nəfəsi bəxş edən dramaturgiyanın əsas yaradıcılarından biri kimi böyük nüfuz qazanmışdır. Ciddi vətəndaşlıq mövqeyi və məsuliyyət şair, publisist və dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə mənalandırır”.
Həmin sətirlərin müəllifi onu da əlavə edir ki, “Hidayətin sözü də, özü də təmənnasız, məsuliyyətdən yoğrulmuş şərəfli taleyini yaşamaqda davam edir”.
Hidayət bütün yaradıcılığı boyu dünya ədəbiyyatından çoxlu tərcümələr etmişdir ki, onların bir qismi “Özüm yazmaq istərdim” ikicildliyində toplanmışdır. Eyni zamanda, şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.
Qafqaz xalqlarının Hidayətə - onun yaradıcılığına və şəxsiyyətinə hörmətini, məhəbbətini böyük Dağıstan şairi Rəsul Həmzətov belə ifadə edir:
“Hidayətin poeziyasıyla da, onun özüylə də hər görüş mənim qəlbimin milli bayramıdır”.
Hidayətin səkkizcildlik “Seçilmiş əsərləri”nin nəşri (2011-2012), heç şübhəsiz, müasir Azərbaycan ədəbi-ictimai mühitində mühüm hadisədir. Və səkkizcildlikdə müəllifin, demək olar ki, bütün çoxşaxəli yaradıcılığı (poeziyası, nəsri, dramaturgiyası, publisistikası və s.) əhatə olunmuşdur.
Və nəhayət, Hidayət haqqında danışarkən, bir məqama da diqqət vermək lazımdır ki, onun şəxsiyyəti, yaradıcılığı, ictimai fəaliyyəti barədə həm Azərbaycanda, həm də xaricdə görkəmli ədəbiyyat, elm, dövlət adamları maraqlı fikirlər söyləmişlər. Elə bilirik ki, akademik Budaq Budaqovun aşağıdakı sözləri həmin çoxsaylı fikirləri bu və ya digər dərəcədə ümumiləşdirir: “Hidayət şairdir, nasirdir, dövlət xadimidir, ictimaiyyətçidir. Onun çoxsaylı və həm də sanballı bədii, poetik, eləcə də publisistik əsərləri geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur. Hidayət sakit təbiətli, mədəni bir ziyalıdır. Qayğıkeşlik onun varlığına hopduğundan o daim xeyirxahlıq etmiş, bir çox insanlara arxa olmuşdur.
Hidayətdə olan milli qeyrət onun bütün yazılarında, rəsmi və qeyri-rəsmi fəaliyyətində özünü göstərir...
Hidayət dəyərli vətəndaşdır, vətən oğludur”.
Şübhə etmirik ki, görkəmli ziyalı, sənətkar, mütəfəkkir bundan sonra da hələ neçə illər Azərbaycan ədəbiyyatını, Azərbaycan ictimai fikrini özünün dəyərli əsərlərilə zənginləşdirəcək, tükənməz yaradıcılıq enerjisilə mənsub olduğu Azərbaycan xalqına xidmət edəcəkdir.
“'Ədəbiyyat Qəzeti”
02.09.2024
Nizami CƏFƏROV
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18