Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransadan növbəti yalan - bu dəfə “təhlükəsizlik meyarı” hədəfə alınır

Fransadan növbəti yalan - bu dəfə “təhlükəsizlik meyarı” hədəfə alınır

05.09.2024 [08:16]

Rəsmi Parisin ölkəmizə qarşı apardığı yalan kampaniyası ifşa edildi

Azərbaycan dünyanın ən yüksək təhlükəsizlik indekslərindən birinə sahibdir

Regional təhlükəsizliyin qarantı sayılan Azərbaycan həm də qlobal miqyasda sabitlik identikliyinə görə yüksək yer tutur. Kiçik və ya böyük həcmli kataklizmlərdən uzaq olan, dini-milli müstəvidə qarşıdurmaların yaşanmadığı ölkəmiz multikultural dəyərlərə verdiyi töhfələr və sivilizasiyalararası dialoqun gücləndirilməsindəki roluna görə şöhrət tapıb. Bu fakt isə özlüyündə Azərbaycanın təhlükəsiz ölkə kimi assossasiya olmasına yol açır. Dünyanın bir çox ölkələrini təmsil edən diplomatlar, tanınmış ictimai-siyasi şəxslər, idmançılar, incəsənət xadimləri ölkəmizdəki sabit durumu yüksək dəyərləndirirlər. Azərbaycan dünyada təhlükəsizlik indeksinə görə ən yüksək mövqelərdə yer tutur.

Bütün kontekstlərdə ölkəmizə qarşı qarayaxma, şər-böhtan kampaniyası yürüdən Fransa bu dəfə ölkəmizin təhlükəsizlik amili kimi çıxış etməsini şübhə altına alıb. Belə bir gülünc və yalan iddia ilə çıxış edən Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəfə alındığı barədə əsassız fikirlər səsləndirib. Qurum bu iddiaları səbəb gətirirək, Azərbaycana dair sərt səyahət xəbərdarlığı edib.

XİN-in mövqeyi: Əsassız bəyanat reallığın təhrif olunmasıdır

Məsələyə Azərbaycan tərəfi reaksiya verib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin məsələyə dair şərhində vurğulanır ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir. Qeyd olunub ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır: “Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur. Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır”.

Vurğulanır ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. “Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı. Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”, -deyə açıqlamada bildirilib.

Qlobal indeksə görə...

Qeyd edildiyi kimi, Azərbaycana səfər edən bütün ölkələrin vətəndaşlarının, hətta adi turist məqsədilə ölkəmizə gələn insanlardan diplomatik səfərə gələn nümayəndələrə qədər hər kəsin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Fransanın bu məsələ üzərindən manipulyasiya aparması cəhdi isə başadüşüləndir - son dövrlərdə rəsmi Parisin adının daha çox neokolonializm, müstəmləkəçilik, istismarçılıqla paralel səsləndirilməsi Makron hökumətini narahat etməyə bilməzdi. Bunun əksinə, ölkəmizdəki təhlükəsiz mühitin varlığı ilə bağlı yayılan xəbərlər, hazırlanan məqalələr fakt kimi ortadadır - məsələn, bu ilin martında baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?” sərlövhəli məqalə dərc edilmişdi. Tanınmış politoloq və jurnalist Dona Qrasiya, Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşmışdı. Xatırladaq ki, Qlobal Terrorizm İndeksi dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır. Məqalədə, həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılmışdı. Qeyd olunmuşdu ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib.

Bu fakt özlüyündə Makron hökumətinin xəbis niyyətini ifşa edir - Azərbaycanda hansısa bir saxlanılma və ya qeyri-qanuni həbs faktı qeydə alına bilməz. Hüquqi dövlət olan Azərbaycanda qanunun tələbləri ən yüksək səviyyədə qorunur. Beləliklə, Fransanın bu gülünc iddiası özünüifşadan uzağa getmir.

Parisin “kontur-arqumenti”, yaxud Avropada ifşa edilən casus şəbəkəsi...

O ki qaldı Fransanın “əsas” gətirdiyi hadisəyə - ötən ilin son ayında baş verənlərə, bu tamam fərqli bir məsələdir. Bununla bağlı Qərb mətbuatında belə məlumatlar yayılmışdı - bildirilirdi ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Məsələ Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlamışdı və araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarmışdı. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərmişdi.

Beləliklə, Fransanın ölkəmizin təhlükəsizliyi ilə bağlı “kontur-arqumenti” iflasa uğrayır - hər şey qanun çərçivəsində və hüquqi şərtlər daxilində öz həllini tapıb. Həmin dövrdə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı və səfirliyin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılmışdı. Beləliklə, qanuni prosedur həyata keçirilmişdi.

Beləliklə, Fransa növbəti dəfə fakt qarşısında qalır - yalanları ortaya çıxır, məkri ifşa edilir. Bütün bunlar isə rəsmi Parisin ölkəmizə qarşı qısqanc münasibətindən və ermənipərəst mövqeyindən qaynaqlanır...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Sülhə nə qaldı?

07 Dekabr 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31