Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv /  “Dönüş nöqtəsi”ndən 100 illiyə...

 “Dönüş nöqtəsi”ndən 100 illiyə...

06.09.2024 [08:07]

Misir Prezidenti 12 ildən sonra Ankarada

Xəbər verildiyi kimi, sentyabrın 4-də Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfər edib. Səfər bir sıra xüsusiyyətlərinə görə, mühüm əhəmiyyət daşıyır. Ən əsası isə  Əbdülfəttah əs-Sisi 12 ildən sonra Ankaranı ziyarət edən Misir prezidenti oldu.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti ilə Misir arasında ilk müasir diplomatik əlaqələr 1925-ci ildə qurulub. Buna qədər yüz illər ərzində Misir Osmanlı imperiyasının tərkibində inzibati ərazi vahidi kimi təmsil olunub. 1948-ci ildə isə Qahirədə ilk Türkiyə səfirliyi fəaliyyətə başlayıb. Misirdə sosialist rejimi qurulduqdan sonra Türkiyə 1961-1963-cü illər arasında diplomatik əlaqələri dondurub - münasibətlər 1963-cü ildə yenidən bərpa olunub. 2005-ci ilin dekabrında iki ölkə arasında azad ticarət sazişi imzalanıb.

13 il davam edən gərginlik başa çatdı

İki ölkə arasında sonradan bir sıra istiqamətlərdə mühüm dostluq və əməkdaşlıq əlaqələri qurulub. 2013-cü ildə Misirdə baş verən hadisələrdən sonra iki ölkə arasında münasibətlər gərginləşib və diplomatik əlaqələr müvəqqəti işlər vəkili səviyyəsinə düşüb. Sonrakı dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmin dövrdə ölkənin Baş nazir olmuş Binəli Yıldırım bu prosesi çevriliş kimi qiymətləndirmişdilər. Misir isə Türkiyəni onun daxili işlərinə qarışmamağa çağırıb. 2016-cı ildə Baş nazir Binəli Yıldırım mövcud vəziyyətin iqtisadi əməkdaşlığa böyük maneə olmadığını bildirərək yenidən müsbət əlaqələrin qurulması perspektivinin mümkünlüyünü önə sürdü - bunun qarşılığında isə Misir yaranan bu müsbət impulsu dəyərləndirərək Türkiyədən mövcud Misir hökumətini qəbul etməsini istədi. 2022-ci ilin noyabrında Türkiyə Prezidenti Ərdoğan və Misir Prezidenti Sisi Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun açılış ziyafətində ilk dəfə görüşdülər. Bu ilin fevralında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfər edib.

Diplomatik münasibətlərin 100 illiyi qeyd ediləcək

Əs-Sisinin Ankara səfəri isə bir sıra nüansları ilə seçilirdi. Misir prezidentinin Türkiyəyə 12 illik aradan sonra edilən səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mesajlar verilib. Prezident Ərdoğan görüşlərdən sonra Beştəpədə təşkil edilən ortaq mətbuat konfransında bir sıra məsələlər barədə açıqlama verib. O, fevral ayında Qahirəyə səfərini Misir ilə münasibətlərdə yeni dönüş nöqtəsi adlandırıb: “O vaxtdan bəri biz əməkdaşlığımızı və dialoqumuzu ən yüksək səviyyədə saxlamışıq. Biz hər sahədə inkişaf edən əməkdaşlığımızı əziz qardaşımın cavab səfəri ilə daha da irəli aparırıq. Bizim Misirlə əsrlərə gedib çıxan ortaq tarix və sıx dostluq əlaqələrimiz var. Gələn il biz diplomatik münasibətlərimizin 100 illiyini qeyd edəcəyik. Biz bəşər tarixini formalaşdıran sivilizasiyaların beşiyi olmuş iki qədim ölkəyik”.

Ticarət dövriyyəsinin 15 milyarda çatdırılması hədəflənib

Prezident Ərdoğan qeyd edib ki, fevral səfəri zamanı iki ölkə arasında  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yenidən strukturlaşdırılması barədə qərar verilib. “Bu mexanizmin ilk iclasını bu gün (sentyabrın 4-də) keçirdik. Birgə bəyannaməmizlə sənaye, ticarət, müdafiə, səhiyyə, enerji və ətraf mühit daxil olmaqla bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək iradəmizi təsdiqlədik. Ticarət və iqtisadiyyat əməkdaşlığımızın ən mühüm istiqamətlərini təşkil edir. Biz son 10 ildə Misirin ən yaxşı 5 ticarət tərəfdaşı arasında olmaqda davam etmişik. 5 il ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyəli iş adamları Misir iqtisadiyyatına mühüm töhfələr verirlər. Biz sahibkarlarımızı investisiyalarını daha da artırmağa həvəsləndirir, misirli investorları da ölkəmizdə salamlayırıq. Misirlə həm də enerji sahəsində əlaqələrimizi yaxşılaşdırmaq istəyirik. Qardaş Misir xalqı türk mədəniyyətinə böyük əhəmiyyət verir”, -deyən Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin turizm sahəsində də müsbət dinamika ilə özünü göstərəcəyinə inandığını önə çəkib.

Yaxın və Orta Şərq müzakirə olunub

Vurğulayaq ki, səfər zamanı ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. İki ölkə arasındakı əməkdaşlığın bir hissəsi kimi Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı razılığın əldə olunması da planlaşdırılır. “Milliyet” qəzetinin məlumatına görə, əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələlərdən biri də Fələstin-İsrail münaqişəsinin həlli olub. Tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti, Liviya və digər regional məsələləri də ətraflı müzakirə ediblər.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31