Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşada 6 ölkənin ləziz təamları təqdim olunub

Şuşada 6 ölkənin ləziz təamları təqdim olunub

06.09.2024 [17:09]

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Beynəlxalq Qastronomiya Gününə həsr edilmiş tədbirdə Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı və Pakistanın iftar süfrələrini əks etdirən yeməklər nümayiş olunub.

Tədbirin iştirakçısı olan aşpazlar stendlərdə nümayiş olunan təamlar barədə AZƏRTAC-a məlumat veriblər.

İlk müsahibimiz Araz Əhmədov Azərbaycan stendində ölkəmizin mədəniyyət paytaxtı Şuşanın zəngin mətbəxinə aid yeməklərin nümayiş olunduğunu bildirib. Stendə yaxınlaşan qonaqlar Qarabağ plovu, Xan paxlavaları, qutablar və kabablardan dadmaq imkanı əldə ediblər.

İran stendinin təmsilçisi Rəhim Nərimanov bu ölkənin stendində altı çeşid yeməyin nümayiş olunduğunu bildirib. O deyib: “Bu təamlar arasında İran çörəyi, zeytunu, iki növ kabab, plov və desert yer alıb. Xüsusilə kababın tərkibi barədə məlumat vermək istərdim. Kababa narşərab, qoz və sarımsaq əlavə olunur ki, bu da ona maraqlı və xüsusi dad verir”.

Aşpaz Bətul Hüseynli Şərq ölkələrinin mətbəxi arasında öz rəngarəngliyi ilə seçilən özbək mətbəxinin ləziz təamlarının olduğu stenddə təndirdə bişirilən samsa çörəyinin, Daşkənd halvasının, Özbək toy plovunun nümayiş edildiyini bildirib. Həmçinin stenddə quru meyvələrdən hazırlanan şirniyyatlar da yer alıb.

Türkiyəli aşpaz Hamza Kalkan bu ölkənin stendində Ramazan menyularının nümayiş olunduğunu qeyd edib: “Bizim çox zəngin menyumuz var. Burada qovrulmuş mal əti, təndir quzu əti, plov, güllaç, irmik halvası, ramazan şərbəti, ramazan pidesi və s. təamlar nümayiş olunur”.

Səudiyyə Ərəbistanın mətbəx nümunələrini təqdim edən Çələbi Rəhimov stendə gələn qonaqların nümayiş edilən təamları bəyənəcəklərinə ümidvar olduğunu bildirib. “Biz azərbaycanlı olsaq da, Səudiyyə Ərəbistanını layiqincə təmsil edəcəyimizi düşünürük”, - deyə o əlavə edib.

Pakistan isə beş fərqli yeməklə bu tədbirdə iştirak edib. Pakistanlı aşpaz Mohammad Afzaı nümayiş olunan yeməklər barədə məlumat verərək deyib: “Stendimizdə nümayiş olunan yeməklərdən biri toyuq kormadır. İkinci yemək isə düyü və toyuqdur. Hər iki təam müxtəlif ədviyyatlarla hazırlanır. Bundan əlavə, iki fərqli desert mövcuddur. Bunlar da süd məhsulları və fındıq-qoz kimi əlavələrlə birlikdə hazırlanan çox ləziz təamlardır”.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31