Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 10-cu üçtərəfli görüş...

10-cu üçtərəfli görüş...

10.06.2026 [10:52]

İstanbul Bəyannaməsində nələr əks olunub?

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolu davamlı olaraq  artmaqdadır. Müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycan hər zaman münasibətlərin inkişafında ən mühüm detal olaraq səmimi münasibətlərə üstünlük verir.

Üçtərəfli platforma ənənəsi...

Ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Ona görə də, Azərbaycan qonşu ölkələrlə normal qarşılıqlı əlaqələrin güclənməsinə hər zaman böyük önəm verib. Qarşılıqlı əlaqələrin gücləndirilməsi prosesində üçtərəfli görüş platforması bu mənada əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları, xarici işlər və müdafiə nazirləri mütəmadi olaraq görüşürlər. Bu, artıq ənənə halını alıb. Bu ənənə uğurla davam etdirilir.

Yeri gəlmişkən, iyunun 8-də İstanbul şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin və Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Görüşdə nazirlər üçtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini və digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə çıxış edən nazir Ceyhun Bayramov mövcud beynəlxalq şəraitdə geosiyasi gərginliyin artması, təchizat zəncirlərində yaranan çətinliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda ölkələr arasında siyasi koordinasiya və qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platforma olduğu qeyd edilib. Bakıda Parlamentlərin Xarici Əlaqələr Komitələrinin 10-cu üçtərəfli görüşünün, Gürcüstanda 7-ci Biznes Forumunun və Ankarada Müdafiə Nazirlərinin sonuncu üçtərəfli görüşünün tərəfdaşlığımızın hərtərəfli və çoxşaxəli xarakter qazandığını nümayiş etdirdiyi vurğulanıb.

Orta Dəhlizin inkişafında üç ölkə mühüm rol oynayır

Nazir çıxışında Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının regional sabitlik və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğunu qeyd edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələrin uğurla həyata keçirilməsinin tərəfdaşlığın nəticəyönümlü xarakterini nümayiş etdirdiyini bildirib. C.Bayramov enerji sahəsində əməkdaşlığın üçtərəfli tərəfdaşlığın təməl istiqamətlərindən biri olduğunu da qeyd edib. Azərbaycanın hazırda 16 ölkəyə təbii qaz ixrac etdiyi vurğulanaraq, Azərbaycan ilə Gürcüstan arasında təbii qazın alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, eləcə də SOCAR və BOTAŞ arasında “Abşeron” yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilmiş razılaşmanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığa toxunan nazir Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında üç ölkənin mühüm rol oynadığını qeyd edib. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatdırılması və Bakı-Tbilisi-Bakı sərnişin qatarı reyslərinin bərpasının regional mobilliyə əlavə töhfə verəcəyi vurğulanıb. Eyni zamanda, TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinin regional əməkdaşlığın və etimad quruculuğunun mühüm elementi olduğu bildirilib.

Çıxışda, həmçinin  İKT, yüksək texnologiyalar, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin təhlükəsizlik, terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, kiber təhdidlər və iqlim dəyişikliyi kimi çağırışlar qarşısında daha sıx koordinasiyanın vacibliyi qeyd olunub.

C.Bayramov Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə ölkəmizin dəstəyini bir daha ifadə edib. Nazir, eyni zamanda Azərbaycanın Türkiyə və Gürcüstan ilə üçtərəfli tərəfdaşlığın daha da dərinləşdirilməsi, regionun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı naminə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Region üçün real imkan pəncərəsi açılıb

Çıxış zamanı Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesinə də toxunulub. Azərbaycanın sülh quruculuğu təşəbbüslərinin və etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda, mövcud imkanı qalıcı sülhə çevirmək üçün münasibətlərin tam normallaşmasına mane olan açıq məsələlərin həll edilməsinin vacibliyi vurğulanıb.

Nazir Yaxın Şərqdə davam edən gərginliklərin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini diqqətə çatdırıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regionumuzun münaqişələrlə deyil, inkişaf layihələri ilə, parçalanma ilə deyil, ortaq rifah təşəbbüsləri ilə tanınması ən böyük arzumuzdur. Bu baxışın ən ümidverici təzahürünü bu gün Azərbaycan ilə Ermənistan arasında gedən sülh prosesində görürük. Tərəflərin nümayiş etdirdiyi iradə regionumuz üçün real imkan pəncərəsi açıb.

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da arzulayırıq. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam edir. Son dörd il ərzində bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub”, - deyən nazir əlavə edib ki, bütün regionun ortaq maraqlarına xidmət edən bu müsbət dövrü inkişaf etdirmək üçün fəaliyyətlər qətiyyətlə davam etdirilir.

Üç ölkənin əməkdaşlığı mehriban qonşuluq prinsiplərinə əsaslanır

Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili isə qeyd edib ki, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı və möhkəm əməkdaşlığı mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır. Bu iki ölkə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasındadır. Qarşılıqlı əməkdaşlıq siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, texnologiya və digər sahələri əhatə edir.

“Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı alqışlayırıq və hesab edirik ki, bu proses regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində səylərini davam etdirməyə hazırdır. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları da dəstəkləyirik”, - deyə Maka Boçorişvili bildirib.

Qeyd edək ki, yekunda nazirlər tərəfindən üçtərəfli görüşün nəticələrinə dair İstanbul Bəyannaməsi imzalanıb. İstanbul Bəyannaməsində nazirlər ölkələri arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri vurğulayıblar. Tərəflər arasında siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə mövcud güclü əməkdaşlığı daha da irəli aparmaq istəyi ifadə edilib.

Sənəddə dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi bir daha təsdiq edilib. Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb, regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyəti qeyd edilib.

Növbəti görüş Gürcüstanda keçiriləcək

Bəyannamədə Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsi yüksək qiymətləndirilib. Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımların əsas rolu vurğulanıb. Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ Dəmir Yolu Layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışlanıb.

Sənəddə yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsinə və daha da genişləndirilməsinə tam dəstək bir daha təsdiqlənib.

Bərpaolunan enerjidən səmərəli istifadə daxil olmaqla, dayanıqlı artım sahəsində əməkdaşlığın dəstəkləndiyi Bəyanatda ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) sədrliyi alqışlanıb, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) uğurlu ev sahibliyi və onun beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı inkişafın irəliyə aparılmasına verdiyi töhfə yüksək qiymətləndirilib.

Nazirlər terrorizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər və kibercinayətkarlıqla mübarizə məqsədilə müvafiq beynəlxalq və regional alətlərə uyğun olaraq əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha yeniləyiblər.

Sənəddə üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb və 11-ci Üçtərəfli Görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsinə qərar verildiyi qeyd olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30