Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni dünya düzənində...

Yeni dünya düzənində...

17.05.2022 [10:36]

Böyük oyunçuların yeni nizam axtarışı bəhrəsini verəcəkmi?

40 ildən artıqdır ki, ABŞ-ın xarici siyasətinin yeganə hədəfi dünyada vahid qütbə və ya şəriksiz liderə çevrilməkdir. Bu yolda ən böyük maneələrdən biri və ya birincisi Rusiyadır. Bunu ABŞ qədər Rusiya da dərk edir. Kremlin Qərbin illərlə fərqli coğrafi areallarda nümayiş etdirdiyi “hərb qonaqlıqlarından” yayınması da buna əsaslanırdı. Amma fevralın 24-dən sonra hər şey dəyişdi. Rusiya-Ukrayna müharibəsi dünyaya yeni nizam gətirməkdədir. Bəs bu nizam kimləri qalib, kimləri isə məğlub elan edəcək? Və ya yeni nizamda dünyanın siyasi cəhətdən yenidən bölüşdürülməsini kimlər əli qoynunda sadəcə müşahidə edəcək? Bunu araşdırmaq üçün bir balaca haşiyəyə çıxmaq gərəkir...

...Ötən əsrin sonunda SSRİ-nin dağılması ilə siyasi qütbləşmədə yeni konturlar açılmışdısa, sonrakı dönəmdə yaranan sükut artıq pozulur. Belə ki, SSRİ-nin parçalanmasının ardından bu dövlətin nüfuz dairəsində olan Yaxın Şərq və Afrika ölkələri, əsasən də siyasi-iqtisadi parametrlərinə görə “sovet sosializminə” uyğunlaşdırılmış dövlətlər tədricən yeni nizamda fərqli yol seçmək məcburiyyətində qaldı. “Məcburiyyət” isə rəngli inqilablar, məzhəb çəkişmələri, etnik qarşıdurmalar və bu kimi ştrixlərdir.

“Ərəb baharı”ndakı qələbə ABŞ üçün yeni üfüqlər açdı

Ard-arda Qərbin yumşaq gücü ilə “işğal” altına düşən dövlətlər yeni nizamda qeyri-adekvat demokratiya pərdəsi altında əzilməyə başladı. Əksər dövlətlərdə formalaşdırılan “silahlı müxalifət” hakimiyyətin tez-tez əl dəyişməsinə səbəb oldu ki, bu da, öz növbəsində milli dövlət anlayışını aradan qaldırdı. Qərbin “demokratik idarəçilik” vədinin ortaya qoyduğu reallıqlar sadəcə dağıntı, aclıq, səfalət, sərvətlərin qeyri-müəyyən formada mənimsənilməsi, silahlı qarşıdurmalar və bu kimi sadalamaqla bitməyən komponentlər oldu. Bu ağır şərtlər həmin ölkələrin həyat tərzinə çevrildi.

“Ərəb baharı”nda qəti qələbə qazanan “inqilabçı mərkəzlər” ABŞ üçün yeni üfüqlər açdı. Məsələn, radikal çevrilişlər dövrünü sona çatdırdı, siyasi aktivliyi az da olsa yumşaltdı və ölkələrin daxilində həll edilməsi olduqca çətin problemlər yaratdı. Necə deyərlər, hərənin başı özünə qarışmış oldu ki, bu da ABŞ-ın Şərqdəki patronajlığını təhlükələrdən qorumuş oldu. Tramp hakimiyyəti dövründə əldə olunan bu ölü sükut onu göstərdi ki, “Yaxın Orta Şərq” layihəsi müəyyən epizodik (Suriyanın timsalında) məqamlar istisna olmaqla uğurla başa çatdı. Artıq hədəf dəyişməliydi. Budəfəki yol xəritəsi heç də qədim Asiyaya və ya Afrikaya istiqamətlənməmişdi. Hədəf birbaşa Avropa idi.

Müharibə bəhanəsi Ukraynadır - hədəf isə tək Rusiya deyil

II Dünya müharibəsindən sonra sosialist və kapitalist ideologiyası əsasında fərqli inkişaf yolu seçmiş Avropa XXI əsrə yeni formatda qədəm qoydu. Artıq Varşava müqaviləsi ölkələri ard-arda NATO sıralarına qoşulur, ABŞ-ın hərbi hədəflərinə fokuslanırdı. “Yeltsin Rusiyası”nın tam çökdüyünü düşündüyü zaman qısa müddətdə özündə güc tapıb ayağa qalxan Rusiya isə növbəti dəfə Qərbin əsas “probleminə” çevrilmişdi. ABŞ-ın Avropa demarşında, başqa sözlə yeni nizamda tək lider olmaq hədəfində ən böyük maneə məhz Kremldir. Xatırladaq ki, Rusiya ilə Qərb arasındakı açıq mübarizə əsrlərdir ki, müəyyən fasilələrlə davam etməkdədir. Diqqət yetirsək, ötən əsrdə baş verən hər iki Dünya müharibəsinin ən qaynar məqamında - ikinci mərhələsində bütün “lülələr” Rusiyaya tərəf yönəlib. Rusiya problemi həll etdiyi anda isə ABŞ “mehriban düşmən” qiyafəsində zühur edir. Daha doğrusu, rəsmi Vaşinqtonun hər zaman gözləmə mövqeyi seçməsi məhz Rusiyanın zəiflədilməsinə hesablanmışdı. Məsələn, 1914-cü ildə başlanan ilk dünya savaşına ABŞ-ın aktiv müdaxiləsi 3 il sonraya, 1917-ci ilə təsadüf etmişdi. Həmin vaxt isə artıq ANTANTA-nın qalibiyyəti demək olar ki, rəsmiləşmişdi. İkinci Dünya müharibəsində isə 1939-cu ilin sentyabrın 5-də Avropa müharibəsində neytrallığını elan edən ABŞ yalnız 1944-cü ildə ikinci cəbhəni açdı və aktiv formada hərbi əməliyyatlara başladı. Etiraf edək ki, 1944-cü ildə SSRİ artıq qalibiyyətin bir addımında dayanmışdı.

Bütün bunları təhlil etdikdə isə vahid qənaət formalaşır: ABŞ məhz Avropanın əli ilə iki dəfə Rusiyanı hərbi yolla çökdürməyə çalışıb. Münaqişə məkanı kimi hər iki halda şərqi Avropa seçilib - birinci savaş Serbiyaya, ikinci isə Polşaya hücumla start götürüb. Diqqət yetirsək, “Üçüncü plan”ın da coğrafiyası tarixi ənənədən kənarda qalmır. Qərb yenidən eyni koordinatlarla hərəkətə başlayıb. Müharibə bəhanəsi Ukrayna, dolayısı ilə Şərqi Avropadır.

Rusiya ABŞ-ın yumşaq güc planına qarşı - Hücum ən yaxşı müdafiədir

Bu gün Avropanın “təhlükəsizlik qarantı” rolunda çıxış edən NATO, daha doğrusu ABŞ okeanın o biri tayında oturub müşahidəçi funksiyasını yerinə yetirir, zəmin formalaşdırır. 2019-2021-ci illərdə Rusiyanı “yumşaq güc” yolu ilə çökdürməyə çalışan ABŞ fərqli simalarda “müxalifət”lər yaratsa da, uğur qazanmadı. Ötən ilin sonunda baş tutan “Demokratiya sammiti”ndə isə Ağ Evin hədəfləri açıq şəkildə bəlli oldu. Həmin sammitin iştirakçılarına diqqət yetirdikdə maraqlı fakt ortaya çıxır. Rusiyanın mühasirəsinə nail olmaq üçün vacib ölkələr həmin sammitin əsas simaları idilər. Demək ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın yaratdığı siyasi zərurətin meyvəsidir. Onsuz da yaxın bir neçə il ərzində ABŞ-ın “siyasi missionerlərinin” əli ilə dağıdılacağını anlayan Kreml özü üçün məqbul saydığı yolu seçmişdi - hücum ən yaxşı müdafiədir. Ukrayna cəbhəsini bağlamaq niyyətində olmayan, 40 milyard dollarlıq “yardımla” odun üstünə körüklə gələn ABŞ artıq “B” planını da işə salır. Rusiyanın şimal sərhədlərinin rəsmi şəkildə NATO-laşması müharibənin miqyasını böyütməklə yanaşı, daha ağır faciələrin anonsunu verir. Aylardır istisna olunmayan “nüvə təhlükəsi” qapıları döyür. Nəzərə alsaq ki, Rusiyanın əsas nüvə başlıqları məhz şimal sularında “qorunur”, demək ki, Skandinaviya cəbhəsindəki aktiv döyüşlər dünyanın sonunu gətirə bilər. Maraqlıdır ki, bütün baş verənlərdən isə yalnız bir dövlət qazanclı çıxır. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi cəhətdən yalnız bir ölkə qazanc içindədir. Bunu hər şeyini itirmək üzrə olan “köhnə qitə” görmürmü?...

İlk zərbədə Avropanı qazanan ABŞ “tayqada pusquya” düşmək istəmir

Yeni dünya düzəni öncəsi nələr müşahidə olunur:

 - Rusiyanın quru qoşunlarının 1/3-nin itirildiyi xəbərləri yayılmaqdadır;

- ABŞ “Avropa müharibəsi”nin daha da genişlənməsi üçün 40 milyard dollar pul ayırır;

- “Altıncı paket” müzakirələri vasitəsilə Rusiya blokadası daha da daraldılır;

- Və... Avropanın enerji təhlükəsizliyi təhlükə altına düşür...

Bu siyahını daha da uzatmaq olar. Amma əsas məqamlar məhz göstərilən bəndlərdir. Ötən iki ay onu göstərdi ki, ABŞ Rusiya ilə açıq döyüşə həvəsli deyil. Vaxtilə Napaleon kimi dövrünün ən böyük sərkərdəsi, Adolf Hitler kimi güclü orduya malik şəxslər Rusiya meşələrində “azıb”. Bunu ABŞ dərk edir və bu amili nəzərə alaraq “tayqada pusquya” düşmək istəmir. Əvəzində Ukraynada, Finlandiyada və fərqli məkanlarda Rusiyanı gücdən salmağa çalışır.

İqtisadi blokada isə Rusiya qədər elə Avropanın da çöküşünü reallaşdırır. Avropanın əsas ticarət partnyoru olan Rusiyanın izolə edilməsi Qərb üçün nələrə mail olur - xammal bazası, əsas bazarı, ixracatının ən mühüm hissəsi əldən gedir. Günümüzün Avropasında enerji təhlükəsizliyi məsələsi ən böyük təhlükə kimi çıxış etməkdədir. 5 sanksiya paketində Rusiya qazından tam imtinanı gerçəkləşdirə bilməyən Avropa dərk edir ki, ABŞ birinci mərhələdə onları işğal edib. Bunun mənzərəsini cizsək:

- Avropanın iqtisadi inkişaf tempi mənfi saldoya düşür;

- Bunun əvəzində, ABŞ özünün silah biznesinin coğrafiyasını böyüdür.

- Rusiya qazından və neftindən imtina etməklə Avropa qeyri-mücərrəd bir durumda qalır;

 - Bunun əvəzində isə ABŞ tankerlərlə sıxılmış maye qaz təklifi ilə çıxış edir və böyük qazanc əldə edir.

Bir sözlə, ABŞ Rusiyadan öncə Avropanı tam şəkildə təsir dairəsinə keçirir. Bu iki “düşmənin” hansı məqamda dil tapacağı hələ müəyyənləşməsə də, müəyyənləşən bir məsələ var - Rusiya bu baş verənləri Avropaya bağışlamayacaq. Və öz ayağı ilə ABŞ boyunduruğuna girən köhnə qitə özünün müstəqil xarici siyasət kursunu tam itirmək üzrədir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31