Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “AUKUS+3” Çinə qarşı?

“AUKUS+3” Çinə qarşı?

24.05.2022 [10:26]

Qoca Şərqin mədəniyyət beşiyi təşvişdə...

Pərviz SADAYOĞLU

XX əsrin son illərindən başlayaraq Rusiya və Çinin qlobal siyasi-iqtisadi proseslərdəki rolunun artması həmin dövr üçün aktuallıq kəsb edən “təkqütblü dünya layihələrinin” sürətini azaltmış oldu. Vaxtilə aralarında müxtəlif problemlərin yaşandığı bu iki ölkə ortaq maraqlar müstəvisində əməkdaşlıqlarını genişləndirməklə beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu birlik dünyanın çoxqütblü inkişafının ömrünü uzatmağa çalışdı.

Aradan 20 il keçdikdən sonra Rusiya ilə Çin yenidən çətin imtahan qarşısındadır. Qərbin “Rusiya problemi” Şərqdə çat versə də, rəsmi Pekinlə bağlı soyuqqanlı sükut hələ də qorunmaqdadır. Ara-sıra Çinə qarşı müəyyən bəyanatlar səsləndirilsə də, təxminən dünya iqtisadiyyatının üçdə birinə sahib olan bu nəhəng ölkəyə qarşı açıq ittihamlar səsləndirilmir, addımlar atılmır. Amma Rusiya-Ukrayna probleminin genişlənərək Şərqə doğru “yol alması” Çinin də başının üstünə qara buludlar vəd etməkdədir.

Çinin iqtisadi yüksəlişi ən böyük siyasi probleminə çevrilir

Müasir dünyada Çin dünya iqtisadiyyatının mühüm rıçaqlarına malik olması ilə də şöhrət tapıb. Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada Çin iqtisadiyyatı “özünə yer etməsin”, Çin istehsalına ehtiyac duyulmasın. Daha ucuz, sərfəli və əlçatanlığı ilə seçilən Çin istehsalı dünyanın dörd bir tərəfini “hasarlayır”. Bu isə dünyanın digər güclərini narahat etməyə bilməz. Çinin “məhsul klounlaşdırılması” istiqamətində əldə etdiyi uğur çox qısa zamanda Avropanın və bütövlükdə Qərbin ixrac potensialına öz mənfi təsirini göstərdi. Bu isə, qarşılıqlı mübarizəni daha da qızışdırmış oldu. Təsadüfi deyil ki, hələ 2020-ci ildə ABŞ və Çin arasında dərinləşməyə başlayan soyuq müharibəni III Dünya müharibəsinə keçid dövrü adlandırırdılar. Tanınmış amerikalı iqtisadçı Çefri Saks bu qarşıdurmanı dünya üçün koronavirusdan daha böyük bir təhlükə sayırdı. O bildirirdi ki, iki fövqəldövlət arasında ziddiyyət mövcud vəziyyəti daha da dərinləşdirəcək. Maraqlıdır ki, Columbia Universitetinin professoru iki ölkə arasında yaranmış düşmənçiliyə görə günahı ABŞ administrasiyasında görürdu. Çinin qlobal pandemiyadan öncə dünya iqtisadiyyatındakı rolunu dəyərləndirmək üçün isə kiçik statistikaya nəzər yetirsək, görərik ki, bu ölkə ABŞ-a 539 milyard dollarlıq mal və xidmət ixrac edirdi. Aradakı soyuqluq, sonrakı mərhələdə isə “sanksiya” sədalarının səslənməsi isə ortaya mümkün təhdidləri çıxardı. İki ölkənin ticarət dövriyyəsinə nəzər salsaq, məlum olur ki, Çin bu münaqişədən daha çox əziyyət çəkəcək. Amma 2019-cu ildə G20 (ən iri 20 ölkə) sammitində iqtisadi problemlərin və təhdidlərin fonunda Çin bir müddət öncə tərk etdiyi danışıqlar masasına qayıtmaqla öz iradəsini hər kəsə - rəqiblərinə belə nümayiş etdirdi.

Proseslərin son inkişfına diqqət yetirdikdə isə daha maraqlı və bir az da “ehtiyatlı davranış” mənzərəsinin formalaşdığını görürük. Hələ qış Olimpiya oyunları dövründə Rusiya liderinin Çin səfəri bu böyük dövlətin mövqeyinə müəyyən aydınlıq gətirmişdi:

- Çin Rusiyadan “hücum əmri”nin vaxtını uzatmaqla bağlı xahiş etməklə baş verənlərdən xəbərdar olduğunu ortaya qoyurdu.

 - Dövlət başçıları yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında birgə bəyanat qəbul etməklə yenidən fərqli qütbdə yer aldıqlarını bəyan edirdilər.

- Hər iki dövlət xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərmək, xarici qüvvələrin təhlükəsizliyi pozmağa yönəlmiş hərəkətlərinə qarşı çıxmaq, “rəngli inqilablar”a qarşı çıxmaq niyyətlərini bəyan edirdilər.

Bu “əməkdaşlığın” konturları bəlli olan kimi ABŞ özünün sanksiya anonsunu səsləndirdi. Birinci mərhələdə ABŞ-ın ticarət naziri Gina Raimondo Çin şirkətlərinə “barmaq silkələdi”. Amerikalı nazir bu şirkətlərin Rusiyaya qarşı sanksiyaları pozacağı halda onlara da məhdudiyyətin tətbiq ediləcəyini dilə gətirdi. Daha sonra isə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Çinə qarşı da sanksiyaları istisna etmədi. Bu iqtisadi gərginliyin fonunda müəyyən mənada geri çəkilən kimi görünən Çin cavab olaraq onun üçün ən vacib məqamı - Tayvan məsələsini gündəmə gətirdi. Belə ki, Pekin Tayvana silah tədarükünə görə ABŞ şirkətlərinə analo?i sanksiyalar tətbiq edəcəyini açıqladı.

Kiçik ehtiyatsızlıq “Tayvan ocağını” alışdıracaq

Artıq şərtlər tam dəyişib. Çin öz ətrafında yaratmağa çalışdığı “təhlükəsizlik adası” çəmbərini qoruya bilmir. Tayvan hədələri və təzyiqləri günü-gündən artır. Düzdür, Çin Rusiyaya açıq dəstək verməsə də, öz sükutunu qoruyur. Bu isə ona qarşı olan gücləri razı salmır. Məsələn, ABŞ Prezidenti Co Bayden Yaponiya səfəri çərçivəsində Baş nazir Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır. Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, Rusiyanın Ukraynanı işğal etməsindən sonra özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib. O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib. Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Baydenin bu açıqlaması yuxarıda qeyd etdiyimiz bir məsələyə cavabdır. Belə ki, fevral ayında Çin və Rusiya prezidentlərinin birgə bəyanatında hər iki dövlətin ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən “AUKUS” birliyinin yaradılmasından ciddi narahat olduqları vurğulanırdı. Rusiya və Çin ABŞ-ı Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırmışdı. Hər iki ölkə İkinci Dünya Müharibəsinin nəticələrinin toxunulmazlığını qətiyyətlə müdafiə etmək, tarixi təhrif etmək cəhdlərinə müqavimət göstərmək niyyətindədirlər. Burada isə həm tayvan, həm də Kuril məsələsi dolayısı ilə vurğulanır.

Göründüyü kimi, Çin rəhbərinin fevralda verdiyi bəyanatın cavabı may ayında məhz qonşuluğunda verildi. Daha doğrusu, Qərb şərqdə planlaşdırdığı “layihələr”in heç də yalnız Rusiyaya doğru yönəlmədiyini ortaya qoyur. AUKUS-un Yaponiyada toplanması, oraya Cənubi Koreya və Hindistanın da dəvət olunmasının isə iki səbəbi var:

- Çin kiminlə mübarizə aparacağını anlasın;

-Pekinə qarşı iddiası olanlar bu qrupa qoşula bilər.

Yaponiya toplantısına Hindistanın da cəlb edilməsi Pekinə növbəti mesajdır. Anti-Kreml koalisiyası Çini də Rusiya kimi mühasirəyə almaq üçün cənub xəttini “ələ keçirir”. Çinin hər hansı bir etirazı isə içindəki “Tayvan ocağını” alışdıracaq. Bu mənada rəsmi Pekin ən azından ya susqunluğunu qorumalıdır, ya da yeni bir silahlı qarşıdurmada eyni anda 6 ölkəyə qarşı vuruşmalıdır...

Paylaş:
Baxılıb: 307 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31