Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixin mühüm anında

Tarixin mühüm anında

25.05.2022 [13:51]

Yaxşı ki, Heydər Əliyev vardı...

Yaxşı ki, İlham Əliyev var!

Baş redaktor yazır...

Alqış HƏSƏNOĞLU

28 may - Müstəqillik Günü münasibətilə ABŞ Prezidentinin İlham Əliyevə göndərdiyi təbrik mətnindəki bir ifadə xüsusi diqqət tələb edir.

Tarixin mühüm anında...

Nəzərə alaq ki, məktubun özü də 21-ci yüzilin çox keşməkeşli   dönəmində, yaşadığımız dövrün çox mühüm bir anında yazılıb.

Hazırda təbrik məktubunun məzmununa   dair müxtəlif şərhlər verilir, geosiyasi, strateji tərcümələr edilir.

Bütün bu dəyərləndirmələrin fövqündə isə bir gerçəklik dayanır.

1-ci...

Cozef Baydenin təbiriylə desək, indi “Cənubi Qafqazın uzunmüddətli sülh quruculuğu prosesində” Azərbaycanın və İlham Əliyevin liderliyinə fövqəladə ehtiyac var.

Və o ehtiyacı qarşılamadan  regionda yaranmış  “vacib imkanlar”dan  ardıcıl  sülh və əməkdaşlıq naminə yararlanmaq mümkün olmaya, “ümid zamanı” qaçırıla bilər.

Müstəqil Azərbaycanın son 30 ildə şahidlik etdiyi tarixin bütün mühüm anlarında olduğu kimi…

İlham Əliyev bu gün təkcə ölkəsinin deyil, bölgəsinin və zamanının ən legitim lideridir.

Siyasət mümkün olanları - əl çatan, yaxın məsələləri müzakirə etməyi tələb edir.

Siyasətçinin əsas işi yaxın vəzifələri saf - çürük etmək, onların təsnifatını aparmaq, həllini gözləyən problemləri sıralamaqdır: 1-ci , 2-ci, 3-cü, 4-cü  və sair.

Konkret məsul şəxsin, ölkə rəhbərinin, prezidentin, liderin - 1-ci şəxsin vəzifəsi  1 nömrəli problemi çözməkdən ibarətdir.

Təbii ki, bu incəlikləri nəzərə almaq, bir-birindən fərqləndirmək hər kəsə müyəssər olmur.

Və bu səbəbdən də  hər dövlət rəhbəri  Heydər Əliyev, hər prezident də Müzəffər Ali Baş Komandan ola bilmir.

Bir qədər keçmişə qayıdaq.

Sovetlərin çöküşündən sonra - tarixin mühüm anında Azərbaycan rəhbərliyinin qarşısında bir nömrəli həlli vacib vəzifə dayanmışdı: elan edilmiş dövlət müstəqilliyinin dönməzliyinə təminat vermək.

Həmin ərəfədə bundan mühüm bir vəzifə yox idi.

Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibovun bu missiyanı yerinə yetirmək imkanları məhdud idi.

Üzləşdiyi faciəvi durumu eks-prezidentin özü müsahibələrinin birində belə qiymətləndirmişdi: “Allah heç kəsi mənim günümə salmasın”.

Əlbəttə ki, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəy Mütəllibovdan fərqli biriydi.

Mən onu ilk dəfə xaotik çıxışları ilə  tanıdım.

1989 - cu ilin payızıydı.

Onun Azadlıq meydanında keçirilən mitinqdə ölkənin xarici siyasəti ilə bağlı dediklərini olduğu kimi xatırlayıram: “70 il özgələr bizi yeyib dağıtdılar. İndi nə olar, bir az da özümüzünkülər gəlsin, nə istəyirlər eləsinlər...”

Normativ təfəkkürün xırdaca nişanəsi olmayan qarmaqarışıq bir nitq.

Əbülfəz Elçibəyi ikinci dəfə Bakı Dövlət Universitetinin akt zalında tələbələrlə görüşdə yaxından müşahidə edə bildim.

Həmin tədbirdə tələbələrdən birinin AXC liderinə verdiyi “Hakimiyyətə gəlsəniz, Qarabağ problemini necə həll edəcəksiniz?” sualına Əbülfəz bəy düşünmədən, həm də çox arxayınlıqla cavab verdi: “Çox asan, sərhədləri kəsəcəyik, erməni çapalaya-çapalaya məhv olacaq”.

Və o da dəqiq yadımdadır ki, bir sırada əyləşdiyimiz böyük türkoloq alim Tofiq Hacıyev özünü saxlaya bilməyib “adamın dünyadan xəbəri yoxmuş” deyə söylənmişdi.

Doğrusu, mən o zaman Tofiq müəllimin belə deməyinə bir qədər təəccüblənmişdim.

“Necə yəni, AXC lideri, prezidentliyə namizəd … dünyadan xəbəri olmaya bilər?”

Təəssüf ki, Əbülfəz Elçibəy prezident olduğu müddətdə də xaotik düşüncələrinin təsiri altında idi.

Ölkənin  birinci şəxsi  kimi onun qarşısında dayanan 1 nömrəli vəzifənin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkirdi.

Və elə hakimiyyətinin sonuna kimi “tarixin mühüm anı”nı  heç çür dəyərləndirə bilmədi.

Çünki AXC liderinin dövlət  idarəçiliyi haqqında təsəvvürləri  ziddiyyətli və minimum həddindəydi.

Təcrübəsiz prezident və onun ətrafındakı təcrübəsiz idarəetmə aparatı vəziyyəti daha acınacaqlı duruma gətirmişdi.

Həmişə istinad ediləcək bir hadisəni təkrar yada salmaq istərdim.

1993-cü ilin fevralında Bakıya qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün gələn Naxçıvan Ali Məclisinin sədri  Heydər Əliyev prezident Əbülfəz Elçibəylə söhbət edərkən idarəetmədə, dövlət siyasətində ciddi qüsurların olduğunu qeyd edir. Əbülfəz Elçibəy  isə "biz hakimiyyətə yenicə gəlmişik, hələ öyrənirik, təcrübə toplayırıq" deyir. Onda Heydər Əliyev Xalq Cəbhəsinin liderinə  bütün dövrlər və bütün siyasətçilər üçün dərslik  sayıla biləcək bir  məsləhət verir: "Öyrənmək yaxşıdır. Təcrübə toplamaqda davam edin. Amma yadınızda birdəfəlik saxlayın. Xalq heç bir halda təcrübə materialı kimi istifadə oluna bilməz".

Təəssüf ki, 1991-1993-cü illər ərzində Azərbaycan məhz elə təcrübə materialına çevrilmişdi. Kim necə, nə vaxt bacarırdı sınaqdan keçirirdi.

Uğursuz təcrübələrə yalnız 1993-cü il iyunun 15-də  Heydər  Əliyevin hakimiyyətə qayıdışı  ilə son qoyuldu.

Vurğulamaq yerinə düşər ki, müasir Azərbaycan Respublikası üç  sütunun üzərində bərqərardır:

15 iyun 1993-cü il, 20 sentyabr 1994-cü il və 2003-cü ilin prezident seçkisi.

Heydər Əliyevin qurtuluşçuluq missiyası bir günlə, bir illə yekunlaşmadı, bir neçə ili əhatə etdi.

Heydər Əliyev 1918-1920-ci illərdə nakam və yarımçıq  qalmış bir prosesi  tamamladı. O, 73 il sonra yenidən Azərbaycan adlı coğrafiyaya  qayıtmış siyasi məzmunu dövlətçilik məzmunu ilə zənginləşdirib müstəqilliyimizin dönməzliyini təmin etdi.

Dahi öndərimiz 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı siyasi vəsiyyətnamədə deyirdi: "İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik".

“1993-cü ildə xalqın tələbi ilə Əbülfəz Elçibəy Heydər Əliyevi hakimiyyətə dəvət etdi” deyimi ciddi redaktə olunmalıdır. Heydər Əliyevi hansı hakimiyyətə dəvət etmişdilər?

1993-cü ili iyun günlərində Azərbaycanda dövlət, hakimiyyyət adına heç bir əlamət mövcud deyildi.

Azərbaycan dövləti  çilik-çilik,  cəmiyyət parça-tikə olmuşdu.

Heydər Əliyev belə bir şəraitdə, yoxdan, quru yerdə müasir Azərbaycan dövlətinin əsaslarını yaratdı-Azərbaycan xalqı, tarixi qarşısında dayanan bir nömrəli vəzifəni yerinə yetirdi...

Missiya davam edir.

Heydər Əliyevin başlatdığı qurtuluşçuluq missiyasını davam etdirmək İlham Əliyev üçün heç də asan olmadı.

Zaman-zaman haqsızlıqlarla üzləşdi.

Onu haqlı, prinsipial mövqeyindən çəkindirmək üçün erməni lobbisinin təsiri ilə fəaliyyət göstərən  dairələr  boş  dayanmırdılar. Hücumlar səngimirdi.

Bir neçə il əvvəl bu barədə yazmışdım: hədəf eynidir - Cənubi Qafqazın neft və  lider ölkəsindəki sabitlik və həmin sabitliyi təmin etməyi bacarmış lider.

 Ardıcıl ideoloji-siyasi basqılar həyata keçirilir.

Rəngli və parıltılı adlarla: insan haqları, fundamental azadlıqlar, seçki saxtakarlığı və s.

Bir qayda olaraq, hər seçki prosesindən sonra ATƏT-in verdiyi bəyanat müşahidəçi qənaətindən daha çox ideoloji-siyasi diversiyaya oxşayır: “Hökumət  xalqın dinc yolla hakimiyyəti dəyişdirmək şansını əlindən alır”.

Özü də xalqın adından danışılır. Bu səlahiyyəti  kim verib?

Dinc yolun alternativi nədir?    

Şərh verməyə nə lüzum...

Xaos, yeni ərazi itkiləri, zəiflədilmiş hakimiyyət və Qarabağın de-yure təhvil-təslimi. Bu, erməni adıyla kodlaşdırılmış düşmənin  perspektiv  və strateji  istəyidir.

Əhali ilə dövlət təsisatları  arasında inamsızlıq səddi hörülür...

Rüşvət və korrupsiya ittihamları büdcə oğurluğuna etiraz nidası kimi səslənə bilər. Ancaq ilk baxışda…

Mövzu  büdcəmizə uzanan əyri əlləri kəsmək  üçün  tirajlanmır.

Bu,  dövlətə qarşı ikrah aşılamağın ən təsirli vasitələrindən biridir.

Yəni sənə məxsus  pul, bir mühacirin ləhcəsiylə desək, “çəmədanlarda” xaricə daşınır…

Ölkəni lidersizləşdirmək üçün cəhdlər dayanmır .

Azərbaycan kimi mürəkkəb vəziyyətdə olan bir ölkəyə sıradan bir prezident yox, bütün davranışlarıyla  ölkəsini və xalqını təmsil edə  və yönləndirə bilən lider-dövlət başçısı gərəkir.

Avropadan başladılmış və davam edən  söyüş, təhqir kampaniyası ölkənin ictimai-siyasi inanclarını sıradan çıxarmağa hesablanıb.

Heydər  Əliyev Azərbaycanın dövlətçilik və siyasi inancıdır.

Siyasi inancından məhrum olunmuş  xalqın milli dövləti olmaz, dövlətçiliyi rəqabət imkanlarını yerli-dibli  itirər.

Bir neçə il əvvəl Böyük Britaniya kral ailəsinin yeni üzvü - Şahzadə Vilyamın oğlan övladı dünyaya gəlmişdi. Müttəfiq dövlətlər Kraliçanı və ölkənin baş nazirini təbrik edirdilər. Təbrik mətnlərində yeni doğulan körpə regionda sabitliyin və rifahın rəhni kimi dəyərləndirilirdi.

Körpə gələcəkdə hansı fiziki və əqli göstəricilərə sahib olacaq, hələ bilinmir. Krallıq  növbəsi ona yetişəcəkmi? Demək çətindir. Kimsəni  ilgiləndirməz. Bu, bir dövlətçilik ənənəsidir. Kimsənin  “bu ki adi uşaq əyləncəsidir” deməyə  haqqı çatmaz. Və hər kəsdən bu ənənəyə sayğı tələb olunur…

Heydər Əlirza oğlunun soyadı Azərbaycanın siyasi etiketidir.

Heydər Əliyev - milli dəyərdir…

Milli maraqlar hər növ  idarəçilik normasının, istənilən konstitusiyanın və  digər ali qanununların fövqündə dayanır…

Əliyev soyadı prezidenti aşkar və gizli  hücumlara məruz qoyur.

Bəli, İlham Əliyevi sevməyənlər var...

Neçə nəfərdirlər: bir, iki, üç, on, yüz,min?

Say üzərində   baş sındırmağa ehtiyac - filan yox.

Çünki…

Azərbaycan Prezidenti və  onun simasındakı Azərbaycana bəslənilən   antipatiyanı (dəxli yoxdur, daxili, ya da  xarici) doğuran səbəblər  antimilli və anti-əliyevçi statistikanı heçə endirir.

O səbəblər ki, Azərbaycanın və onun  liderinin tənqidçilərinə səxavətlə  qucaq açan  tribunanı (və ya tribunaları) Azərbaycan Prezidentinin liderliyini, alternativsizliyini və legitimliyini təbliğ , həm də təlqin edən xitabət kürsüsünə çevirir.

Səbəblər hansılardır…

Birinci:

Azərbaycan Prezidenti diktəyə  qarşı barışmazdır.

O, hər addımda müstəqil ölkənin müstəqil Prezidenti olduğunu nümayiş və sübut edir...

İlham Əliyevlə təzyiqlə danışmağın faydası yoxdur və nəticəsi olmaz.

İkinci:

 Azərbaycanın siyasi səhnəsi İlham Əliyevin şəriksiz nüfuzu və təsiri altındadır.

İlham Əliyev faktoru  ictimai - siyasi fəaliyyət sahəsini, sanki, əlçatmaz  və keçilməz  zolağa çevirib.

Prezidentin özündən asılı olmayaraq.

Üçüncü:

İlham Əliyev  yerli və əcnəbi həvəskarlara Azərbaycan xalqından təcrübə materialı kimi istifadə etmək şansı vermir .

Dördüncü:

 Ölkə və onun ərazisi qonşulara qarşı heç bir prosesdə iştirak etmir. Birmənalı şəkildə.

“Nazik sap üzərində yürüdülən xətt” (ifadə Heydər Əliyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham Əliyev praktik məzmun gətirib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”

Beşinci:

 Soyuqqanlı məntiq və kompromissiz mövqe.

Müstəqillik - qarşılıqlı asılılıq deməkdir...

Söhbət ölkənin müstəqilliyindən və  ərazi bütövlüyündən gedirsə, Prezidentin qətiyyəti  hətta  siyasi konyukturdan kənara çıxır.

O, Azərbaycanın müstəqilliyini  yalnız “qarşılıqlı asılılıq” əsasında “güzəşt”ə gedə bilər...

21-ci əsrin qlobal  qayğıları məhz bu modeli  tələb edir: milli  müstəqil dövlətçilik yalnız  qarşılıqlı faydalı  asılılıq (əməkdaşlıq) mühitində yaşaya və inkişaf edə bilər....

Prezidentə  və onun ölkəsinə yönəlmiş   hücumun  səbəbləri Azərbaycanın  uğur modelini  təmin edən şərtlərdən zərrə qədər  fərqlənmir...

İlham Əliyev bu gün 1 nömrəli vəzifənin öhdəsindən gəlməyi bacardı.

Özünün dediyi kimi, ləyaqətli mübarizənin nəticəsində.

Respublikanın ərazi bütövlüyü təmin edilib…

Hazırda Azərbaycan Prezidenti iki 1 nömrəli missiyanın icrasıyla məşğuldur.

Qələbəni regional hərəkata çevirmək və dövlətini, xalqını az itki və maksimum nəticəylə növbəti mərhələyə daşımaq.

Proses uğurla idarə olunur.

Tarixdən kənarda qalmaq istəməyənlər bu prosesə qoşulmaq üçün qeyd-şərtsiz  tələsməlidirlər.

Elə məktubun təlqin etdiyi bir çağırış da məhz bu yöndədir.

Təbrik məktubundakı  2 ci mühüm məqam Qərbin, Amerikanın postsovet məkanına yanaşmasıyla bağlıdır.

Amerika Cənubi Qafqaza, o cümlədən digər regionlarda postsovet respublikalarına qarşı sərgilədiyi ənənəvi siyasətin yanlış olduğunun fərqindədir.

Söhbət hansı yanlışlardan gedir?

Adətən postsovet məkanı  Amerikanın, Qərbin siyasi-iqtisadi-hərbi maraqlarını təmin edən əlverişli platsdarm kimi dəyərləndirilir. Milli dövlətçilik institularının taleyi isə ABŞ-ı və Qərbi narahat etməz… Qərbin “öz adamı” hesab etdiyi şəxslərlə rəftarı da ziddiyətlidir. Ortada Saakaşvili nümunəsi var. Bir müddət cəlayi-vətən olan sabiq prezident hazırda həbsdədir. Demokratikləşdirdiyi, rüşvətin kökünü kəsdiyi ölkəsində yaşamaq ona yasaq edilib. Aqibəti nə olacaq? Demək çətindir…

ABŞ  bu yanaşmaya yenidən baxmağın vacibliyini dərk etməkdədir.

Necə deyərlər, ziyanın - ukraynanın yarısından qayıtmaq da savabdır.

Nəhayət, Baydenin təbrik mətnindən hasil olunan üçüncü qənaət...

Belə anlaşılır ki, ABŞ artıq sözdən əmələ keçmək qərarını verib.

İlham Əliyevin “indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə, sabitliyə, sadiqlik nümayiş etdirmıyin zamanıdır” çağırışına okeanın o tayından gələn məktubda xüsusi diqqət göstərilir: “İndi Cənubi Qafqazda uzunmüddətli sülhə ümid etmək üçün vacib imkanlar yaranıb”.

İlham Əliyevin liderliyində ehtiva olunan üç qızıl norma növbəti sınaqdan da uğurla keçir:

- Sən lidersənsə, sənə güvənməlidirlər;

- Sən lidersənsə, səninlə hesablaşmalıdırlar;

- Sən lidersənsə, özünü vəziyyətdən asılı durama salmamalısan.

Bu qaydalar bir-birini tamamlayan, bir-birinin davamına çevrilən əvəzolunmaz prinsiplərdir.

Bu gün İlham Əliyevə güvənirlər, onunla hesablaşırlar, çünki o özünü və ölkəsini situasiyadan asılı hala salmır.

Azərbaycan Prezidenti tarixin mühüm anında  situasiyanı yaradır və istiqamətləndirir.

Ötən günləri xatırlayanda deyirik: nə yaxşı ki, Heydər Əliyev vardı.

Bu gün eyni ahənglə deyə bilirik: nə yaxşı ki, İlham Əliyev var.

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31