Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qadınların tatu marağı: Gözəllik, yoxsa xəstəlik?

Qadınların tatu marağı: Gözəllik, yoxsa xəstəlik?

07.07.2022 [10:55]

Yüz ölçüb, bir biçmək lazımdır!

Yeganə BAYRAMOVA

Son zamanlar Azərbaycanda döymə (tatu) sənətinə maraq artıb. Bunu görmək üçün ətrafımıza, xüsusilə gənclərə diqqət etmək kifayətdir. Təəssüf ki, gənclər özlərini ifadə etmək üçün tatulara üstünlük versələr də, bunun tibbi baxımdan yaradacağı fəsadları düşünmürlər. Dəhşətlisi odur ki, tatu dəri xərçəngi yaradır. Bundan başqa, qadın bədəninə döymə etdirərsə, onun gələcəkdə dünyaya gətirəcəyi körpəsinin inkişafına mənfi təsir edə və anormallığa səbəb ola bilər. Bədənə döymə vurdurmaq bəziləri üçün müasirlik göstəricisi, bəziləri üçün isə özünütəsdiq vasitəsidir. Bəziləri düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da, allergik narahatlıqlara, ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərin keçməsinə səbəb ola bilir.

Tatunun tarixi

Tatunun tarixi kökləri qədim Misirə gedib çıxır. Araşdırmaçılar tatunun o dövrün kölələrinə vurulduğunu iddia edir. Xristianlıq incəsənətin bu növünü qadağan etsə də, Qədim Roma və Yunanıstanda məhbuslara, kölələrə, günahkarlara tatu vurulurdu. Buna baxmayaraq, bəzi xristianlar bədənlərində İsanın simasını, xaçı əks etdirən tatular gəzdirirdilər. Bundan başqa, qədim Hindistanda, Afrikanın müxtəlif bölgələrində tatudan mənfi enerjidən, pis ruhlardan qurtulmaq üçün istifadə olunurdu. Eləcə də, müxtəlif soylar, nəsillər öz nümayəndələrinə tatu vurmaqla hansı qəbiləyə aid olduqlarını bədənlərinə həkk edirdilər. Əhalinin hansı qrupa, hansı təbəqəyə aid olduğunu müəyyən etmək üçün də qədim tatulardan istifadə olunurdu.

Tatunun qayıdışı

Tatu sözü Taita dilində “tatau” sözündən götürülüb, mənası “insan bədənində yazı” deməkdir. Bu sözü Avropaya ilk dəfə Ceyms Kuk gətirib. Əsrlər ötdükcə döymə sənəti öz aktuallığını itirmişdi. Avropanın unutduğu tatunu amerikalılar yenidən gündəmə gətirdi. Əsasən, dənizçilər arasında geniş yayılan tatu o dövrlərdə insanların vətənpərvərliyini, dini inancını, romantik məhəbbətini əks etdirirdi. Lakin gigiyenik normalar gözlənilmədiyinə görə lisenziyasız döymə uzun müddət qadağa olundu.

Tatu harada istifadə olunur?

- Kriminal dairələrdə (rütbə, ləqəb və.s.)

- Xüsusi Xidmət orqanları tərəfindən cinayətkarın axtarışı zamanı

- Çox nadir hallarda ölülərin tanınması üçün

- Yeniyetmə və gənclər arasında özünü ifadəetmə

- Tatu “Body Art”dır, yəni Avanqard İncəsənətin bir növüdür

Tatu və Tibb

ABŞ-da və Avropanın bir çox ölkələrində döymələrdə istifadə olunan maddələrin 40 faizdən çoxunun tibbi cəhətdən qadağan olunduğu ortaya çıxıb. Qeyri-peşəkar şəxslər tərəfindən edilən döymələrdə, əsasən, avtomobil boyaları, printer mürəkkəbləri kimi kimyəvi maddələrdən istifadə edilir ki, bu da dəridə ağır dərəcəli yanıqların və toksiki dermatozun və kelloid xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Düzgün edilməyən tatuaj insanı əlindən, ayağından edə bilər. Şüursuz şəkildə edilən bu əməliyyat gen mutasiyalarına, hamilə qadınların və onların bətnindəki körpələrin anomaliyalarına, xərçəng xəstəliyinə və bir çox biokimyəvi reaksiyalara səbəb olur. Metal tərkibli döymələr MRT müayinəsi zamanı şiddətli ağrılar törədir.

Müxtəlif dini inanclarda tatu

Yəhudilər birmənali olaraq tatuya icazə vermirlər, əsas olaraq isə dini inanclarını səbəb gətirirlər. Onlar bu məntiqlə deyir ki, Allah insanı mükəmməl yaradıb, insan bədənində dəyişiklik etmək olmaz, hətta yaxşılığa olsa belə dəyişiklik yəhudilərdə icazəli deyil. Xristianlıqda Tatuya münasibət birmənalı deyil, bəzi təriqətlər icazəli, bəziləri isə olmaz deyir. Katolik kilsə birmənalı olaraq icazə verir, hətta rəsmi olaraq qəbul etdikləri tatular vardır ki, xaç forması, kilsə forması. Pravoslav kilsə qanunlarında tatunu rədd edən və ya icazə verməyən qanun yoxdur, amma buna baxmayaraq bəzi Bibliya sətirlərini misal çəkərək bu işdən çəkindirirlər. İslamda tatu birmənalı qarşılanmır, bəzi təriqətlər haram, bəziləri isə icazəlidir deyir.

Kosmetoloq Tamilla Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, tatuların silinməsi üçün müraciət edən pasiyentlərin sayı yetərincə çoxdur və bu pasiyentlər arasında qadınlar da üstünlük təşkil edir: “Bəzən olur ki, uğursuz iş alındığı üçün tatunu sildirmək istəyirlər. Lakin pasiyentlərim arasında sağlamlıqları üçün döyməni sildirmək istəyənlər də çoxdur. Ümumiyyətlə, tatunun insan bədənində mənfi təsirləri, xüsusilə dəri xərçəngi, infeksiya kimi xoşagəlməz nəticələri olur. Hətta tatu etdirən insanların tibbi olaraq kiməsə qan verməsi də mümkün deyil. Ona görə də insanlar, xüsusilə gənclər tatu barədə düşünməzdən öncə bunun sağlamlığa vurduğu ziyanları göz önünə gətirsələr, yaxşı olar. Düzdür, müasir kosmetologiyada tatunun silinməsi proseduru geniş yayılıb, bəzi kosmetoloqlar üçün tatunu silmək onlara sərf edir, çünki əlavə müştərilərdir. Əlbəttə, biz də müraciət edən şəxslərə tatu silmə prosedurunu edirik, ancaq xanımları bu sahədə maarifləndirməyimiz lazımdır. İşin maddi tərəfini yox, mənəvi və sağlamlıq tərəfini ön plana çəkmək bir həkim kimi əsas borcumuz olmalıdır”.

Professor -həkim Adil Qeybullanın sözlərinə görə, tatu etdirərkən müxtəlif xəstəliklərə yoluxma riski böyükdür: “Tatu edərkən steril qaydaların nə dərəcədə gözlənilməsi tatunu edən şəxsin peşəkarlıq səviyyəsindən, təhsil və elmindən, bu məsələ ilə bağlı nə dərəcədə bilgili olmasından asılıdır. Gigiyenik qaydaların pozulması müştərinin ağır xəstəliklərə yoluxmasına gətirib çıxara bilər. Bu gün xanımların tatulara üstünlük verdiyi bir həqiqətdir. Təəssüf ki, istər manikür-pedikür, istər tatu və digər kosmetoloji prosedurlar zamanı steril qaydalara riayət edilmir və nəticədə çox ciddi virusların, infeksiyaların yaranması baş verir”.

A.Qeybulla tatu edən zaman xəstəliklərin necə yayılmasından da danışdı: “Praktika belədir ki, iynəni hər hansı qabda olan boyaya batırırlar, proses bitdikdən sonra boyanın artığını qaba qaytarırlar. Təsəvvür edin ki, əgər bu iynə ilə bir xəstə adama döymə edilibsə, onun qanı istifadə olunan boyaya qarışıbsa, həmin qalan məhsul ümumi boyanın içinə töküldükdə artıq digər müştərilərin də həmin virusa yoluxma təhlükəsi yaranır. Bəzən insanlarda Hepatit C aşkarlanır, ancaq tapa bilmir ki, buna necə yoluxub. Tatu etdirənlər, xüsusilə xanımlar diqqətli olmalıdırlar”.

Tatunun ümumilikdə ziyanına gəldikdə isə həkim bildirdi ki, döymələr dərinin derma qatında qaldığına görə uzun müddət pozulmur: “Epidermis qatına döymə edilərsə, bu qat mütəmadi təzələndiyi üçün döymə də itib gedir. Ancaq dermaya hopdurulan boyalar uzun müddət, hətta ömür boyu qalır. Burada boyaların keyfiyyət məsələsi də var. Keyfiyyətli və orqanizm üçün nisbətən zərərsiz olan boyalar da var ki, bir çox sınaqlardan keçiblər. Bir də 3-cü dərəcəli ölkələrdən gələn keyfiyyətsiz boyalar da var. Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. Maqnit sahəsinə münasibətdə orqanizmin bioenerjisinin pozulması, müxtəlif nevroloji halların ortaya çıxması kimi hallar yarada bilir.

Yüksək gərginlikli elektrik naqilləri arasında yaranmış zonadan bədənində rəngli tatu olan adam keçdikdə bədənində mütləq müəyyən  dəyişikliklər əmələ gəlir. Bu hal sübuta yetirilib. Yəni tatu heç bir halda zərərsiz deyil, zəruri olmadığı halda bunu etmək doğru sayılmır. Hazırda yapışqan şəklində olan müvəqqəti döymələr də var. Onlar bir müddət qalır və sonradan silinir. Yəni onların dərinin altına yeridilməsinə lüzum yoxdur. Lakin insanların, xüsusilə də qadınların sosial aləmdə rolu genişləndikcə, şou-biznes və digər sahələr vüsət aldıqca bu cür prosedurlara da ehtiyac yaranır. Təbii ki, bundan biznes məqsədi ilə, korporativ maraqlarla istifadə olunur”.

A.Qeybulla vurğulayıb ki, tatunun silinməsi də zərərli və ağrılı bir prosesdir: “Dərinin derma qatının üst qatı yandırılır. Onu lazerlə xüsusi üsulla yandırır və tatunu silirlər. Ancaq burada da sonradan çapıq əmələ gəlir.  Tatunu tam izsiz şəkildə silmək mümkün deyil. Daimi tatu etdirən xanımlar bunu nəzərə almalıdır ki, sonradan onu izsiz bir şəkildə silmək mümkün deyil. Bu çox ağrılı bir prosedurdur. Ona görə də tatu etdirərkən yüz ölçüb, bir biçmək lazımdır”.

Tatu ustası Ülvi Əbilovun sözlərinə görə, əvvəlki illərdə Avropa ölkələrindən uzaq idik və gediş-gəliş az olurdu deyə ölkəmizdəki xanımlar tatularını göstərməyə utanırdılar. İndi isə belə hal yoxdur deyə, tatu etdirən xanımların çoxaldığnı düşünürük: “Ancaq heç bir çoxalma yoxdur. Çünki əvvəlki illərdə də tatuya maraq göstərən və bunu tətbiq edən xanımlar çox idi.

Gündə 10 nəfər xanım tatu üçün müraciət etsə, o qədər də yorulmuruq. Xanımlar, adətən kiçik ölçülü tatulara üstünlük verirlər. Fəsadlara gəldikdə isə təbii ki, orijinal boya işlədilməzsə, hər cür problemlər ola bilər. Çox adam iynəni steril edir, amma bu düzgün deyil. İynə steril olan bir vasitə deyil. Tatuda aparatdan başqa hər bir ləvazimat yenidir, istər iynələr, istər boyalar və digər vasitələr. Qaydalara riayət etdikdən sonra infeksiya keçə bilməz. Lakin əli harasa vurduqdan sonra dəriyə təmas olduqda fəsadların baş verməsi mümkündür”.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30