Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dörd modul üzrə peşə kompetensiyaları

Dörd modul üzrə peşə kompetensiyaları

10.08.2022 [10:49]

Təhsil əmək bazarına yaxınlaşdırılır

MÜBARİZ

Müasir dövr informasiya mühitinin, texnoloji yeniliklərin, innovasiyaların inkişafda rolunun artması ilə səciyyələnir. Həyatımızı bu kimi müasir komponentlərdən kənarda təsəvvür edə bilmərik. Lakin internetin əhatə dairəsinin genişlənməsi, məlumatları ötürmək və almaq imkanlarının artması informasiya təhlükəsizliyinin təmin olunmasının aktuallığını da artırıb. Çox doğru olaraq bu gün informasiya təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin çox mühüm tərkib hissəsi kimi dəyərləndirilir.

Hüquqi əsaslar

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları həyatın bütün sahələrinə geniş nüfuz edib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, bu gün respublikamızda əhalinin 80 faizdən çoxunun internetə çıxış imkanı var. Belə geniş və sərbəst məlumat almaq mühitinə malik olan Azərbaycanda, eyni zamanda, informasiya təhlükəsizliyinin təmin olunması dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu, həm də o amillə şərtlənir ki, respublikamız üç onillik ərzində ərazilərimizin iyirmi faizdən çoxunu işğal altında saxlayan, 44 günlük Vətən müharibəsində isə acı məğlubiyyətlə üzləşən, kapitulyasiyaya məruz qalan mənfur düşmənin informasiya təxribatları ilə üz-üzədir. Məğlub ölkədə, həmçinin dünyadakı erməni lobbisi tərəfindən müntəzəm qaydada respublikamıza qarşı haker hücumları təşkil olunur və dezinformasiyalar yayılır. Bütün bu kimi təxribatların qarşısını almaq və ölkənin möhkəm informasiya təhlükəsizliyini təmin etməkdən ötrü respublikamızda həm infrastrukturun təkmilləşdirilməsi, mühafizə sistemlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, həm də hüquqi baza möhkəmləndirilir. İndiyədək respublikamızda informasiya resurslarına, idarəetmə qurumlarına və digər strukturlara kiber hücumların qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin maddələri təkmilləşdirilib, eyni zamanda, dövlət sirlərinin qorunması ilə bağlı qanunlara müvafiq dəyişikliklər edilib.

Ölkəmizdə 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” ayrıca Qanun qəbul edilib. Prezident İlham Əliyev 26 sentyabr 2012-ci il tarixində “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərman imzalayıb. Belə bir sənədin imzalanması ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi daşıyır. Dövlət başçısının 27 aprel 2018-ci il tarixində imzaladığı Sərəncamla isə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni qurum - İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb. Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirlər ilə bağlı müntəzəm təhlillər aparılmasını, təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin edir. Bundan başqa, komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks-tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsini və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialın gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edir.

Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla

Meydana çıxan çağırışlar fonunda, həmçinin təhsil sahəsində də adekvat tədbirlərin görülməsi zərurəti yaranıb. Elm və Təhsil Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.

Proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb.

Yeni ixtisas fənləri

Yeni təhsil proqramı dörd modul - informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur.

Məlumatda vurğulanır ki, texnoloji yeniliklər nəzərə alınmaqla, proqrama “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” və s. bu kimi yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları” fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub.

Ustad dərsləri

Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq.

Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə birgə fəaliyyət perspektivləri nəzərdə tutulub.

Bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31