Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev siyasətinin, İlham Əliyev qətiyyətinin və müdrikliyinin təntənəsidir

Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev siyasətinin, İlham Əliyev qətiyyətinin və müdrikliyinin təntənəsidir

02.09.2022 [12:52]

Bəşəri kamilləşmənin ən yüksək zirvəsinə ucalmış Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür.

  Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir və Heydər Əliyev adı şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

     Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə ucalmışdır.

     Belə ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox ağır ictimai-siyasi vəziyyət hökm sürür, sosial-iqtisadi böhran hər gün daha da dərinləşirdi. Həmin illərdə blokada şəraitində yaşayan Naxçıvan taleyin ümidinə buraxılmışdı. Məhz buna görə də 1990-cı ilin iyulunda Ulu Öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı. Bu tarixi hadisə Azərbaycanın nicatının, Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu.

      Keçmiş SSRİ miqyasında və Azərbaycan Respublikasında çoxcəhətli rəhbərlik fəaliyyəti ilə böyük dövlət xadimi kimi qəbul olunmuş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə oldu və bu gün Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.

     Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi  nə qədər  mürəkkəb bir dövrə  təsadüf etsə də, həmin  illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır.  Prezident  İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün  tarixi qərarlar qəbul edilmişdir. O vaxt Naxçıvanın adı dəyişdirilmiş,  Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmışdır. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilərək, Azərbaycan dövlətinin  bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bütün bu addımlar  sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirmişdir.

    Yeri gəlmişkən, həmin dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul olundu.  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də bu birliyin  və həmrəyliyin rolu inkaredilməzdir.  Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal ətrafında sıx birlik tələbi ilə çağırış etdi vı bununla da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.

     Eyni zamanda həmin vaxt xalqını, vətənini sevən ziyalıların Heydər Əliyev işığına toplaşması ilə 1992-ci il noyabrın 21-də müasir müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirdi, cəmiyyətin avanqard qüvvəsinə çevrildi.  Məhz həmin vaxtdan Müstəqil Azərbaycan Respublikasının əsası Yeni Azərbaycan Partiyasının möhkəm özülləri üzərində qoyuldu. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” ifadəsi sözün əsil mənasında reallığa çevrildi.  Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası bu il 30 illik yubileyini qeyd edəcək və  bu tarixi yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, ümumxalq partiyası olan  Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

    Qeyd edək ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, həmin illərdə ölkədə hakimiyyətdə olanların idarəçilikdən xəbərsiz olmaları, bacarıqsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.  Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla davam etdirildi. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Qürür və iftixar hissi ilə qeyd edə bilərik ki, bu günkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan dünya miqyasında öz sözünü deyir və yeni reallıqlar yaradır. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir  və bu gün Azərbaycan Heydər Əliyev  yolu ilə inamla irəliləyir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurla yeni-yeni nailiyyətlərlə, daha xoşbəxt gələcəyə aparır. Bu gün Azərbaycan çox mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, güclü idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Ölkəmiz dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır.

     Bütün bu nailiyyətlərin təməlində Ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurlu davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və  müdrikliyi dayanır.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri     

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30