Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində...

Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində...

22.09.2022 [10:25]

Keçirilən görüşlərdə Ermənistanın təxribatları haqda məlumatlar verilib

N.BAYRAMLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti  Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak edir. Sessiya çərçivəsində nazir bir sıra görüşlər keçirib. Belə ki, Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir   BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Ceyhun Bayramov BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında da iştirak edib. Şuranın iclasına, həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba qatılıb. Ceyhun Bayramov iclas zamanı çıxış edərək ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirləri bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib.

Nazir, postmünaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb. Üçtərəfli Bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xətlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğu bildirilib. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb.

Nazir, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu bildirilib. Nazir Ceyhun Bayramov çıxışının sonunda Ukraynanın 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib.

İclas zamanı habelə digər ölkələrin xarici işlər nazirləri və Baş katib Altay Əfəndiyev çıxış edərək təşkilat çərçivəsində mövqelər və prioritetlər barədə iştirakçıları məlumatlandırıblar.

İclas zamanı, üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqında Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM Konvensiyası”nı imzalayıblar.

Bundan əlavə, xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb. Tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barədə fikir mübadiləsi aparıblar. Nazir, Azərbaycanla AŞ arasında əməkdaşlığın vacib olduğunu, ölkəmizin ehtiyacları əsasında işlənib hazırlanmış və ümumi əməkdaşlıq çərçivəsini təşkil edən 2022-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə işlərin davam etdiyini bildirib. Ceyhun Bayramov  bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib. Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı minaların ərazilərimizdə yerləşdirilməsindən bəhs edib. Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.

Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində Azərbaycana səfərini məmnunluqla xatırlayıb. AŞ ilə Azərbaycan arasında Fəaliyyət Planının tərəflər arasında prioritetləri müəyyənləşdirdiyini və onların icrasının əhəmiyyətini diqqətə çatdırıb. Bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normallaşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub.

Azərbaycanın xarici işlər nazirinin növbəti görüşü isə ATƏT-in Baş katibi Helqa Şmit ilə olub. C.Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu xüsusda cari post-münaqişə dövründə ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq proqramının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanın ATƏT çərçivəsində ənənəvi olaraq bir sıra destruktiv fəaliyyətini qeyd edib. C.Bayramov ATƏT-in Baş katibinə Ermənistanın bölgədə həyata keçirdiyi son genişmiqyaslı təxribatlar və cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verib.

ATƏT Baş katibi Helqa Şmit öz növbəsində son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş- sağlığı diləklərini çatdırıb. Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində nazir Ceyhun Bayramov Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu, finlandiyalı həmkarı Pekka Haavisto və digərləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər və beynəlxalq mövzularda müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30