Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xəzər (necə) təmizlənir?

Xəzər (necə) təmizlənir?

29.09.2022 [10:44]

MÜŞFİQƏ

Ötən sayımızda “Okeanlar necə təmizlənir?” materialında Xəzər dənizinin təmizlənməsi ilə bağlı araşdırma edəcəyimizi bildirmişdik. Əvvəlcə, Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin çirklənmə mənbələrini öyrənək.

Xəzərimiz neçə çirklənir?

Xəzər gölünün çirklənməsindən danışarkən unutmamalıyıq ki, hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır. Xəzər yeganə dənizdir ki, nərə balıqlarının 95%-i burada cəmləşib.

Xəzər dənizinin bir neçə istiqamətdən çirkləndiyini deyə bilərik. Belə ki, Xəzərə daxil olan tullantı sularının 60%-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur.

Bundan başqa, karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, eləcə də məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. Xəzərimizi çirkləndirən səbəblərin başında gəlir.

Biz artıq Xəzərin çirklənməsinin dünya miqyaslı problemə çevrildiyinin şahidiyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsində yerləşir.

Xəzəri hansı qurum təmizləməlidir?

Xəzər dənizinə tökülən 128 axar vasitəsilə gündə 1 850 min kubmetr tullantı atılır. Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığı üçün tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Nəticədə ekoloji vəziyyət pisləşir.

Sözsüz ki, Xəzər dənizin çirklənməsində təkcə Azərbaycan rol oynamır. Xəzər regional dənizdir, 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar da səbəb olur.

Təəssüf ki, Bakı şəhəri, Abşeron yarımadasında çox böyük faizdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil. Təmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, olanlar da normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Abşeron yarımadasından Xəzər dənizinə gündə təxminən 1 milyon kubmetr çirkli su axır.

Təmizlik işlərinə cavabdeh qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Biz bilirik ki, ETSN, bir qayda olaraq, hər il Xəzər dənizinin sahillərində kütləvi iməciliklər və onun sintetik torlardan təmizlənməsi məqsədilə reydlər keçirir. Bəs, Xəzər dənizinin dibi? Dibi neft, qaz və başqa xammal ehtiyatları ilə zəngin olan Xəzərin təmizliyi necə aparılır?

Mövzu ilə bağlı sözügedən qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İradə İbrahimova qəzetimizə açıqlamasında ETSN-nin bu xidməti yerinə yetirmədiyini bildirdi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev isə məsələyə belə aydınlıq gətirməyə çalışdı: “Bizim qurumun əsas işi yük daşımadır. Biz, sadəcə, dənizin təmizlənmə məsələsi ilə bağlı köməklik göstərməyə çalışırıq. Gəminin üzmə qabiliyyəti hara qədərdisə, oraya yaxınlaşır və təmizlik işləri aparırıq. Məlum məsələdir ki, dərin olmayan əraziyə gəmi daxil ola bilməz. Əks halda altı torpağa batar”.

Qurum rəsmisi hazırda Bakı Buxtasının ərazisində təmizləmə işlərinin də aparıldığını bildirib.

Biz bilirik ki, sözügedən yerdə uzun müddətdir ki, dənizin suyunda azalma müşahidə olunur və orada plastik materiallar, təkərlər və məişət tullantıları ilə ürəkağrıdıcı mənzərə yaranıb. Bu problemi mütəmadi olaraq “Yeni Azərbaycan”da işıqlandırmağa çalışmışıq. Sevindirici haldır ki, araşdırmamız nəticəsiz qalmadı.

bp Azərbaycan Xəzərin təmizlənməsinə sponsor oldu

Xəzər dənizində plastik tullantıların azaldılması səylərini dəstəkləyən şirkətlər sırasında bp Azərbaycanın da adını çəkməliyik.  Belə ki, ötən il bp şirkəti Azərbaycan Coğrafiya Cəmiyyəti və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (“Caspian Integrated Scientific Network”) ilə əməkdaşlıqda “Xəzər dənizinə axan transsərhəd axınların plastik materiallardan təmizlənməsi” (CRİPTİC) layihəsinə qoşulub. Bu dəstək çərçivəsində bp avqustun 8-də Neftçala rayonunda yerləşən layihənin pilot zonasında aparılmış ilk sahə işlərinə sponsorluq edib.

CRİPTİC layihəsinin məqsədi Xəzər dənizinə atılan plastik tullantıların azaldılması üçün regionda potensialın yaradılması idi. Layihə çərçivəsində Kür çayının transsərhəd mənsəbi və ona bitişik sahilyanı ərazi plastik tullantıların xəritələşdirilməsi, aşkarlanması və təmizlənməsi baxımından pilot zona kimi nəzərdə tutulmuşdu.

Niyə problemlər hələ də öz həllini tapmır?

O zaman başqa bir sual yaranır. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində irimiqyaslı ekoloji layihələrin və kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq niyə problemlər hələ də öz həllini tapmır?

Hər il dənizə nə qədər plastik materialların atıldığını dəqiq bilmirik. Lakin sahillərdə və dənizdə artan plastikləri azaltmaq üçün, ilk növbədə, problemin mənbəyini çözməyə çalışmalıyıq. Gündəlik həyatımızda plastikdən istifadəni və istehlakı azaltmalıyıq. Şüşə və ya təkrar emal edilə bilən materiallardan istifadə etməliyik. Ötən materialda da qeyd etdiyimiz kimi, bütün plastikləri okean və dənizlərdən təmizləmək üçün ən azı 20 il vaxt lazımdır. Bu artım nəzarət altına alınmasa, okeanlarda balıqdan daha çox plastik olacaq. Gündəlik həyatımızda istifadə etdiyimiz hər şeyi dənizdəki balıqların mədəsində tapa bilərik. Daha dəqiq desək, dənizə nə atsaq, süfrəmizə o da gələcək. Halbuki dənizlərdən əldə edilən canlılar hər il insanlara 90 milyon ton qida verir. Həyatımızın mənbəyi olan suyun çirklənməsi bizim də çirklənməyimiz deməkdir. Şeirdə də deyildiyi kimi:

Dənizə dəyməyim, yox, dəniz olsun.

Amma bundan bir az qoy, təmiz olsun.

Bəs bu plastiklər haradan gəlir?

Plastik tullantıların 80%-i qurudan, qalanı isə sərnişin və balıqçı gəmilərindən qaynaqlanır. Məsələn, bir-birinə qarışan balıq torları adətən dənizin dibində qalır. Bu da bala balıqların torlara ilişib ölməsinə səbəb olur. Unutmaq olmaz ki, plastiklər dənizin dibində toplandıqca bütün ekosistemi parçalayaraq alt-üst edir. Bir plastik torbanın təbiətdə parçalanması 20 il çəkir. Bu çirklənmə də özü ilə birlikdə başqa problemi gətirir. Çünki dənizin dibinə çökmüş zibilləri oradan toplamaq üçün lazımı avadanlıqlar və öhdəliyi öz üzərinə götürə biləcək qurum və ya şirkət lazımdır.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30