Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bəşəriyyətin düşüncə tərzini dəyişən beşinci insan!

Bəşəriyyətin düşüncə tərzini dəyişən beşinci insan!

30.09.2022 [10:40]

Mövlana Cəlaləddin Ruminin doğum günüdür...

Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim

Yeganə BAYRAMOVA

Bu gün XIII əsrin dahi şəxsiyyətlərindən olan, böyük təsəvvüf və dövrünün məşhur şairlərindən Mövlana Cəlaləddin Ruminin doğum günüdür. O, 1207-ci il sentyabrın 30-da Xorasan vilayətinin Bəlx şəhərində dünyaya göz açıb. Cəlaləddinin atası türk olan Hüseyn Hatib oğlu Behli, anası isə Bəlx əmiri Rüknəddinin qızı Möminə xatun olub. Gənc Mövlananın təhsil və tərbiyəsi ilə atası məşğul olur. Onun yetişməsində Seyyid Bürhanəddinin də böyük xidmətləri var. Rumi ilk təsəvvüf dərsini bu şeyxdən alır. Çox savadlı şeyx olan Seyyid Bürhanəddin Mövlanaya 9 il mürşidlik edir və Mövlana da ona ürəkdən bağlanır.

Yazdığı məsnəvisi ilə şöhrət qazanan böyük türk sufisi Cəlaləddin Rumi Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə Rumi təxəllüsü ilə şeirlər yazıb. Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır. Fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən də Cəlaləddin Rumidir. Onun həyatında dönüş böyük türk sufisi Şəms Təbrizi ilə görüşündən sonra olub. Şəms Mövlanəyə elmə dərin yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha da üstün olduğunu başa salıb. Həmin andan Ruminin həyatı tamamilə dəyişib.

Rəvayətə görə Rumi özü rəqs edib oxumağı çox sevirmiş. Onun rəqs edərək vəcdə gəlməsi, “quş kimi göylərə uçmağı” barədə çoxlu rəvayət mövcuddur. Bütün bu xüsusiyyətlər qədim türk mədəniyyətindən gələn ünsür idi. Ruminin şeirlərində dərin düşüncə ilə lirik duyğu birləşdirilib. Onun əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Şairə görə kainat Tanrının əsəridir. İnsan nə qədər ki, kainata adi gözlə, mənfəət axtarmaq naminə baxır, o, kainatın içindəki həqiqəti və həqiqi gözəllikləri görə bilməz. Tanrı gözəlliyini görmək üçün insan öz ruhunu nəfsdən təmizləməlidir. Nəfsdən təmizlənən ruh ney kimi fəryad edər, öz əslinə dönməyə çalışar.

“Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim” deyən Cəlaləddin Ruminin minlərlə şagirdi var idi. Mövlana təsəvvüfünün eşq təfəkkürü çox qüvvətlidir. O, dünya şöhrətli məsnəvilərində təsəvvüfü böyük qüdrətlə ifadə edir. Mövlana vəhdəti-vücuda inanırdı. Onun düşüncəsinə görə, bütün kainat və əşya mütləq bir varlığa sahib deyil, yalnız Allaha izafətlə mövcuddur. Kainatın sirlərinə vaqif olmaq üçün qəlbin təmizlənməsi vacibdir. Mövlananın bu düşüncələri məsnəvilərində açıq-aydın görünür. Onun əsərlərindəki fəryad eşqin səsidir. Bu misralarda ədəbi camalın damla-damla nurları mövcuddur. O, gözəlliyi görərək durmadan yazırdı. Ruminin fikirləri gözəlliyi, həqiqəti və yaxşılığı axtaran bir müjdəçi idi. Qaranlıq gecələrdə yaslı könüllərə təsəlli verən səs Mövlananın səsidir. Onun kəlamları ölümdən qorxanlara, yaşamaqdan bezənlərə yeni nəfəs verir.

Mövlana deyir:

Sevgidə günəş kimi ol,

Dostluq və qardaşlıqda axar su kimi ol.

Xətaları örtməkdə gecə kimi ol,

Təvazökarlıqda torpaq kimi ol.

Hirslənərkən ölü kimi ol.

Hər nə olursan ol:

Ya olduğun kimi görün,

Ya da göründüyün kimi ol.

Cəlaləddin Ruminin şeirləri xalq arasında geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir. O, bəşəriyyətin düşüncə tərzini dəyişən insanlar sırasında beşinci yerdədir. Zaman keçir, əsrlər bir-birini əvəz edir amma o, get-gedə müasirləşir. İnsan mənəviyyatı hər dəfə təzələnərkən o da, yəni,  Mövlanə Cəlaləddin Rumi də təzələşir. Təsadüfü deyil ki, Rumi bu gün dünya miqyasında kitablarının satış sayına görə Şekspiri belə qabaqlayır. XXI əsrin insanı özünü XIII əsrin filosofunda tapır.

25618 beytdən ibarət “Məsnəvi”sindən bir parça

“Bildiklərini anlat, amma ağıl verməyə çalışma. Söylənənlərə diqqətlə qulaq as, amma hamısını doğru sanma. Səssiz qalmaq bir şey bilmədiyin anlamına gəlməz. Çox danışmaq çox şey bildiyini göstərməz. Hər kəsi özunə bərabər hesab et. Kim olursa olsun, bir insanı kiçiltmək ağılsızlıqdır. Cəsarət ağıldan doğursa, cəsarətdir, savadsı?lıqdan gəlirsə, cəhalətdir. Göz yaşının belə bir vəzifəsi var: sonra gələn gülümsəmə üçün təmizlik edərmiş. Necə insanlar gördüm uzərində paltar yox, necə paltarlar gördüm içində insan yox. Eşq məhkəməyə (davaya) bənzəyər, cəfa çəkmək şahidə, şahidin yoxdursa, qazana bilməzsən. Bu dünyada nəyi çox sevsən, o, sənin imtahanındır. Lazım deyil hər sözü anlatmaq: bir baxış min söz edər baxışdan anlayana. İnsan bir ağaca bənzər ki, kökü sözünün üstündə durmaqdır. Heç bir şey göründüyü kimi deyil: bu gün həyat verən su sabah səni boğa bilər. Bir dəlil ilə 40 alimi susdurdum, 40 dəlil ilə bir cahili susdura bilmədim”.

Digər əsəri “Divani Kəbir”də 2073 qəzəl vardır. Üçüncü əsəri isə “Məktubat” adlanır. Bu əsər 147 məktubun toplusudur.

Orta əsr İslam Şərq filosofu, mövlavilik cərəyanının banisi Ruminin digər kəlamları kimi ölüm ərəfəsində vəsiyyət şəklində dostu Siracəddinə və oğlu Sultan Vələdə  dediyi sözlər də ibrətamizdir. Mövlanə öz ölüm gününü “Şəb-i Arus” elan etmişdi. Hərfi tərcüməsi toy gecəsi deməkdir. Çünki həmin gün Mövlanə öz sevgilisinə-Rəbbinə qovuşacaqdı. Doğum gününü “Allah qatından ayrılma” olaraq görən Mövlanə üçün əslində doğuluş bir ölüm idi. Və 1273-cü il dekabrın 17-də həyatını “Həmdim, bişdim, yandım” sözləri ilə yekunlaşdıran Mövlanə öz Rəbbinə qovuşdu...

2007-ci il YUNESKO tərəfindən “Dünyada Mövlana ili” elan olunub. Bu münasibətlə Azərbaycan, Rusiya, Hindistan, Pakistan, Yaponiya, Çin, Braziliya, Banqladeş, Tacikistan və digər ölkələrdə onun yubileyləri keçirilib, kitabları nəşr edilib.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30