Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sənayemizin sülh və rifah rəmzi...

Sənayemizin sülh və rifah rəmzi...

06.11.2022 [10:09]

Abşeronun boz torpaqlarında zeytun ağacları əkilir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev noyabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Açılış mərasimində bildirildiyi kimi, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Adı ağ göyərçinlə qoşa çəkilən zeytun

İqtisadiyyatın müxtəlif sahələri var. “Nəciblik” sözünü sənaye sahəsi ilə əlaqələndirmək ilk baxışda yerinə düşməyən müqayisə təsiri bağışlaya bilər. Axı sənaye dedikdə göz önündə nəhəng maşın və mexanizmlər, ağırtonnajlı avadanlıqlar, konveyerlər, təyyarələr, indiki mərhələdə informasiya texnologiyaları canlanır. Ancaq yox, iqtisadiyyatın da bir sıra mədəni və nəcib sahələri mövcuddur. İqtisadiyyatda zeytunçuluq da məhz belə nəcib istiqamətlərdən biri sayılır.

Ta qədimdən müxtəlif xalqlar zeytun ağacına xüsusi hörmət, rəğbət bəsləyiblər. Zeytun ağacı və budağı barədə rəvayətlər də formalaşaraq bu günümüzə qədər gəlib çatıb. Diqqəti çəkən məqamlardan biri də odur ki, zeytunun və göyərçinin adı əksər hallarda qoşa işlədilir və onlardan hər ikisi sülh rəmzi sayılır. Bəzi rəvayətlərə görə, zeytun budağı Nuh peyğəmbərin zamanında baş vermiş sel daşqınının bitməsini, əmin-amanlığın Yaradan tərəfindən yenidən bərqərar edilməsinin göstəricisi, nişanəsi hesab olunurdu. “Böyük Daşqın” rəvayətlərində deyilir: “Dəhşətli daşqın dayandıqda Nuh peyğəmbər gəmisinin göyərtəsindən ağ göyərçin uçurur. Bu ağ göyərçin bir müddət sonra ağzında zeytun budağı ilə geri qayıdır. Beləliklə, Nuh peyğəmbər əmin olur ki, sular çəkilib, tufan bitib. Bu səbəbdən ağ göyərçin və zeytun budağı əsrlərdir ki, sülh simvolu kimi istifadə edilir”.

Zeytun ağacı barədə Qurani-Kərimin 95-ci surəsi olan “Tin” yəni, “Əncir” surəsində də bəhs edilib. Burada Allah iki ağacın - əncir və zeytunun adını çəkərək, onlara and içir. Bəzi təfsir alimlərinin qeyd etdiyinə görə, Allahın Qurani-Kərimdə nəyinsə üzərinə and içməsi, həmin nəsnənin həm Uca Yaradan yanında, həm də insanlar arasında olduqca dəyərli, xeyirli olduğunun göstəricisi hesab olunur.

İnsanlar Zeytunla bağlı inanclara bu gün də böyük rəğbətlə yanaşırlar. 2018-ci ildə qardaş Türkiyənin Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində hərbi əməliyyatalara başladı. Əməliyyata “Zeytun budağı” adı verilmişdi. Bu, Türkiyənin xoş niyyətinin, terrora qarşı sülh çağırışının ifadəsi idi. Nəhayət, Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zeytun budağı hədiyyəsi verib. İki ölkə arasında vasitəçi qismində çıxış edən Rusiyanın lideri bu hədiyyənin sülh rəmzi daşıdığını bildirib.

Abşeronda zeytunçuluq ənənələri

Abşeronun coğrafi-iqlim xüsusiyyətləri burada zeytunçuluğun inkişafı üçün kifayət qədər əlverişlidir. Abşeronda zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.

Təəssüf ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş verən tənəzzül prosesi Abşeronun zeytun bağlarından da yan keçməyib. Ögey münasibət üzündən təsərrüfatlar dağıdılıb, zeytun bağları qırılaraq onların ərazilərindən müxtəlif məqsədlər üçün istifadə olunub. Yalnız son illərdə Prezident İlham Əliyevin göstərişləri əsasında Abşeronda ənənəvi təsərrfat sahələrindən sayılan zeytunçuluğun inkişafına diqqət artırılıb. Hazırda bu sahəyə investisiyalar yönəldilir və bağlar bərpa olunur. Yeni bağlar salınarkən qabaqcıl dünya təcrübəsindən istifadə edilir. Belə ki, sahələrdə daha çox ağacların əkilməsini təmin etmək üçün kiçik gövdəli və daha məhsuldar olan ağaclar seçilir. Bu isə daha kiçik ərazidən daha çox məhsul götürməyə imkan verir.

Yeni gözəl bağlar

Bəhs olunan layihənin reallaşdırılması məqsədilə ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb. Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb.

Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur.

Layihə üzrə hədəf bir hektardan on ton məhsul almaqdır. Bu il bir hektardan məhsuldarlıq 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir. Eyni zamanda, təsərrüfatda il ərzində 4 min ton yağ istehsalı planlaşdırılır. Bunun təqribən 2 min tona yaxını daxili bazara, digər hisəsi isə ixraca yönləndiriləcək. Təsərrüfatda görülən işləri yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”.

Xatırladaq ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva burada olub və zeytun bağlarının salındığı ərazidə ilk zeytun ağacını əkib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31