Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xoşməramlı etirazın səbəbi...

Xoşməramlı etirazın səbəbi...

16.11.2022 [11:28]

UNESCO 30 il nəyi gözləyirdi?

Mübariz ABDULLAYEV

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlayıb. Məktubda indiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

Mehriban xanım Əliyevanın dünya mədəni irsinin qorunmasına töhfələri

Belə bir fikir var: Mədəniyyətin sərhədləri olmur. Həqiqətən də, böyük mədəniyyət nümunələri milli məzmunun çərçivələrindən çıxaraq bəşəri önəm daşıyır. Belə mədəniyyət nümunələri dünyanın hansı guşəsində yaradılmasından, hansı milli-dini sivilizasiyaya məxsusluğundan asılı olmayaraq bütün dünyanın irsi sayılır. Çünki onlardan Yer kürəsinin bütün insanları zövq alırlar, daxili aləmlərini, dünyagörüşlərini zənginləşdirirlər. Eyni zamanda, həmin mədəniyyət nümunələrinin qorunması, gələcək nəsillərə ötürülməsi bəşəriyyətin, bizim hamımızın məsuliyyətidir. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti, milli və bəşəri mədəni irs nümunələrinin qorunmasına, bərpasına verdiyi töhfələr əvəzsizdir. Mehriban xanım Əliyeva indiyədək Azərbaycanın tarixdən gələn multikultural ənənələrinə sadiqlik nümayiş etdirərək bütün respublika üzrə çoxlu sayda həm İslam dininə, həm də digər etiqadlara aid tarixi abidələrin bərpasına nail olub. İkinci həyat verilən bu abidələr bundan sonra da onilliklər boyunca Azərbaycanda yaşayan xalqların xidmətində olacaq.

Dövlət xadimi olmaqla yanaşı, həm də bir mədəniyyət insanı olan Mehriban xanım Əliyeva eyni missiyanı xarici ölkələrdə, həm də xristian coğrafiyasında da həyata keçirib. Təbii ki, Azərbaycanın Birinci vitse-prezidenti missiyasını həyata keçirərkən hər hansı bir etnik-dini müxtəlifliyin fərqində olmayıb. Bu, bir tərəfdən Azərbaycan dövlətinin təqdim etdiyi multikultural modelin çərçivələrinin nə qədər geniş olduğunu təsdiqləyirsə, digər tərəfdən də Mehriban xanım Əliyevanın özünün dünya mədəni irsinə həssas yanaşmasını ortaya qoyur.

Mehriban xanım Əliyevanın bəhs edilən istiqamətdə fəaliyyəti UNESCO-nun proqramında qeyd olunan məqsədləri ilə üst-üstə düşür. Xatırladaq ki, UNESCO Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. Qurumun proqramında qeyd olunan əsas məqsədi elm, təhsil və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Yeri gəlmişkən, məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu təşkilatın dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində Mehriban xanım Əliyevanın 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub. Bütövlükdə, Mehriban xanım Əliyevanın müxtəlif mədəniyyətlərin yaxınlaşmasına, mədəni irs nümunələrinin qorunmasına verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycanın Birinci vitse-prezidentinin indiyədək ayrı-ayrı ölkələrin və nüfuzlu beynəlxalq qurumların çoxsaylı təltiflərinə layiq görülməsi bunu bir daha təsdiqləyir.

Xoş mərama qarşılıq verməyən UNESCO

UNESCO-ya gəldikdə isə, bu qurumun öz proqram məqsədlərinə uyğun davranışlar nümayiş etdirməməsi və Azərbaycanın Birinci vitse-prezidentinin xoş məramına, ölkəmizin çoxmədəniyyətlilik siyasətinə qarşılıq verməməsi, yumşaq desək, təəssüf doğurur. Bəli, Azərbaycanın UNESCO-dan incik düşdüyü bəzi məqamlar var. Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. Azərbaycan hələ 44 günlük müharibədən əvvəlki mərhələdə işğal altına düşən ərazilərimizdəki mədəni-dini irs nümunələrinin ermənilər tərfindən dağıdılması, özününküləşdirilməsi və yaxud təhqirlərə məruz qalması barədə UNESCO-nu mütəmadi qaydada məlumatlandırıb. Ancaq, necə deyərlər, daşdan səs çıxıb, UNESCO-dan yox. Qurum ötən 30 ildə respublikamızın çoxsaylı çağırışlarına rəğmən, mədəni irsimizə dəyən ziyanın dəyərləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərməyib.

Müharibədən əvvəl UNESCO bəhs olunan ərazilərə missiya göndərməməsini siyasətə qarışmaması ilə əlaqələndirirdi. Ancaq müharibədən sonra qurumun mövqeyində birdən-birə kəskin dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyasını regiona göndərməyə dərhal razılıq verdi. Ancaq qurum yenə də vədinin üstündə durmadı. Bu dəfə UNESCO regiona missiya göndərməməsini bəhs olunan ərazilərin hansı dövlətə - Azərbaycana, yoxsa Ermənistana aid olması kimi absurd bəhanə ilə əsaslandırdı. UNESCO-nun başbilənləri bu qədərmi beynəlxalq hüquqdan bixəbərdirlər? Axı sözügedən ərazilərin məhz Azərbaycana məxsus olması beynəlxalq müstəvidə müzakirə predmeti deyil. Xatırladaq ki, UNESCO-nun tabe olduğu BMT hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altına düşən ərazilərindən qeyd-şərtsiz çıxardılmasını özündə ehtiva edən dörd qətnamə qəbul edib. Həmin qətnamələrin icrasını Azərbaycan 44 günlük müharibədə öz gücünə təmin etdi. Belə çıxır ki, BMT-nin strukturlarından biri olan UNESCO öz fəaliyyətini Ermənistanın əsassız etirazları əsasında qurur. Bu amili Prezident İlham Əliyev 24 avqust 2021-ci il tarixində BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha diqqətə çatdırıb: “Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”.

İkili yanaşmanın pərdəarxası məqamları

UNESCO-nun Azərbaycanın üç onillik ərzində Ermənistanın nəzarəti altında qalan ərazilərində ermənilər tərəfindən dağıdılan, təhqirlərə məruz qalan tarixi mədəni-dini irs obyektlərinə laqeyd münasibət bəsləməsi ikili yanaşma nümunəsidir. Belə yanaşma UNESCO-nun məqsədləri ilə bir araya sığmır və suallar doğurur. Burada diqqət çəkən əsas məqamlardan biri UNESCO-ya Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulayın rəhbərlik etməsidir. Fransanın Ermənistanın böyük bacısı kimi davranışlar nümayiş etdirməsi hər kəsə bəllidir. Bir qədər bundan əvvəl bu ölkənin prezidenti Emmanuel Makron yerli mətbuata müsahibəsində cəfəng iddialar səsləndirərək ölkəsinin Ermənistanı tək qoymayacağını bəyan edib. Belə görünür ki, Odri Arzulay da Fransanın dövlət başçısının mövqeyini bölüşür. UNESCO-nun bəhs olunan ərazilərə öz missiyasını göndərməmək üçün ağlasığmaz bəhanələr uydurmasının səbəbləri və yaxud pərdəarxası məqamları ortadadır. UNESCO-nun missiyası işğaldan azad olunmuş ərazilərimizdə hansı mənzərə ilə üzləşəcək? Əksər tarixi mədəni-dini abidələrin dağıdılması və təhqir olunması reallığı ilə. Bu vəhşilikləri kim törədib? Ermənilər. Bax, Qordi düyünü də elə buradadır.

Fransa əsilli Odri Arzulayın rəhbərlik etdiyi UNESCO kiçik bacı Ermənistanın mədəni irs nümunələrinə vandal münasibətinin ifşa olunmasında sadəcə maraqlı deyil.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30