Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəfər ruhlu, böyük uğurların bələdçisi olan 30 il sabahımız üçün möhkəm təməldir

Zəfər ruhlu, böyük uğurların bələdçisi olan 30 il sabahımız üçün möhkəm təməldir

16.11.2022 [12:04]

Cəmiyyətin avanqard qüvvəsi, yarandığı gündən milyonların sevgisini qazanan, adı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 ili tamam olur. 30 illik yolu bir yazıda əhatə etmək mümkün olmasa da, bu reallığı qeyd etməklə partiyanın dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Yaranmasından 28 il sonra isə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonundan keçirilən VII qurultayında Prezident

İlham Əliyev keçilən yola söykənərək bu fikri böyük inamla qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Hər bir dövlətin, xalqın həyatında  mühüm hadisələr olur ki, onlar dönüş nöqtəsi kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın həyatında məhz həmin  dönüş nöqtələrindən biridir. Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Təbii ki, hər bir hadisənin baş verməsi üçün zərurət olmalıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni dövr başladı. YAP-ın yaradılmasını zəruri edən həmin dövrün reallıqları və xalqın istəyi oldu.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsə məlumdur. 1991-1993-cü illər Azərbaycan tarixinin qara səhifəsi kimi xatırlanır. Dövlətin maraqlarını arxa plana keçirib şəxsi ambisiyaları uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövrü dövlətimiz, xalqımız üçün faciə dövrü idi. Ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Qısa şəkildə qeyd etsək, hakimiyyətsizlik hökm sürürdü. Azərbaycanın gələcəyini düşünən, xalqın böyük əksəriyyətinin istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətində də o dövrün reallıqları öz əksini tapmışdır: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalı adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” fikirlərinin yer aldığı həmin müraciətdə bu əminlik ifadə edilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə  əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük.

“91-lər”in bu müraciəti və ulu öndər Heydər Əliyevin müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabı Azərbaycanın bugünkü uğurlarının və gələcəyinin əsası oldu. Dahi şəxsiyyət Heydər Əliyev  partiyanın yaradılmasına razılığını “91-lər”in müraciətinə cavabında belə ifadə etmişdir ki, partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirən, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası belə çətin bir dövrdə yarandı.  Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılması tələbə çevrildi. Ümumilikdə Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

YAP təsis konfransını 1992-ci il 21 noyabr tarixində məlum səbəblərdən Naxçıvanda keçirdi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ümummilli Liderin  rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət təşkilatlandı. Ulu öndər Heydər Əliyevin “91-lər”in müraciətinə cavabında əksini tapan fikirlərin hər biri müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın varlığına və gələcəkdə dünya birliyinin fəal üzvünə çevrilməsinə bir çağırış idi. Yeni Azərbaycan Partiyası bütün arzu və istəkləri birləşdirərək onların reallığa çevrilməsinə nail oldu.    

30 illik zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsi təsadüfi deyil. Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  YAP iqtidar partiyası kimi fəaliyyətə başladı, bu halda partiyanın 30 ildə əsrə bərabər inkişaf yolu keçdiyini, biri-birindən əhəmiyyətli təşəbbüsləri, qəbul etdiyi qərarları ilə xalqın sevgisini qazandığını böyük əminliklə qeyd edə bilərik. Heydər Əliyev siyasəti Azərbaycana daim möhtəşəm uğurlar qazandırır. Dövlətin siyasətinin, qarşıya qoyduğu hədəflərin hakim partiyanın siyasəti, məqsəd və məramı olduğunu da önə çəksək, Azərbaycanın hər bir uğurunda  YAP-ın öz payı, rolu olduğu danılmazdır. Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə nəzər salsaq, ilk gündən qəbul etdiyi prinsiplərin dəyişməz olduğunu görərik. Bu prinsiplər Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaq və sairdir. Ulu öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, gələcəyinə böyük inam bəslədiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətə başladığı ilk gündən əsas prinsipi “Güclü dövlət, yüksək rifah” olub. Dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin əsasını təşkil edir. Məhz bu amilə söykənərək ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bugünü və gələcəyi üçün çox böyük işlər görülüb. Ulu Öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, kadr hazırlığı, gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz keçmiş İttifaqın müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndərin fəaliyyətinin nəticəsində Azərbaycan artıq 1982-ci ildə qabaqcıl yerlərdə oldu. Əgər iki  donor respublika var idisə, onlardan biri Azərbaycan idi. O illərdə Azərbaycanın müstəqil gələcəyi üçün çox işlər görüldü, ölkəmizin möhkəm iqtisadi potensialı formalaşdırıldı. Sənaye, kənd təsərrüfatı, yüngül sənaye sahələri  inkişaf etdirildi. Ümummilli Liderin  genişmiqyaslı işləri, qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəsi xalqımız tərəfindən Ona böyük rəğbət qazandırmışdır. Ulu öndər Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət edir. Onun sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır.

1987-ci ildə Ümummilli Lider keçmiş İttifaqın siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın problemləri başladı. Bu hadisədən az sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya atıldı. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçı siyasət həyata keçirməyə başladı. Dahi şəxsiyyətin siyasi hakimiyyətdə olmadığı dövrlərdə Azərbaycan xalqının başına nə qədər faciələr, bəlalar gəldi.

Bu reallıq inkaredilməzdir ki, əgər ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərinin siyasi mənzərəsinə nəzər salanda gələcəyini işıqlı görmək qeyri-mümkün idi. Yeni Azərbaycan Partiyasının yaranması, bundan 7 ay sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında tamamilə fərqli bir mənzərəni yaratdı. Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı o dövrün xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhrandan xilas etdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 12 mayda Ermənistanla atəşkəs sazişi imzalandı. Bu mühüm addım ölkədə sabitliyin möhkəmləndirilməsinə geniş imkanlar yaratdı ki, bu da öz növbəsində  bütün sahələrdə uğurlu addımlara yol açdı. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider, eyni zamanda, bu tezisi irəli sürdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə verilən önəm Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. 1994-cü il 20 sentyabrda  “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin əsası qoyuldu. Belə ki, ölkəmizin iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmləndirilməsndə öz sözünü dedi. Azərbaycan etibarlı tərəfdaşa çevrildi. “Əsrin müqaviləsi”ndən sonra imzalanan sazişlərə, Anlaşma Memorandumlarına diqqət yetirmək kifayətdir. O da məlumdur ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.

2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Ondan sonra məhz həmin il, 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biri olan TANAP, 2020-ci ilin dekabr ayında TAP istifadəyə verildi.   

Ulu Öndərin gələcəyə yönələn siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə inkişafa, tərəqqiyə nail olundu. Demokratik təsisatların inkişafı üçün bütün imkanlar yaradıldı. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərin inkişafına  sözdə deyil, əməldə sadiqliyinin bariz nümunəsi oldu.

Ümummilli Liderin xidmətlərindən bəhs edərkən Onun Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsini xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyəti, tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətə çatdırılmasın. Dahi şəxsiyyətin uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Azərbaycan erməni yalanlarını faktlar əsasında dünyaya çatdırdı.    

Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır” çağırışına əsasən biri-birindən mühüm addımlar atıldı. Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı.

Təbii ki, qeyd etdiklərimiz ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin çox az bir hissəsidir. Bu uğurlarımızda öz payı olan Yeni Azərbaycan Partiyası monilitliyi, populizmdən uzaq olaraq sözlə əməl birliyi sayəsində cəmiyyətdə nüfuzunu daha da artırdı, ümumxalq partiyası kimi yerini möhkəmləndirdi.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində növbəti inamın ünvanını göstərərkən cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını qeyd etdi. Ümummilli Lider müraciətdə bu məqamı da xüsusi qeyd etmişdir ki, öz mənalı həyatının düz 60 ilini xalqın bu günü və sabahı ilə yaşayıb: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü ildən başlanan yol Böyük Yolun davamı kimi dəyərləndirilir. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Bu vədin verildiyi 2003-cü ildən 17 il sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu sevincini paylaşdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Prezident İlham Əliyev atdığı hər addımında ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini nümayiş etdirir. 19 illik Prezidentlik dövrünün 17 ili işğal altında olan torpaqların azad edilməsinə hazırlıq işlərinə həsr edildi. Azərbaycan gücləndi, bütün sahələrdə təcrübəsi nümunə oldu. Ordumuz Qələbəyə hazırlandı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan ən yüksək tribunalardan bəyan edirdi ki, xalqın səbri tükənməz deyil. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdə raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini alan rəşadətli Azərbaycan Ordusu 44 gündə Zəfər tariximizi yazdı. Bu gün Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı icra edilir. Bugünümüzün əsas reallığı dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün reallıqlarının gerçəkləşdirilməsi, ən əsası, soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışının tezləşdirilməsidir.

Tarixi Zəfərimizin iki ili tamam oldu. Noyabrın 8-də bu münasibətlə Şuşada təşkil edilən tədbirdə iştirak edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bildirdi ki, biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

Yeni Azərbaycan Partiyası ötən il tarixi Zəfərimizin reallıqları əsasında VII qurultayını keçirdi. Bu reallıqlara əsaslanan qərarlar qəbul olundu, yeni tərkib formalaşdı, partiyanın yeni Nizamnaməsi qəbul edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  ötən müddət ərzində YAP-ın qurultaylarında (1999, 2001, 2005, 2008, 2013, 2018) qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Partiyanın VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin Birinci müavini təyin edilməsi qarşıya qoyulan hədəflərin icrasına yüksək səviyyədə nail olmaq istiqamətində atılan mühüm addım oldu. Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin irsinin təbligi məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu partiyada rəhbər strukturda təmsil olunmaqla dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz davamlı töhfələrini verir.

Dövlət başçısı, YAP Sədri İlham Əliyev VII qurultaydakı proqram xarakterli çıxışında partiyanın yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edən Proqramının hazırlanması ilə bağlı İdarə Heyətinə tapşırığını verdi. Ötən ilin sonunda İdarə Heyətinin qərarı ilə YAP-ın Proqramı qəbul edildi. 5 fəsildən ibarət olan yeni Proqramın əsas çağırışı belədir: “Biz birlikdə güclüyük!”

Göründüyü kimi, hər dövrün öz tələbi, çağırışları vardır. Yeni Azərbaycan Partiyası yaradılanda qəbul olunan Proqramda əksini tapan “Yeni müstəqil Azərbaycan uğrunda” devizi atılan addımların, qəbul olunan qərarların əsasında dayandı. 28 il həmin Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində addımlar atıldı və bütün hədəflərə yüksək səviyyədə nail olundu. Artıq 2020-ci ildən tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu isə öz növbəsində qarşıya daha yeni vəzifələr qoyur. “Biz birlikdə güclüyük!” deyib bütün qüvvə və bacarıqlarımızı səfərbər edərək yeni vəzifələrin uğurlu icrasına nail olacağıq. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq. Ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin siyasətinin təbliğatçısı olan YAP-ın çoxminli üzvlərinin hər biri 30 illik yubileyi Zəfər ruhunda, böyük uğurlarla qeyd etməkdən qürurludur. Qarşıdakı illərdə ölkəmizi, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir.

Aynur Sofiyeva,

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31