Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran dünyada terrorçu dövlət kimi tanına bilərmi?

İran dünyada terrorçu dövlət kimi tanına bilərmi?

02.12.2022 [10:26]

N.BAYRAMLI

Sentyabr ayında İranda başlayan etiraz aksiyaları hələ də davam edir. Tehran rejimi etirazçılara qarşı amansız davranır. Bunun nəticəsində də aksiya iştirakçıları arasında xeyli sayda ölən var. İranın Hüquq Müdafiəçiləri Qrupu noyabrın 30-da yaydığı məlumatda rejim tərəfindən qətlə yetirilən etirazçıların sayını açıqlayıb. Məlumatda 17 sentyabrdan indiyə qədər etiraz nümayişlərində 64-ü uşaq olmaqla 455 nəfərdən çox insanın öldürüldüyü bildirilir. Bununla yanaşı, məlumatda 18185 nəfərin saxlanıldığı, onlardan 3418-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 576 nəfərinin tələbə olduğu qeyd edilib.

Ötən gün daha bir günahsız uşaq İran rejiminin qəddarlığının qurbanı olub. Belə ki, İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib. Bu məlumatı “Azad İran” teleqram kanalı yayıb. Məlumatda bildirilir ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər. Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.

Göründüyü kimi, İran rejimi dinc insanlara, o cümlədən uşaqlara qarşı silah işlədir, onları qətlə yetirir. Beynəlxalq hüquqda belə hallar cinayət kimi qəbul olunur. Ona görə də, dünya birliyi rəsmi Tehranın bu əməllərini pisləyir. Xatırladaq ki, ötən ay BMT Baş Assambleyası İranda etirazçılara qarşı zorakılığı pisləyən qətnamə qəbul edib. Bunun ardınca BMT-nin İnsan Haqları Şurası İranda etiraz aksiyaları zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Araşdırmaların ilkin nəticələri İnsan Haqları Şurasının 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasında açıqlanacaq. BMT-nin İnsan haqları üzrə ali komissarı Ceremi Lourens isə rəsmi Tehrandan həbsdə olan bütün etirazçıları dərhal buraxmağı tələb edib.

Beynəlxalq birliyin çağırışlarına baxmayaraq, İran rejimi dinc etirazçılara qarşı zorakılığı, qətlləri davam etdirir. Belə olan halda, beynəlxalq səviyyədə rəsmi Tehrana qarşı daha hansı addımlar atıla bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, İranda bir neçə aydır ki, insanlara qarşı qətliamlar törədilir. Bu ölkədə insan hüquq və azadlıqları kobud surətdə pozulur və rejim repressiv siyasət yürüdür. Bu baxımdan məhz BMT çərçivəsində insan haqlarının pozulmasına dair qətnamənin qəbulu mühüm bir addımdır. Eyni zamanda, İranda etnik azərbaycanlıların da hüquqları pozulur. Onların ana dilində oxumaq, yazmaq, təhsil almaq hüquqları məhdudlaşdırılır. Eləcə də, insanlar fundamental azadlıqlar və hüquqlardan da məhrumdurlar. Onun sözlərinə görə, bu ölkədə günahsız uşaqların da hakimiyyət tərəfindən öldürülməsi çox ağrılıdır və hakimiyyət bu cinayətlərə görə cavab verməlidir.

Politoloq qeyd edib ki, görünür, BMT müstəvisində qəbul edilmiş sənədlər İranı dayandırmaq üçün kifayət etmir. Həmsöhbətimizin fikrincə, beynəlxalq birlik tərəfindən Rusiyaya qarşı atılan addımlar rəsmi Tehran üçün də tətbiq edilməlidir: “Məlumdur ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində xeyli sayda mülki insan zərər görüb. Bu müharibədə Ukraynada minlərlə dinc insan həyatını itirib. Həlak olanların 441 nəfəri isə uşaqlardır, 852 uşaq yaralanıb. Bütün bunlara görə beynəlxalq birlik Rusiyaya qarşı sərt addımlar atır. Sanksiyalarla yanaşı, BMT Baş Assambleyasında Rusiyaya qarşı qətnamə qəbul edilib. Ötən ay isə Avropa Parlamenti Rusiyanı terrorçuluğa himayə edən dövlət kimi tanıyıb. Fikrimcə, anoloji addım İrana qarşı da atılmalıdır. Hesab edirəm ki, İran ətrafında beynəlxalq vəziyyət getdikcə gərginləşir. Etirazlar artıq bütün ölkə boyunca yayılıb. Artıq bu etirazların qarşısını almaqda İran hökuməti çətinlik çəkir. Ona görə də, amansız qətliamlara əl atır. Bu səbəbdən də beynəlxalq birlik İran rejiminə qarşı addımlarını sərtləşdirməlidir”.

R.Alıyev deyib ki, İranın ölkəmizə də qarşı təxribatçı addımları səngimir: “Mətbuatda məlumat yayılıb ki, Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib. Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırlar. 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. İran onları niyə Qarabağa göndərib? Ehtimal var ki, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər.  Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir. Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olması ehtimalı böyükdür. Hesab edirəm ki, bu məsələ də ciddi araşdırılmalı və lazımi addımlar atılmalıdır”.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30