Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT TŞ: format köhnəlib...

BMT TŞ: format köhnəlib...

12.01.2023 [10:22]

Qoşulmama Hərəkatına veto hüququ verilməlidir

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşımaqdadır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır.

Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bununla yanaşı, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri olduqca yüksək səviyyədədir.

Vurğulanmalıdır ki, Qoşulmama Hərəkatının 2011-ci ildən bəri keçirilən bütün mühüm toplantılarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. 2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammiti isə Qoşulmama Hərəkatı ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynayıb. Belə ki, Sammit zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə ediblər və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış olunub. İstər Vətən müharibəsi dövründə, istərsə də post-müharibə zamanında Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Təşkilata üzv ölkələr isə bir sıra hallarda beynəlxalq təşkilatlarda erməni təxribatının qarşısının alınmasında əsaslı rol oynayıblar. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev də bildirib ki, həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı: “Mən Qoşulmama Hərəkatına sədr seçilməyimizi də bunun nəticəsi olaraq görürəm. Çünki bu təsisatda elə ölkələr var ki, bir-biri ilə əzəli dost deyillər. Amma Azərbaycanı iki dəfə yekdil fikirlə dəstəklədilər - həm seçiləndə, həm də ki, sədrlik müddətimiz uzadılanda. Bu platforma bizə əlavə imkanlar verdi ki, öz niyyətimizi, siyasətimizi göstərək, xüsusilə COVID-19 dövründə. Həm beynəlxalq tədbirlər, o cümlədən Zirvə Görüşü, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, 80-dən çox ölkəyə maddi-humanitar yardımın göstərilməsi - bütün bunlar Azərbaycan tərəfindən edildi. Deyə bilərəm ki, dünyada o qədər də çox ölkələr yoxdur ki, bunu bizim qədər edirlər. Bunu biz təmənnasız edirik. Ona görə ki, bizi daha yaxşı tanısınlar, bizi dəstəkləsinlər, lazım olan anda bizim yanımızda olsunlar, necə ki, biz bunu artıq danışdığımız bu hadisələr zamanı gördük”.

Azərbaycanın timsalında liderlik...

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Azərbaycanın həm fəal xarici siyasəti, həm də Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi Hərəkata üzv dövlətlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciəti bunun bariz nümunəsidir. Bu, həm də ölkəmizə yüksək inam və etimadın təzahürüdür. Prezident İlham Əliyev də bildirib ki, biz Qoşulmama Hərəkatının institusionallaşdırılması ilə bağlı çox işlər apardıq - parlament platforması, Gənclər Şəbəkəsi yaradıldı: “Bizim fəallığımız məhz buna hesablanıb, çünki bu təsisatın potensialı var, sadəcə olaraq, liderlik lazım idi. Hesab edirəm ki, Azərbaycanın timsalında bütün ölkələr bu liderliyi gördü və bizim qoyduğumuz siyasət artıq bizdən sonra da davam etdirilməlidir. Yəni, biz imkan verməməliyik Qoşulmama Hərəkatı yenə də əvvəlki səviyyəyə düşsün ki, heç bir yerdə adı da, sayanı da yox idi, açıq danışmalıyıq”.

BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır

Son dövrlərdə artan kataklizmlər qlobal təhlükəsizliyə açıq təhdid yaradır. Bu gün dünyanın əksər bölgələrində hərbi qarşıdurmalar müşahidə olunmaqdadır. Bunun qarşılığında isə sülhə xidmət göstərməli olan beynəlxalq platformalar susqunluq nümayiş etdirirlər. Məsələn, BMT-nin son illərdəki fəaliyyətində mütləq geriləmələrin müşahidə olunduğunu desək, yanılmarıq. Hətta son Ukrayna-Rusiya qarşıdurması zamanı belə BMT vasitəçilik missiyasını uğurla yerinə yetirə bilmədi.

Yaranan vəziyyət isə nonsensdir. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda BMT susur, proseslərə müdaxilə etmək istəmir, əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verir. Bu, paradoksal bir vəziyyət yaradır. BMT TŞ-nin Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra edilmədi - Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Beləliklə, bu təşkilatın da yenilənməsinə ehtiyacın duyulduğu ortadadır. Yerli televiziya kanallarına müsahibəsində bununla bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev vurğulayıb ki, Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə, əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır: “Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır”.

“Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”, - deyən dövlət başçısı onu da bildirib ki, Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir: “Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Mən hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü”.

SADİQ

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30