Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Üçüncü mərhələyə start verildi!

Üçüncü mərhələyə start verildi!

17.01.2023 [10:11]

Dənizdə və quruda...

Yeni layihələr həyata keçiriləcək

Mübariz ABDULLAYEV

İnvestisiya cəlbediciliyi yüksək olan Azərbaycan bərpaolunan enerji sektorunda xarici şirkətlərlə əməkdaşlığı genişləndirir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında respublikamızda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. Əbu-Dabidə imzalanan sənədlər dünyada tanınan transmilli şirkətlərin Azərbaycanda ənənəvi enerji sahələri ilə yanaşı, bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalına da böyük maraq göstərdiklərini ifadə edir. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Böyük Britaniyanın “BP” şirkətləri də Azərbaycanın bərpa olunan enerji sektorunda  oxşar layihələr həyata keçirirlər.

Dünyada yaranan çağırışlar

Son illərdə dünyada baş verən proseslər qlobal enerji xəritəsinin yenilənməsi zərurətini diktə edir. Deyə bilərik ki, dünyanın bu və ya digər bölgələrində baş verən kataklizmlər, son bir ildə isə Rusiya-Ukrayna müharibəsi ənənəvi enerji təchizatı zəncirini qırıb. Yeni reallıqlar fonunda xüsusilə də Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Belə bir çətin dövrdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi xilas yollarından biri kimi görünür. Ekoloji amillər  də “yaşıl enerji”yə sürətli transformasiyaya “yaşıl işıq” yandırır.

Qlobal səviyyədə bu sahədə qarşıya qoyulan hədəflər kifayət qədər böyükdür. Son illərdə bərpaolunan enerji sektorunda yüksək artım dinamikası müşahidə edilir. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya yönəldiləcək. Proqnozlara görə, alternativ mənbələrdən enerji istehsalı qarşıdakı illərdə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyi ehtimal edilir. Günəş və külək enerjisinin daha çox artımı gözlənilir.

Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalında hələlik dünya liderliyi Çinə məxsusdur. Bu ölkə son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək.

2004-cü ildə Avropa İttifaqının ümumi enerji istehlakının 8,5 faizi bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib.

Aİ-nin 2030-cu ilədək olan dövrü əhatə edən strategiyasında bərpaolunan mənbələrdən alınan enerjinin payının təxminən 30 faizə çatdırılması hədəflənib. Avropa Komissiyasının hazırladığı xilas planında yeni transformasiyalarla bağlı geniş müddəalar öz əksini tapıb.

Azərbaycanın enerji siyasətində üçüncü mərhələ

Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılması Azərbaycanın enerji siyasətinin sayca üçüncü mərhələsini təşkil edir. Hazırda respublikamızla Aİ-nin enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edir. Xatırladaq ki, ötən ilin yayında Azərbaycanla Aİ arasında imzalanan Memorandumda enerji əməkdaşlığının yeni istiqaməti ilə bağlı  konkret müddəalar öz əksini tapıb. Bundan başqa, 2022-ci il 17 dekabr tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Həmin sazişə əsasən Azərbaycan qoca qitəyə Qara dənizin dibi ilə çəkiləcək marşrutla elektrik enerjisi ixrac edəcək.

Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanı??b, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Hazırda ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə

2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 %-ə çatdırılmasıdır.

Qeyd etdiyimiz kimi, transmilli şirkətlər bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə respublikamızla əməkdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. 2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Bir il bundan əvvəl - 2022-ci il yanvarın 13-də Gülüstan sarayında Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. “Acwa Power” şirkəti tərəfindən tikilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir.  Sözügedən KES Azərbaycanda ən böyük külək elektrik stansiyası olacaq. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu, ölkəmizdə qeyri-neft sektorunda xarici investisiya əsaslı həyata keçirilən ən böyük layihələrdən biridir.

“Masdar”la imzalanan yeni sazişlər

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir. Bu şirkət artıq respublikamızda da yaxşı tanınır. 2022-ci il 15 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei iştirak ediblər. “Masdar”ın investisiyaları hesabına inşa olunan Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da 110 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir. Stansiya, həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Bununla da 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq

Prezident İlham Əliyevin BƏƏ-nə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR və “Masdar” şirkəti arasında imzalanan sənədlər yeni əməkdaşlıq perspektivləri açır. SOCAR-dan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki,  sözügedən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30