Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beyin axınına “yox”, beyin qazancına “hə”

Beyin axınına “yox”, beyin qazancına “hə”

24.01.2023 [10:36]

MÜBARİZ

Özünün ardıcıl siyasətini müasir dövrün trendlərinə və çağırışlarına uyğun quran Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyir və rəqəmsal iqtisadiyyat quruculuğunda yüksək nailiyyətlər əldə edir. Bunu aşağıdakı faktlar da təsdiqləyir. Respublikamızda idarəetmədə, xidmət sahəsində, aqrar sektorda rəqəmsal texnogiyaların tətbiqinin əhatə dairəsi getdikcə genişlənir. Eyni zamanda, bu seqment üzrə istehsal artır. Ölkədə 2022-ci ildə 237,1 milyon manatlıq kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsal olunub. O cümlədən 2021-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə çox olub. İl ərzində  informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 742,8 milyon manatlıq xidmət göstərilib ki, bu da əvvəlki illə müqayisədə 14,8 faiz çoxdur. Eləcə də 2022-ci ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,7 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

İKT sektorunda yeni güzəştlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanın İKT sektorunda genişmiqyaslı güzəştlər tətbiq edilir. Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb. Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alıb. Bu dəyişikliklərə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri nəzərdə tutulub. Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmur.

Artıq tətbiqinə start verilən dəyişikliklər vergi və sosial müdafiə güzəştləri ilə bağlı ölkədə konkret bir sektoru hədəfləyən ilk paketlərindən biridir. Nəzərdə tutulan vergi güzəştləri Prezident İlham Əliyevin Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət və qayğısının göstəricisidir. Tətbiq edilən dəyişikliklərin əsas məqsədi ölkəmizdə İKT sahəsinin stimullaşdırılması, sahəyə yeni təmsilçilərin cəlb olunması və ölkəmizin regionun İKT mərkəzinə çevrilməsidir. Güzəştlər, həmçinin xarici İKT şirkətlərinin Azərbaycanda filial və ya nümayəndəlik açması, yerli bazara xarici investisiyaların cəlb olunması və “beyin axını”nın “beyin qazancı” ilə əvəz edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizi innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin sayı daha çox olmalıdır.  Bunun üçünsə ölkəmizdən “beyin axını”nın qarşısını almaqla yanaşı, həm də xarici ölkələrdən mütəxəssislər cəlb edilməlidir. Əcnəbi mütəxəssislərin və beynəlxalq şirkətlərin ölkəmizə üz tutması iqtisadi aktivliklə yanaşı, Azərbaycanda biznes mühitinin və startap mədəniyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Ölkə olaraq bu təcrübəni enerji sektorunda yaşamışıq. Qabaqcıl transmilli şirkətlərin respublikamıza sərmayə qoymaları mühüm iqtisadi təsirlərlə yanaşı, milli mütəxəssislərin, o cümlədən yerli biznes rəhbərlərinin formalaşmasını şərtləndirdi. Nəticə etibarilə, beynəlxalq şirkətlər bu gün həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda uğurla çalışan yüzlərlə yerli mütəxəssis formalaşdırıb. Son nəticədə qanunlara və məcəllələrə edilən dəyişikliklər ortamüddətli perspektivdə Azərbaycanın İKT sektoruna canlanma gətirəcək və sahibkarlıq mədəniyyətinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Beynəlxalq Astronavtika Konqresinə hazırlıq

Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Söhbət Beynəlxalq Astronavtika Konqresindən gedir. Bir neçə gün bundan əvvəl Baş nazir Əli Əsədovun sədrliyi ilə 2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident

İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclası açan Təşkilat Komitəsinin sədri Ə. Əsədov ilk dəfə 1950-ci ildə Parisdə keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunduğunu bildirib. O,  tədbirin miqyasını və önəmini nəzərə alaraq onun yüksək səviyyədə təşkil edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xatırladaq ki, Azərbaycan artıq bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. O dövrdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində konqres keçmiş ittifaqda ilk dəfə Bakıda keçirilib. Ümummilli Liderin hərtərəfli inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində 50 ildən sonra Azərbaycanın bu mötəbər tədbirə artıq müstəqil dövlət kimi yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyıır. Son illərdə ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Respublikamız ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bir qayda olaraq yüksək standartlar müəyyənləşdirir. Bütün bunlar da dünyada böyük nüfuza malik Beynəlxalq Astronavtika Federasiyası tərəfindən 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş Baş Assambleya çərçivəsində Bakı şəhərinin növbəti konqresə ev sahibi seçilməsini şərtləndirib.

Təşkilat Komitəsinin ilk iclasında bütün bu nailiyyətlərin konqresin ən yüksək səviyyədə keçirilməsinə şərait yaradacağına əminlik ifadə olunub. Konqresin keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığı və icra edilməsi üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq verildiyi diqqətə çatdırılıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31