Avropanın enerji gündəliyi Bakıda müəyyənləşir
03.02.2023 [10:14]
Bir neçə ölkəni, iki dənizi birləşdirən layihə
Mübariz ABDULLAYEV
Dünyanın nəzərləri yenidən Azərbaycan paytaxtına dikilib. Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. Qürurverici haldır ki, 2015-ci ildən etibarən Avropanın enerji təhlükəsizliyi məsələləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində məhz Bakıda müzakirə olunur. Xatırladaq ki, indiyədək bəhs olunan formatda 8 iclas keçirilib. İlk belə toplantı 2015-ci il fevralın 12-də keçirilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda sonuncu müzakirələr 2022-ci il fevralın 4-də aparılıb. Beləliklə, deyə bilərik ki, Avropanın enerji gündəliyi məhz Bakıda müəyyənləşdirilir.
Genişlənən format və gündəlik
Bu dəfə 2015-ci ildən etibarən ənənəvi olaraq Bakıda baş tutan tədbirin format? genişləndirilib və ona Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da əlavə olunub. Budəfəki toplantıya Avropa Komissiyasının, eləcə də Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri qatılıblar. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.
Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Göründüyü kimi, bu dəfə tədbirin yalnız formatı deyil, onun gündəliyi də genişlənib. Bu isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasına dəlalət edir. Müstəqil Azərbaycanın ulu öndər Heydər
Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni enerji strategiyası mərhələlərlə reallaşdırılır. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınır ki, bu da uğurları şərtləndirir. Enerji siyasətimizin birinci mərhələsi Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının transmilli şirkətlərin iştirakı ilə işlənilməsinə başlanılması ilə əlamətdar oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib.
Enerji siyasətimizdə ikinci mərhələ
Ölkəmizin enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. “Şahdəniz” yatağının ehtiyatlarının müəyyənləşdirilməsi ilə Azərbaycan dünyada həm də mavi yanacaq ölkəsi kimi tanınmağa başladı.. Azərbaycan uğurlu siyasət sayəsində ölkənin mavi yanacaq ehtiyatlarının işlənməsinə də investisiyalar cəlb etməyə nail oldu. İndiki mərhələdə qlobal miqyasda, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında enerji resurslarına, xüsusən də mavi yanacağa tələbatın artması ölkəmizin enerji siyasətinin necə məharətlə və uzaq perspektivə hesablanaraq hazırlandığını bir daha təsdiqləyir. Hazırda Avropada kəskin enerji böhranı yaşanır. Qoca qitə yeni mənbələrdən mavi yanacaq tədarükünü artırmağa çalışır. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Aİ-nin artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur.
Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Eyni zamanda, yaxın perspektivdə “Abşeron” yatağından yaxşı nəticələr əldə ediləcəyi gözlənilir. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” və digər yataqlar da çox ümidvericidir. Bütün bunlar Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının bundan sonra da onilliklər boyunca davam edəcəyinə ciddi əsaslar yaradır. Buna əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.
Xatırladaq ki, ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədi Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen imzalayıblar. Artıq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının yol xəritəsi sayılan Memorandumun icrasına start veri?ib. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edibsə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrə çatdırılıb. Cari ildə isə ölkəmizdən qoca qitəyə mavi yanacaq ixracının həcmi ən azı 11,6 milyard kubmetrədək artırılacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün bildirək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Əlamətdar haldır ki, Azərbaycanın Avropada qaz tədarük etdiyi ölkələrin coğrafiyası da genişlənir.
Zəngin yaşıl enerji potensialı
Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən yaşıl enerji istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsinə aiddir. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir.
Azərbaycanda bərpaolunan mənbələrindən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq.
Azərbaycana böyük üstünlüklər qazandıran Cənub Qaz Dəhlizi
Avropa İttifaqı məkanı üçün yeni mənbə sayılan Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz zamanında Ulu Öndərin və sonrakı mərhələdə Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində hər cəhətdən əlverişli sayılan müasir ixrac infrastrukturunun qurulmasına nail olub. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi- Ərzurum, Bakı-Tbilisi-Ceyhan bu sırada yer alır. Mavi yanacaq ixracı üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə skeptik yanaşılırdı. O amil əsas gətirilirdi ki, minlərlə kilometr məsafədə uzanacaq transmilli qaz infrastrukturunun yaradılmasına yönəldilən investisiyalar neft hasilatı ilə müqayisədə daha az gəlir gətirəcək. Ancaq Azərbaycan özünün güclü iradəsinə əsaslanmaqla hədəflərə doğru inamlı addımlar atmağa nail oldu. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalandı və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi oldu. Eyni zamanda, Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP (Trans Anadolu Qaz Boru Kəməri) adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (o dövrdə baş nazir) imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi.
Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində qısa müddətdə dörd seqment üzrə böyük iş həcmi yerinə yetirilib. Belə ki, “Şahdəniz” yatağının istismara hazırlanması üçün lazımi işlər görülüb, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı layihələr tamamlanıb. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirir. 2019-cu ilin noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin inşası tamamlandı. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan və inşası 2020-ci ilin dekabrında tamamlanan TAP (Trans Adriatik Boru kəməri) İtaliyaya qədər uzanır. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır.
Avropanın mavi ynacağa artan tələbatı fonunda Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ehtiyac var. Hazırda Avropada Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır. Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı planlardan da ətraflı bəhs edib. “Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |