Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Dəliyə yer ver”ən Tehran...

“Dəliyə yer ver”ən Tehran...

03.02.2023 [10:30]

“Kalaşnikov”u qatilə necə ötürüb?

Nicat Dilqəmli

İrandakı səfirliyimizdə törədilən terror hadisəsinin təfərrüatları bir neçə gündür ki, həm yerli, həm də beynəlxalq ictimaiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Məlum olduğu kimi, hadisə baş verdikdən sonra İran vətəndaşı olan Yasin Hüseynzadə adlı terrorçu saxlanıldı. Düşündürücü məqam isə İran hökumətinin bir qədər sonra baş vermiş hadisəni fərqli şəkildə təqdim etmək üçün məntiqsiz, əlaqəsiz açıqlamalar verməsidir. Səsləndirilən fikirlərin heç bir məntiqə söykənmədiyini başa düşmək üçün isə İran tərəfinin açıqlamalarını xronoloji ardıcıllıqla sadalamaq kifayət edir.

Terrora göz yuman İran polisi

Hadisənin baş verməsindən dərhal sonra yayılan ilk videogörüntülərdə terrorçunun səfirlik binasına daxil olarkən səfirlik binasının qarşısında dayanan mühafizə əməkdaşına əli ilə nə isə bildirdiyi açıq şəkildə görünür. Əli silahlı bir vətəndaşın çox rahat şəkildə başqa bir dövlətin ərazisinə daxil olması faktı İranın bu kimi əməlləri dəstəklədiyinin bəlkə də ən bariz nümunəsidir. Bu barədə elə İran mediası da geniş material hazırlayıb. Məqalədə Tehran polisinin terrorçuya mane olmadığı və hücuma şərait yaratdığı qeyd olunub. “Tehran polis rəisi, general Hüseyn Rəhimi iddia edib ki, hücum edən şəxs iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub və “İran polis qüvvələrinin təcili reaksiyasından” sonra həbs edilib. Səfirliyin təhlükəsizlik kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda avtomobildə təcavüzkardan başqa heç bir sərnişinin olmadığı aydın görünür. Bu, Tehran polis rəisinin ilk yalanıdır. Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır. Bu açıqlamalara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da general Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir”.

Terrorçuya meydan verən İran telekanalları

Terrorçu saxlanıldıqdan sonra İran telekanalları ondan müsahibə alır. Kadrlardan müsahibənin hansısa dövlət qurumunun binasında alındığı aydın şəkildə görünür. Terrorçuya danışmaq üçün şərait yaradılır, o isə müsahibəsində “səfirlik binasında saxlanılan arvadını xilas etmək üçün” oraya hücum etdiyini bildirir. Lakin İranın oxu bu dəfə də daşa dəyir. İran mediası yazır ki, təcavüzkarın övladı adlandırdığı gənc qız anasının səfirlikdə deyil, Azərbaycanda olduğunu və onunla telefonla danışdığını deyir.

İranın növbəti “ixtira”sı

Bütün uydurma cəhdlərinin fiaskoya uğradığını anlayan İran bu dəfə daha “ağıllı” davranmaq istəyi ilə terrorçunun psixi problemlərdən əziyyət çəkdiyini bildirir. Bir az da inandırıcı olması üçün terrorçu ruhi xəstəxanaya yerləşdirilir. Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə şizofreniya daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir. Məlumata görə, səfirlikdə terror aktı törədən cinayətkar azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanasında qalacaq və müxtəlif müayinələrdən keçiriləcək. Yəqin ki, İran bununla məsələni bir ay ərzində ən azından dondurulmuş vəziyyətə salmaq istəyirdi. Amma bu, deyəsən, elə istək olaraq da qalacaq və ya artıq qaldı.

SEPAH-la əlaqələr, yük maşını sürücüsü, 7 il...

İran mediasında terrorçu barədə ətraflı məlumat dərc edilib.  Məqalədə deyilir: “1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. İllərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyib, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub”. “Gooya News”-un məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır: “Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyalarının yatırılmasında iştirak etdiyi barədə məlumatlar var”. Materialda onun həyat yoldaşı haqqında məlumatların az olması da diqqətə çatdırılır.

Polis anbarından cinayətkara ötürülən silah

Səfirliyimizə basqında istifadə edilən silah bir neçə il öncə Loristan bölgəsində cinayətdə ələ keçirilib, daha sonra bu silah maddi sübut qismində Zəngan (Zəncan) polisinə saxlanmağa verilib. Belə olduğu halda, Zəngan polisinin anbarında saxlanan avtomat silah hansı yollarla Yasin Hüseynzadənin əlinə keçib?

Hadisənin terror aktı olduğunu xüsusilə vurğulayan İran saytı təcavüzkarın keçmişdə SEPAH ilə əməkdaşlığını və Bəsic qüvvələri ilə hələ də əlaqə saxladığını bir daha xatırladaraq əməliyyatın “dəqiq və layihələndirilmiş əməliyyat” olduğunu yazıb:

“İran təhlükəsizlik orqanları bu şəxsin ailədaxili münaqişələri ilə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma pərdə çəkir”

“Azərbaycan tərəfi burada çox ciddi iradə və qətiyyət  nümayiş etdirdi. Bunun nəticəsində İran tərəfi digər planlara keçməyə məcbur oldu”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib. Söhbət əsnasında siyasi şərhçi terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi barədə də qənaətlərini bölüşdü: “Qeyd etməliyik ki, cinayətkarın ruhi xəstəxanaya yerləşdirilməsi və normal, anlaşıqlı vəziyyətdə olmamasına, affekt halda olmasına, yaxud digər mülahizələrə gətirib çıxaran addımlar onun çox tezliklə azadlığa buraxılacağı ilə bağlı ehtimalları da gücləndirir. Çünki bilirik ki, şəxsin ruhi dispanserə yerləşdirilməsi gələcəkdə bəraət almasına, onun bağışlanılmasına da gətirib çıxara bilər”.

Politoloq həmin şəxsin xüsusi xidmət orqanlarının əməkdaşı olmasını istisna etmədiyini də qeyd edərək bir sıra önəmli məqamlara diqqət çəkib: “Digər məsələ isə onun keçmiş SEPAH əməkdaşı olması faktının mediada tirajlanmasıdır. Zatən video yazısında da görürük ki, terroru törədən şəxs çox soyuqqanlıdır, silahla çox yaxşı davranış nümayiş etdirir, cinayət hadisələrinin törədilməsi onun üçün ilk hal deyil və məqsədli şəkildə belə sifarişləri icra edir. O da aydın olur ki, həmin şəxs fiziki baxımdan da çox güclü və hazırlıqlıdır. “Kalaşnikov” avtomatı ilə çox məharətlə davranır. Bu, həm də onun xüsusi xidmət orqanlarının əməkdaşı olması və SEPAH-la bağlantılarını da üzə çıxarır”.

“İran tərəfi çaşqınlıq formalaşdırmağa, prosesi tamamilə başqa məcralara yönəltməyə çalışır. Azərbaycan tərəfi bütün istintaq gedişi və istintaqın hüquqi məcrada davam etməsi yönündə qərarlıdır. Düşünürəm ki, bu proses sadəcə olaraq Azərbaycanla İran arasında diplomatik münasibətlərə təsir etmədi, daha geniş anlamı vardır. Diplomatik missiyamızın Tehranda bağlanılması, diplomatlarımızın təxliyyə olunması 30 illik İran-Azərbaycan münasibətlərinə çox böyük zərbə vurdu”, - deyə İ.Hüseynov fikirlərinə yekun vurub.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30