Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İRR camaşırxanası...

İRR camaşırxanası...

03.02.2023 [10:47]

Ermənistan bankları İranın çirkli pullarını yuyur

Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələləri ortaya çıxardı. Burada ən diqqət çəkən məqam isə İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi.

Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. “Din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir.

Bu kimi davranışlar isə ortaya bir sıra suallar çıxarır. İran Ermənistanla hansı gizli işbirliyindədir ki, bu maraq hətta “din marağını” da üstələyib. Təbii ki, yada düşən ilk səbəb İranın maddi maraqlarıdır. Erməni işğalının davam etdiyi 30 il ərzində İran Azərbaycanın işğal altındakı torpaqlarından keçən yolu özü üçün “qaçaq yolu” elan etmişdi. Ermənistan - İran işbirliyi bununla da məhdudlaşmırdı. Gizli narkotik işbirliyi ilə yanaşı, İran Ermənistandan çirkli pullarının yuyulmasında da istifadə edirdi.

Ermənistan İranın “arxa bağçası” rolunda...

Bu məqamla bağlı dəfələrlə Qərb mətbuatında, eləcə də İran mətbuatında “eyhamlar” vurulub. Məsələn, SEPAH-ın Avropada “terror təşkilatı” kimi tanınması, qəbul edilməsi İranın bir çox işlərini müşkülə salmışdı. Bu müşkül hələ də davam edir. Başqa sözlə, Ermənistan sanksiyalar içərisində boğulan İran üçün kiçik nəfəslik kimi işə yarayıb və yarayır - Ermənistan banklarında həm çirkli pullarının yuyulmasını həyata keçirir, həm də qanunsuz şəkildə mallarının dünyaya satışını və dağıtımını təmin edir. İllər öncə baş verən və Qərb mətbuatının yazdığı “təyyarə qalmaqalı” da bunu sübut edir. İran Ermənistanda əsasən tikinti biznesi, daşıma, qida sektoru və digər bu kimi fəaliyyətlə özünə kiçik “pul yuma şəbəkəsi” formalaşdırıb. Yaradılan xarici ofşor şirkətlər vasitəsilə Ermənistan banklarında formalaşdırılan sistem İranın öz çirkin niyyətini həyata keçirməsi üçün imkan yaradır. İran özünün xarici əlaqələrini məhz Ermənistan üzərindən qurur, həyata keçirir. Ermənistanda açılan “şirkətlər” İran hakimiyətinə sanksiyalardan bir az da olsa, qurtulmaq imkanı yaradır. İş Ermənistan vasitəsi ilə görülur - çirkli pullar Ermənistan vasitəsi ilə yuyulur. Bu sistemdə vaxtilə ən mühüm yer məhz narkoticarətə ayrılsa da, artıq bu məsələ reallaşa bilmir. Səbəb isə artıq İran yük maşınlarının sərhəd xətti rahat şəkildə keçə bilməməsidir. Daha doğrusu, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bu tranziti çətinə salıb. Amma bununla belə, çirkli pul yuma əməliyyatı digər sektorlar üzrə hələ də davam etməkdədir.

İranın separatçılarla “nağdlaşdırma” əməliyyatları...

Çirkli pulların yuyulmasında Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı qondarma separatçı qurum da “fəal” rol oynayıb. Məsələn ən son hadisə - ötən ilin noyabrında İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər edən 27 nəfər şəxslə bağlı rəsmi Tehran açıqlama vermir. Xatırladaq ki, noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi ilə bağlı mediada məlumatlar dərc edilmişdi və Azərbaycan XİN bununla bağlı açıqlama yaymışdı. Amma rəsmi Tehran susdu.

Proses məlumdur - 30 ilə yaxın müddətdə işğal altındakı torpaqlar vasitəsilə xaricə “mal” daşıyan İran erməni lobbisinin separatçı quruma yönəltdiyi ianələri “nağdlaşdırmaqla” məşğul olub. Təbii ki, burada hər tərəfin öz məqsədi olub - İran bu yolla özünün ətrafındakı sanksiya çəmbərindən yaxa qurtarmağa çalışıb, separatçı rejimin rəhbərləri isə bu nağdlaşmadan öz faizlərini alıblar.

“Hədiyyə silahlar” çirkli pul əməliyyatlarının qarşılığıdır...

İran ilə Ermənistan arasında daha bir “alver” predmeti isə qanunsuz şəkildə ötürülən silahlar olub. Yenə də son hadisələri xatırlayaq - ötən ilin sonuna yaxın KİV belə bir məlumat yaymışdı ki, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl - oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah - 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilib. İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Amma məsələnin əsl mahiyyəti bununla yekunlaşmır. İran Ermənistanın “xidmətləri” qarşılığında bu raketləri, silahları, dronları “peşkəş” edir. Yəni, Tehran bu sursatı heç də əvəzsiz olaraq İrəvana təqdim etmir. Bu silahlar məhz çirkli pulların yuyulmasının qarşılığında İrəvana və ya Xankəndiyə göndərilir. Əks təqdirdə Tehran indiki situasiyada Ermənistana boş bir giliz də verməzdi...

Laçın yolundakı aksiya İran - Vardanyan işbirliyini də pozdu...

Qeyd edilməlidir ki, ötən ilin sentyabrından, yəni, Ruben Vardanyanın Qarabağa gəlişindən sonra İran ilə separatçı rejim arasında bu mənada təmaslar artırılmışdı. İran hakimiyyətinin Qarabağdakı separatçı quruma “dəstəyinin” qarşılığında Azərbaycan torpaqlarından çıxarılan sərvətə şərik olmaq niyyəti bu ortaqlığı daha da “dərinləşdirmişdi”. Həmin dövrdə Vardanyan Azərbaycan sərvətlərini tar-mar edəcəyini, mənimsəyəcəyini düşünürdü və bu işdə özünə “partnyor” axtarırdı. İran isə çirkli pullarını yumaq üçün yeni vasitələr, yollar və ortaqlar axtarışında idi. Onların maraqları kəsişdiyi üçün şərik işləməyə qərar vermişdilər. Amma Azərbaycanın qəti mövqeyi İranın bu arzusunu ürəyində qoydu. Diqqət etsək, İranın Azərbaycana qarşı aqressiyası ötən ilin dekabrın 12-dən başlayaraq Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyalarının başlaması ilə daha da kəskinləşdi. Bu da boş yerə deyildi. İran əlinə düşən fürsətin çıxmasından heyfslənir...Aİ missiyasına “göz yuman” Tehran “əndişədədir” - pul tələsi “təhdid altında”

İranın Ermənistanla “çirkli pul yuyulması” işbirliyini sübuta yetirən ən maraqlı detallardan biri isə, sözsüz ki, Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya qarşı rəsmi Tehranın nümayiş etdirdiyi sükut oldu.  Aİ-nin Ermənistana uzunmüddətli və çoxtərkibli missiya göndərməyə qərar verməsinə İranın seyirçi qalması ortaya bir sıra suallar çıxarır. İran sərhədlərinin pozulmasının və yaxud sərhədləri yaxınlığında kənar güclərin görünməsinin bu ölkə üçün “qırmızı xətt” olduğunu dəfələrlə bəyan edib. İranın bu fobiyası o qədər güclüdür ki, hətta regionda əməkdaşlığa xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına da etirazlar sərgiləyir. İndi isə söhbət regiona, konkret desək, İranın sərhədləri yaxınlığına Avropa İttifaqının, dolayısı ilə NATO ölkələrinin missiyasının gəlməsindən gedir. İran-Qərb münasibətlərinin necə kəskin olduğu hər kəsə bəllidir. Hazırda cənub qonşumuz ABŞ-ın və Aİ ölkələrinin sərt sanksiyaları altındadır. Qərb sanksiyalar vasitəsilə İranın ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İranın Rusiyaya silah satması təsdiqləndikdən sonra kollektiv Qərbin bu ölkəyə qəzəbi daha da artıb. Eyni zamanda, İran da Qərblə oxşar ritorika ilə davranmağa cəhdlər göstərir və zaman-zaman ABŞ-ı, Aİ ölkələrini təhdid etməkdən çəkinmir. Belə olan halda İran nə üçün düşmən qüvvələrinin Ermənistanda görünməsinə kiçik bir etiraz belə bildirmir?

Ortaya yenə də iqtisadi maraqlar məsələsi çıxır. İran anlayır ki, edəcəyi hər hansı bir etiraz Avropanın onunla daha yaxından “maraqlanmasına” yol açacaq. İndiki çətin halda isə bu İrana sərf etmir. İran sakit və seyrci qismində qalmaqla Ermənistanla yürütdüyü işbirliyini “ifşa etmək” istəmir. Yoxsa, pul tələsi əlindən çıxar...

SADİQ 

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30