Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Suallar yaradan “humanizm” jesti

Suallar yaradan “humanizm” jesti

01.03.2023 [10:45]

Beş aydan çoxdur ki, daxili etirazlarla, vətəndaş itaətsizliyi ilə çalxalanan İrandan Ermənistana daha bir dəstək jesti gəlib. Belə ki, mollakratiya yenə də ermənilərə münasibətdə “humanizm” nümayiş etdirməyə qərar verib. İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bildirib ki,  ölkəsi ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır. İranlı nazir etiraf edib ki, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. Seyid Sultan Mortazavi Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu gizlətməyib. “Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk”, - deyə Mortazavi bildirib.

İranın köhnə və yeni Ermənistan sevdası

İranlı nazirin bu açıqlaması suallar doğurur. Görəsən, daxili problemlərini çözməkdə çətinlik çəkən, vətəndaşlarını ən adi hüquqlardan belə məhrum qoyan, zəlzələnin fəsadları ilə üz-üzə qalan azərbaycanlılara yardım əli uzatmayan rejim nə üçün Ermənistana münasibətdə çox səxavətlidir? Elə buradaca xatırladaq ki, İranın Ermənistanın yanında yer alması, bu ölkəyə qucaq açması yeni bir mövzu deyil. Postmüharibə dövründə mollakratiya sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi barədə qırmızı xətdən danışır. Bəs nə üçün bu qırmızı xətt zərurəti İranın indi yadına düşür? Axı qonşuluqda işğal baş vermişdi. Ermənistan gücdən istifadə etməklə Azərbaycanın sərhədlərini pozmuşdu, 11 min kvadratkilometrdən çox ərazini işğal altına almışdı. Elə Azərbaycanla İran arasında 130 kilometrlik sərhəd də dağıdılmışdı və qeyri-qanuni olaraq Ermənistanın nəzarətinə keçmişdi. Ancaq 30 il davam edən işğal dövründə mollakratiya sərhəd təəssübkeşliyini tamam yaddan çıxarmışdı. Əksinə, sərhədlərin dağıdılması İran rejimini əməlli-başlı məmnun etmişdi. Dağıdılan sərhədlərdən keçməklə İrandan Ermənistana və oradan da Avropayadək uzanan narkotrafik qurulmuşdu. İran şirkətləri Azərbaycanın işğala məruz qalan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olurdular.

İran özünü İslam dövləti adlandırır və ideoloji təməlində müqəddəs dinimizin qayda-qanunlarının dayandığını bəyan edir. Biz real müstəvidə İranın İslam dəyərlərindən və həmrəyliyindən çox-çox uzaq məsafədə dayandığının şahidi oluruq. Bu necə İslam dövlətidir ki, Ermənistanın müqəddəs dinimizə aid abidələri dağıtmasını, təhqirlərə məruz qoymasını, oraya ermənilər tərəfindən it, donuz bağlamasını görməzdən gəlib? Bu necə İslam dövlətidir ki, yüz minlərlə din qardaşını ev-eşiyindən didərgin salan, amansız qətllərə məruz qoyan Ermənistana qucaq açır? Otuz illik işğal dövründə İranla Ermənistanın əməkdaşlığı yalnız çirkin narkotrafiki, qanunsuz iqtisadi fəaliyyəti əhatə etmirdi. İran işğalçı dövləti həm də silah-sursatla dəstəkləyirdi. Ölüm saçan bu silahlar Ermənistana çox ucuz qiymətə, bir sıra hallarda pulsuz tədarük olunurdu. İran Ermənistana hərtərəfli dəstəyini postmüharibə mərhələsində də davam etdirir. Ötən ilin sentyabr ayında Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca törədilən təxribatlarda erməni hərbi birləşmələrinin İran istehsalı olan silahlardan istifadə etmələrinə dair faktlar aşkarlanıb. Postmüharibə dövründə heç bir zərurət olmadan Qafanda tələm-tələsik konsulluq açan İranın, həmçinin Ermənistanda təlim düşərgələri yaratmasına dair xəbərlər yayılıb. Həmin düşərgələrdə erməni hərbçilərinə döyüş nəzəriyyələri və praktikası aşılanır.

İki rejimi ortaq məxrəcə gətirən fobiyalar

Birinci və İkinci Qarabağ müharibələri Azərbaycan tərəfindən aparılan ədalətli müharibələr idi. Bizim qonşuların ərazilərini ilhaq etmək kimi bir niyyətimiz heç vaxt olmayıb. İşğala məruz qalan Azərbaycan əraziləri idi və döyüşlər də bizim ərazilərimizdə gedirdi. Doğma torpaqları işğaldan azad etmək istəyi Ordumuzun əsgər və zabitlərinə güclü motivasiya verirdi. Bunun da sayəsində Azərbaycan 44 günlük müharibədə düşməni diz çökdürərək onu kapitulyasiyaya məruz qoydu. Ermənistanın silahlı qüvvələrinin təmsilçilərinə gəldikdə isə, onlar qonşu dövlətin ərazisinə soxulmuşdular. Bu səbəbdən də onlarda motivasiya yox idi və döyüş postlarını, silahlarını qoyaraq qaçırdılar. İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda 10 mindən çox fərarinin qeydə alınması da bunun təsdiqidir. Beləliklə, mənzərə aydındır: Azərbaycanlı əsgər və zabitlər doğma torpaqları uğrunda vuruşan zaman əlillik qazanıblar. Onlar bütün cəmiyyətlərdə yüksək hörmət və ehtiram bəslənilən qazilərdirlər. Erməni əsgər və zabitlərinə gəldikdə isə biz yalnız terrorçulardan, işğalçılardan danışa bilərik. Belə olan halda İran humanizm jestini hansı ölkənin hərbçilərinə münasibətdə nümayiş etdirməli idi? Suala sağlam məntiqlə cavab verdikdə belə deyəcəyik: Əlbəttə ki, Vətənini qoruyan azərbaycanlı əsgər və zabitlərə münasibətdə! İranın isə erməni terrorçularının təəssübünü çəkdiyini görürük.

Daha bir fakta diqqət yetirək: Bu günlərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə erməni terrorçularının Xocalıda törətdikləri qətliamın 31-ci ildönümü tamam oldu. Bununla əlaqədar ayrı-ayrı ölkələrin təmsilçiləri rəsmi münasibət bildirdilər və yaxud sosial şəbəkə hesablarında paylaşımlar etdilər. İran rejimi isə bu faciəyə növbəti dəfə seyirçi qaldı və susmağa üstünlük verdi. Bütün bunlar isə erməni xisləti ilə mollakratiya rejiminin mahiyyətinin birləşməsi anlamına gəlir. Azərbaycanafobiya və türkofobiya hər iki tərəfi ortaq məxrəcə gətirir. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları sərgilədiyini təkrarlamağa lüzum yoxdur. Eyni zamanda, İran da Azərbaycan və Türkiyə faktorlarından ilan vuran ala çatıdan qorxan kimi hürkür. Yeni reallıqlar fonunda tarixi Türk coğrafiyasının bərpasına şərait yaranıb və bu, mütləq baş verəcək. Postmüharibə mərhələsində Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin hüquqi əsaslarını yaradıblar. Qonşuluqda Azərbaycan güclü dövlət kimi inkişaf edir, aparıcı regional aktora çevrilib. Ərazi bütövlüyünü öz gücünə təmin etməsi, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə başlaması bu ölkənin müsbət beynəlxalq imicini daha da möhkəmləndirib. Təbii ki, sanksiyalar və daxili etirazlar məngənəsində boğulan mollakratiya qonşuluqda Azərbaycanın gücünü və nüfuzunun artırması reallığını həzm edə bilmir və aqoniya halında son çırpıntılarını ortaya qoyur.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30