Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / «Altılı masa» kimi namizəd elan edəcək?

«Altılı masa» kimi namizəd elan edəcək?

02.03.2023 [19:47]

Nardar BAYRAMLI

Ötən ay Türkiyənin cənub bölgəsinə baş verən güclü zəlzələ ölkənin siyasi həyatına təsirsiz ötüşməyib. Bir sıra ekspertlər vəziyyətlə əlaqədar mayın 14-də nəzərdə tutulan prezident seçkilərinin təxirə salınacağı ehtimalını irəli sürürdülər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında seçkilərin təxirə salınmayacağını bəyan edib. O seçkilərlə bağlı spekulyasiya edənlərə “Yaxşı bilin ki, inşallah, bu xalq mayın 14-də lazım olanı edəcək” mesajını verib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan keçiriləcək prezident seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacaq. 

AKP liderinin bu bəyanatı müxalifəti də hərəkətə gətirib. Belə ki, martın 2-də Türkiyədə müxalifət partiyalarının “Altılı masa”sı prezidentliyə vahid namizədi müəyyənləşdirib. Bununla bağlı “Altılı masa”da iştirak edən siyasi partiyalar bəyanat imzalayıb. Partiya sədrlərinin imzaladığı sənəddə deyilir ki, “Millət İttifaqı”nda birləşən partiyalar  prezident seçkilərində vahid namizədlə iştirak edəcək. “Vahid namizəd və “yol xəritəsi” mövzusunda ortaq rəyə gəldik. Sədrlər partiya rəsmilərini məlumatlandırdıqdan sonra 6 mart tarixində vahid namizədin adı açıqlanacaq. Bununla bağlı “altılı masa” Səadət Partiyasının qərargahında yenidən bir araya gələcək”- deyə Bəyanatda vurğulanır. 

Türkiyə mətbuatı isə müxalifətin seçkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə gediləcəyini yazır. Kimdir Kılıçdaroğlu? O, 1948-ci il dekabrın 17-də Tunceli vilayətində doğulub. Paytaxt Ankarada iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib, Ankaranın Hacettepe Universitetində dərs deyib. 2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır. Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasına 2010-cu il mayın 22-dən sədrlik edir.

Qeyd edək ki, “Millət ittifaqı”nda Cümhuriyyət Xalq Partiyasından başqa “İYİ” Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası birləşib. Bu partiyalara rəhbərlik edən şəxslərin də kimliyi maraq doğurur. “İYİ” Partiyanın sədri Meral Akşenər 18 iyul 1956-cı ildə Kocaelinin İzmit bölgəsində dünyaya gəlib. İstanbul Universitetini tarix ixtisası üzrə bitirib. 1995 və 1999-cu il parlament seçkilərində Doğru Yol Partiyasından millət vəkili kimi TBMM-də təmsil olunan  Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Ərbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri vəzifəsini daşıyıb. O, 2007, 2011 və 2015-ci ildəki parlament seçkilərində isə Milliyətçi Hərəkat Partiyasından  millət vəkili kimi TBMM-də təmsil olunub. Amma 2015-ci il noyabr seçkilərində partiyasından millət vəkili kimi namizədliyi irəli sürülməyib. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyi ilə qurulan “İYİ” Partiyanın rəhbəridir. Akşenər 2018-ci ildə Türkiyədə keçirilən  prezident seçkilərində partiyasının namizədi kimi iştirak edib. 

1959-cu ilin fevral ayında Konyada dünyaya gələn Əhməd Davudoğlu isə Boğaziçi Universitetinin məzunudur. Uzun illər elmi-siyasi fəaliyyətlə məşğul olan Davudoğlu AKP-nin hakimiyyəti dönəmində Türkiyənin xarici işlər naziri, Baş nazirin müavini və Baş nazir vəzifələrində çalışıb. Vəzifədən getdikdən bir müddət sonra hakimiyyətə müxalif mövqeli Gələcək Partiyasını yaradıb.

“Millət ittifaqı”nın digər üzvü Əli Babacan isə  Demokratiya və Sıçrayış Partiyasının rəhbəridir. 1967-ci ilin aprelində Ankarada doğulan  Babacan bakalavr təhsilini Ankarada, magistr təhsilini isə ABŞ-da bitirib. O, ABŞ-da çalışıb, bizneslə məşğul olub. Sonra Türkiyəyə geri dönüb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının yaradılmasında iştirak edib və 2019-cu ilədək bu partiyanın üzvü olub. Əli Babacan 22, 23, 24 və 26-cı çağırış TBMM-də AKP-ni millət vəkili olaraq təmsil edib. Eyni zamanda, Ərdoğan hökumətində Türkiyənin iqtisadiyyat naziri, xarici işlər naziri, Avropa Birliyi üzrə nazir və Baş nazirin müavini vəzifələrində çalışıb. 2020-ci ildə isə Əli Babacanın rəhbərliyi ilə Demokratiya və Sıçrayış Partiyası yaradılıb.

“Millət ittifaqı”nın digər üzvü Səadət Partiyasının lideri Təməl Karamollaoğlu isə 1941-ci il doğumludur. O siyasi proseslərə qoşulmadan öncə Dövlət Planlama Təşkilatında tekstil mühəndisi vəzifəsində çalışıb. Siyasətə qoşulduqdan sonra 1977-1980 və 1996-2002-ci illərdə TBMM-də  millət vəkili olub. 1989-1995-ci illər arasında Sivasda bələdiyyə başqanı vəzifəsində çalışıb. Siyasi fəaliyyətində Karamollaoğlu bir neçə partiyada təmsil olunub – Milli Salamat, Rifah və Fəzilət partiyaları. 2016-cı ildə isə Səadət Partiyasının rəhbəri seçilib. 2018-ci ildə prezident seçkilərində namizəd kimi iştirak edərək cəmi 0.89 faiz səs qazanıb.

“Altılı masa”nın digər üzvü olan Gültəkin Uysal isə müttəfiqləri ilə müqayisədə daha gəncdir. 1976-cı ildə dünyaya gələn Uysal ali təhsili ABŞ-da alıb. O, 2003-2007-ci illərdə Doğru Yol Partiyasının üzvü kimi partiya daxilində müxtəlif vəzifələr daşıyıb. 2007-ci ildən Demokrat Partiyasının üzvüdür və 2012-ci ildən bu partiyanın rəhbəridir. 2018-ci il parlament seçilərində TBMM-nin üzvü seçilib. G.Uysal Afyonda bir şəhidin cənazə törənində bayılması və başını şəhid tabutuna çarpması ilə də Türkiyə mediasının gündəminə düşmüşdü.

Amma görünən odur ki, “Altılı masa”da birləşən müxalifət liderləri prezident seçkilərində  Rəcəb Tayyib Ərdoğana qalib gəlmək imkanına malik deyillər. Ümumiyyətlə, ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyənin son 20 ilə yaxın zaman kəsiyində Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır. Avroasiya məkanında yaşanan katklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Türkiyə Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi - siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri daha da artdı. Eyni zamanda, prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2023-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.    

Türkiyə müxalifəti hesab edir ki, fevral ayında ölkədə baş verən güclü zəlzələ nəticəsində dağıntıların miqyasının geniş olması Ərdoğanın seçkilər ərəfəsində reytinqinə mənfi təsir edə bilər. Amma bu çətin sınağı da türk xalqı məhz Ərdoğan iqtidarı ilə dəf etmək iradəsini ortaya qoyacaq. Xalıqn bu iradəsi növbəti prezident seçkilərində öz təsdiqini tapacaq.

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30