Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır

Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır

11.03.2023 [10:30]

Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində  qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə  müvafiq təşkili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin  infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin   müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə nail olunmuşdur.

Heydər Əliyev  tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas  yaratmış və bunlar dönməz xarakter almışdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, dünya təcrübəsində sistemin transformasiyasının iki yolu - “şok terapiyası” və “təkamül yolu” məlumdur. Azərbaycan reallığını nəzərə alaraq Heydər Əliyev transformasiya prosesində böhrandan çıxış və perspektiv inkişaf  tədbirlər sistemini müəyyənləşdirərkən, hər bir konkret halda “şok terapiyası” və “təkamül yolu”nun prinsiplərindən ayrılıqda, tələb olunan hallarda isə onların birgə tətbiq olunmasına və iqtisadi siyasətdə koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə xüsusi önəm verirdi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq  Ulu Öndər  xüsusi qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər  ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə hələ  də dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli islahat-inkişafa yönəltdiyi  tədbirlər Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.

Müstəqilliyin ilk illərində Ulu Öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük. Ancaq hazırda bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədən məharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir. Bu tədbirlər  ölkəmizin bir dövlət kimi mövcudluğunun  şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə - 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun apardığı dərin məzmunlu, məqsədyönlü və  səmərəli işlər  nəticəsində mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki müstəqilliyin ilk illərində  Azərbaycanda hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən ölkədə iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmişdi. Belə ki, 1991-1995-ci illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20% səviyyəsində işləmiş, illik geriləmə sənayedə 20-24%-ə, kənd təsərrüfatında 15-20%-ə, əsaslı vəsait qoyuluşunda 40%-ə düşmüş, istehlak mallarının qiymətinin ildə 14-18 dəfə artması iqtisadi və sosial sahənin sıradan çıxmasına səbəb olmuşdur.

Bu dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə yenidən gəldikdən sonra müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran problemlərin ağırlığını və xalqın qarşısında məsuliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: “Ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm”. Onun böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların qanunvericilik bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla qeyd olunanların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi. Onu da xüsusi qeyd etmək lazımdır ki , Ulu öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya ölkədə makroiqtisadi sabitliyin  təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması; bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması ölkəmizin strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal və səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilk mərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün fəsadlarını  özündə əks etdirən bir dövrdə yaşayırdı.

Milli iqtisadiyyatın bazar prinsipləri əsasında təşkilinin ilk illərində getdikcə azalan milli gəlirdə yığımın payının azalması, təkrar istehsal imkanlarının və sərmayə qoyuluşu ilə əlaqədar maraqların ən aşağı səviyyədə olması ölkə iqtisadiyyatına yerli və xarici investisiyaların kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Bunun nəticəsi olaraq 1991-1995-ci illərdə ölkədə ÜDM - 58%, sənaye məhsulu - 67%; kənd təsərrüfatı məhsulu 48%; əsaslı vəsait qoyuluşu 48,5% azaldığı halda, Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə islahat və islahat-inkişaf xarakterli makroiqtisadi sabitləşmə tədbirlərinin həyata keçirilməsi nəticəsində  1997-2003-cü illərdə ÜDM-74,8%; sənaye məhsulu 30,8%; kənd təsərrüfat məhsulu 58,0%; əsaslı vəsait qoyuluşu isə 4,7 dəfədən çox artmış, adambaşına düşən ÜDM-in həcmi 1993-cü ildə 179,9 dollar, 1995-ci ildə isə 319,3 dollar olduğu halda, bu rəqəm 2003-cü ildə 1995-ci ilə nisbətən 4,9 dəfədən çox artaraq 879,7 dollara , xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq 5,28 milyard dollara çatmış, habelə ticarət dövriyyəsinin ümumi strukturunda idxal 3,9 dəfə, ixrac isə 4,1 dəfə artmışdır.

Azərbaycanın müasir iqtisadi inkişaf modelinin müəllifi Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə  1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsinin birgə kəşfıyyatı və işlənməsi üzrə 7 ölkənin 11 məşhur şirkəti ilə “Əsrin müqaviləsi” adlandırılan saziş  bağlamış və  ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. Əsrin müqaviləsi” Xəzər dənizində ilk iri miqyaslı layihənin həyata keçirilməsində  beynəlxalq əməkdaşlığın əsasını qoydu. Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması  olkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını yaratdı və nəticədə  bu tədbirlərin həyata keçirilməsi hal-hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. Eyni zamanda Azərbaycanda  etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan vermişdir. Bağlanmış müqavilələrə görə, birbaşa xarici investisiyaların ümumi məbləği təqribən 60 milyard ABŞ dolları təşkil edirdi. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı və qısa müddətdə 12 milyon ton xam neft hasil edilərək xarici ölkələrə ixrac edildi və ümumən neft hasilatı artaraq 2000-ci ildə 14,1 milyon tona çatmışdır.

Qeyd etmək lazımdır ki,“??rin müqaviləsi” imzalandığı vaxtdan  hal-hazırki vaxta kimi dünyanın 20 ölkəsinin 34 nəhəng şirkəti ilə 23 beynəlxalq müqavilə bağlanmışdır. Ulu Öndərin müəllifi olduğu “Yeni Neft strategiyasının” müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, xarici, işgüzar dairələrin böyük həcmli investisiyalarının  respublika iqtisadiyyatına cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edilmiş, bağlanmış müqavilələrin nəticəsində ölkənin neft-qaz sənayesinə 60 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və onun reallığa çevrilməsi Heydər Əliyevin “Yeni neft strategiyasının” ən mühüm nailiyyətləri kimi yüksək dəyərlərə malikdir. Azərbaycanda hasil olunan neftin dünya bazarlarına çıxarılması məqsədilə 1999-cu ilin noyabrında ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və

Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış, 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə ixrac neft kəmərinin özülü qoyulmuşdur. Əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında başa çatdırılmış, aparılan bu işlər nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2006-cı ildə tam fəaliyyətə başlamış və qeyd olunan layihə dünyanın ən qabaqcıl texnika və texnologiyalarının gətirilməsində və böyük həcmli xarici investisiyaların Azərbaycana cəlb edilməsində çox mühüm rola malik olmuşdur. Azərbaycanda xarici investisiyalar üçün etibarlı mühit, eyni zamanda, əlverişli siyasi, iqtisadi, hüquqi şəraitin yaradılması üçün ölkədə kompleks tədbirlər həyata keçirilməsi istiqamətində zəruri və mühüm islahatlar və səmərəli işlər aparılmış, bu isə öz növbəsində yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Yəni, bu mərhələdə ölkədə investiya mühitinə təsir edən münbit iqtisadi şəraitin yaradılması məqsədi ilə Azərbaycanda  Avropa standartlarının tələblərinə  müvafiq zəruri qanunverici bazası yaradılmışdır. Həyata keçirilən  bu tədbirlər ölkədə əlverişli investisiya mühitinin yaradılması, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında mühüm rolu olmuşdur. Beləki, bu istiqamətlərin  ölkəmizdə qəbul edilən  “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənməsi təmin edildi.

Qeyd etmək lazımdır ki, 1994-cü ilin sentyabrında bağlanmış “Əsrin müqaviləsi” neft sənayesinin intensiv inkişafının, ölkənin milli iqtisadiyyatının dünyanın qabaqcıl ölkələrindən geriləməsinin qarşısının alınmasının və perspektivdə inkişafının əsasını qoydu. Neft ehtiyyatları 1 trilyon tonadək müəyyənləşmiş “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə müqavilədə layihənin işlənilməsinə ilkin olaraq 7,5 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulmuşdursa, SOCAR-ın hesabatına görə, 1995-2013- cü illərdə qoyulan investisiyaların həcmi 51,6 milyard ABŞ dolları səviyyəsinə çatdırılmışdır. Eyni zamanda ölkəmiz üçün bu müqavilənin iqtisadi əhəmiyyəti ondan ibarət olmuşdur ki, 2009-cu ildən başlayaraq gəlir neftin 80 faizə qədəri Azərbaycan Respublikasının payı oldu,  Azərbaycanın gəliri 30 il ərzində o zamank? qiymətlərlə 34 mlrd. ABŞ dolları ilə dəyərləndirildi. Xüsusi olaraq göstərmək lazımdır ki, həyata keçirilən neft strategiyası yerli müəssisələrin müasir texnologiyalarla təchiz edilməsinə, bu müəssisələrdə infrastrukturların yenidən qurulmasına və müxtəlif həcmli yeni infrastrukturların yaranmasını təmin etdi.

Bu dövürdə  Ulu Öndərin rəhbərliyi ilə ölkədə həyata keçirilən bu layihələr nəticəsində 1994-2000-ci illər arasında investisiya sıçrayışı nəticəsində Azərbaycan iqtisadiyyatına 11,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuş, bunun 8,3 mlrd, dolları xarici, 3,1 mlrd, dolları isə daxili investisiyalar olmuş, yəni xarici investisiyanının cəlb edilməsi 2,7 dəfə çox olmuşdur.

2000-2014-cü illərdə isə Azərbaycan iqtisadiyyatının sahələrinə qoyulan ümumi investisiyaların tərkibində xarici investisiyaların xüsusi çəkisi 65 faiz təşkil etmişdir. Bununla yanaşı, respublika iqtisadiyyatının inkişafına yönəldilən daxili investisiyaların həcmi sürətlə artmış, yəni 2000-ci ildəki 460,3 milyon manatdan 2014-cü ildə 12715 milyon manata çatmış və ya 27,6 dəfə çox olmuşdur.

Bunlarla yanaşı xüsusi olaraq qeyd etmək  lazımdır ki, müstəqilliyin ilk ilində Ulu Öndər Azərbaycanda müstəqil iqtisadi islahatlar aparılmasının ilk modelini Naxçıvan MR-da yaratmağa başlamış (burada xüsusi ilə aqrar sahəsində) belə ki, muxtar respublikanın blokadadan çıxarılması məqsədi ilə o, Türkiyə Respublikası və İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığın yaradılması və genişləndirilməsinə xüsusi əhəmiyyət verirdi.

Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini (iqtisadiyyatda qeyri-müəyyənlik, işsizliyin, inflyasiyanın yüksək səviyyəsi və sair) nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Belə ki, bu inkişaf konsepsiya Heydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli və zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. 2009-cu ilə qədər ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyətinin  müəyyənləşdirilməsi, onun mərhələlərlə həyata keçirilməsi  mexanizminin işlənilməsi olmuşdur. Ölkə  iqtisadiyyatının  inkişaf mərhələlərində  istehsal və qeyri-istehsal sahələrinin əsas makroiqtisadi göstəricilərinin inkişaf  dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir. Belə ki, 1993-cü ildə ölkədə ÜDM istehsalı 1326,9 milyon ABŞ dolları olduğu halda, 2003-cü ildə bu rəqəm 7276,0 milyon ABŞ dolları (bazar qiymətləri ilə) təşkil etmişdir. Hər bir nəfərə düşən ÜDM  müvafiq olaraq 179,9 dollar və 896,8 dollar, Umumi Milli Gəlir 1995-ci ildə 2130,4 milyon manat, 2003-cü ildə 6712,3 milyon manat, xalis milli gəlir isə 1830,3 milyon manat və 5926,4 milyon manat (faktiki qiymətlərlə) olmuşdur. Sənaye məhsulu istehsalı 1995-ci ildə 8855950 min manat, 2001-ci ildə 17252108 min manat (qüvvədə olan faktiki qiymətlərlə) təşkil etmiş və dövlət büdcəsinin gəlirləri 1993-cü ildə 53,6 milyard manat, xərcləri 64,8 milyard manat olduğu halda, həmin göstəricilər müvafiq olaraq 2001-ci ildə 392,4 milyard manat və 403,7 milyard manat (fəaliyyətdə olan faktiki qiymətlərlə) səviyyəsində olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən  başlayaraq bazar iqtisadiyyatı  sisteminin prinsiplərinin  və mexanizmlərinin formalaşması məqsədilə  iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları  Ulu Öndər  mühüm və zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun  müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.

Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümum milli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin  idarəedilməsinin  təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər   ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi,  Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən  prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda   bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.

   Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası  prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu  kursu tam və uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin  dinamik inkişafının əsasını təşkil edir. Son on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. İşsizlik 5%-ə, yoxsulluğun səviyyəsi isə 50%-dən 5,4% səviyyəsinə endirilmişdir. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004-cü il) 46 milyard dollara (2018-ci il) çatmışdır. 2003-2018-ci illərdə iqtisadiyyata 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür. Növbəti illərdə də ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət proqramları , inkişaf konsepsiyaları və strategiyalar çərçivəsində inkişafa istiqamələndirilmiş trədbirlərin həyata keçiriməsi uğurla  davam etdirilmiş, belə ki, 2022-ci ildə ölkədə istehsal edilmiş ÜDM-in həcimi əvvəlki ilə nisbətən 4,6% artaraq 133825,8 milyon manat olmuş, qeyri-neft sektorunda əvvəlki il ilə müqayisədə 9,1% artaraq 63999,8 milyon olmuşdur . Ölkədə saxələndirilmiş iqtisadiyyatın davamlı inkişafı  son illərdə, o cümlədən, 2022-ci ildə  qeyri neft sektorunun dinamik inkişafını təmin etmiş  , yəni bu  ildə qeyri neft-qaz sektoru ÜDM 52,2 % və neft-qaz sektoru isə 47,8% təşkil etmişdir.

Müstəqil Azərbaycan Respublikasında milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasının nəticəsində ölkəmizdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, davamlı və  dayanıqlı inkişaf təmin edilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 15 iyul  2022-ci ildə ilin altı ayının yekunlarına həsr edilmiş  müşavirədə prezident qeyd etmişdir ki, iqtisadiyyat 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənayesi sahəsində 11,5% artmışdır. Gələn il görüləcək işlər əminən ki, ölkəmizi daha da  gücləndirəcək .

Məhəbbət Məmmədov

Professor, AzMİU-nun kafedra müdiri

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30