Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bizimki, yoxsa xarici...

Bizimki, yoxsa xarici...

16.03.2023 [11:10]

Əcnəbilərlə nikahlar genefondumuza necə təsir edir?

Xarici vətəndaşlarla evliliyin müsbət və mənfi tərəfləri...

Qloballaşan dünyada əcnəbilərlə ailə qurmaq qanunauyğunluq hesab olunur. Amma bütün hallarda düşüncə tərzi, mental dəyərlər və mədəniyyətlər arasındakı fərqlilik nəzərə alınmalıdır. Çünki “kiçik dövlət” sayılan ailələr bu toqquşmalardan sığortalanmayıb. Xüsusən də bu “kiçik dövlət” fərqli mədəniyyətlərə və dəyərlərə sahib insanlar tərəfindən qurulubsa...

Boşanmalar hər bir ölkədə aktual problemlərdən biridir. Azərbaycanda da boşanmaların kütləvi hal aldığı zamanlarda fikir bildirilir, həyəcan təbili çalınır. Statistik məlumatlara əsasən, əcnəbilərlə ailə quran soydaşlarımız arasında da boşanmalar çoxalıb.

Əcnəbi nikahların 25 faizi pozulur

Ədliyyə Nazirliyinin sonuncu statistikasında açıqlanıb ki, 2019-cu ildə əcnəbilərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. 2019-cu ildən sonra əcnəbilərlə bağlanmış nikahların pozulması statistikası yenilənməyib. Evlənənlərlə boşananların sayını müqayisə etdikdə isə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır.

Dünya ölkələrində necədir?

Müqayisə üçün bildirək ki, Türkiyə Statistika Təşkilatı da 2022-ci il üçün evlilik və boşanma statistikasını açıqlayıb. Ötən il əcnəbilərlə ailə quran türkiyəli qadınların sayı 2021-ci ilə nisbətən 2 dəfə artaraq 574 min 358-ə çatıb. Türkiyədə 2022-ci ildə əcnəbi gəlinlərin sayı isə 28 min 571 olub. Türkiyədə xarici gəlinlər arasında birinci yerdə suriyalılar olub ki, bu da 13.2 faiz təşkil edib.

Bəs ilbəil xarici nikahlar genefondumuza necə təsir edir? Bunda bir narahatlıq varmı?

Statistika bu kimi evliliklərin azaldığını desə də, danılmaz faktdır ki, gənclərin, xüsusilə bəzi gənc xanımların əksəriyyəti əcnəbilərlə nikaha can atır. Maraqlıdır, gənclərimizin bu seçiminə təsir edən amillər nələrdir, bu kimi nikahların hansı müsbət və mənfi tərəfləri var?

İqtisadi amillər

Mövzu barədə “Yeni Azərbaycan”a danışan sosioloq Sahib Altay bildirib ki, əvvəllər əcnəbilərlə nikahı iqtisadi amillərə bağlayırdılar: “Belə bir fikir yaranmışdı ki, əcnəbilərin hamısı maddi baxımdan çox yaxşı vəziyyətdədirlər. Çünki kimin əcnəbi qohumu var idisə, gələndə yaxşı hədiyyələr gətirirdi. Ona görə də əcnəbilərin imkanlı olduğuna dair ictimai rəy formalaşmışdı. Amma əvvəlki dövrlərdə əcnəbilərlə ailə qurmağa əngəl olan bəzi mənəvi-psixoloji məqamlar var idi deyə, belə nikahlar elə də çox deyildi. Lakin 90-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə başladı və nəticədə əcnəbilərlə ailə quranların sayı artdı. Hətta bu, prestijli bir addım kimi qiymətləndirildi”.

Qüsurlu uşaqlar dünyaya gələ bilər

Sosioloqun sözlərinə görə, əcnəbilərlə ailə qurmaq gələcəkdə daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə təkan verə bilər: “Əcnəbi vətəndaşlarla soydaşlarımızın ailə qurması ilk növbədə millətlərin qarışmasına gətirib çıxarar. Bu isə dünyada gedən proseslərin bir tərkib hissəsidir. Sovet dönəmində bu məsələ beynəlmiləşdirilmişdi. Amma sonda bunun daha böyük faciələrə gətirdiyini gördük. Bir vaxtlar deyirdilər ki, əcnəbilərlə evlənəndə onlardan dünyaya gələn uşaqlar çox ağıllı olması ilə seçilirlər. Lakin xaricdə keçirilən tədqiqat işində bəlli oldu ki, əslində əcnəbi nikahlardan doğulan uşağın sonrakı taleyi böyük təhlükələrlə üz-üzədir. Onlardan anadan olan uşaqların birinci nəsli ağıllı olsa da, ikinci nəsildə müxtəlif millətlərin birləşməsi fiziki və əqli məhdudiyyətli uşaqların dünyaya gəlməsinə rəvac verir. Təəssüf ki, insanlar əcnəbilərlə evlənməyin müsbət tərəflərinin çox olduğunu düşünürlər”.

Bəzi xanımların sərbəstlik arzusu

S.Altay qeyd edib ki, gənc xanımların əcnəbilərlə ailə qurmasının əsas səbəblərindən biri onların sərbəstlik axtarmaq istəyidir: “Xanımların əksəriyyəti düşünür ki, əcnəbi kişi ilə ailə həyatı qurarsa, onun sərbəstliyi olacaq və istədiyi kimi yaşayacaq. Lakin bu, hər zaman belə olmur. Gənc xanımlarımız sərbəst olmaq arzusuna aldanaraq yanlış addım atırlar. Ona görə də əcnəbilərlə qurulan nikahların pozulması çoxalıb”.

Əcnəbi qadınla evlənən kişilər azdır

Sosioloq qadınlarla müqayisədə kişilər arasında əcnəbilərlə evlənənlərin daha az sayda olduğunu vurğulayıb: “Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, xaricdə təhsil almış və orada yaşamış azərbaycanlı gənc, əksər halda elə əcnəbi xanımla ailə həyatı qurur. Səbəb isə onu göstərirlər ki, azərbaycanlı xanımlar ailədə məişət söhbətini daha çox qabardırlar”.

Xanımlar araşdırma aparmalıdırlar

Əcnəbilərlə evliliyin digər fəsadlarından danışan sosioloq qadınların ailə qurmazdan öncə evlənəcəyi şəxs barədə ətraflı məlumata sahib olmadıqlarını söyləyib: “Məsələn, bir xanım internet vasitəsilə əcnəbi oğlanla tanış olmuşdu. Qız valideynlərinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə, onlar buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmayıb və Türkiyəyə gedib. Bir müddət sonra Türkiyənin ucqar bir kəndində qul kimi yaşayıb. Sonra onu xaricə satmışdılar. Sonda polislər qızı taparaq Azərbaycana gəlməsinə kömək etmişdilər. Yəni bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də xüsusilə qızlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl araşdırsınlar, düşünsünlər, ağıllı qərar versinlər”.

Proses sivil yollarla tənzimlənməlidir

S.Altayın sözlərinə görə, qloballaşmanın sürətlə getdiyi vaxtda, xarici vətəndaşlarla nikaha girənlərin olması təbii haldır: “Bu məsələ dövlətin diqqət mərkəzindədir, proses sivil yollarla tənzimlənir. Çünki xarici nikahların artması, ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz üçün faydalı olar. Ancaq burada “qırmızı xətt” var. Onlar tariximizə, dövlətçiliyimizə lazım olan ehtiramı göstərməlidirlər. Əks təqdirdə, xarici vətəndaşlarla nikahların çoxluğu etnik tərkibə təsir göstərdiyindən təhlükəli ola bilər”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31