Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nazirlərin Vaşinqton görüşü...

Nazirlərin Vaşinqton görüşü...

02.05.2023 [10:10]

İlyas Hüseynov: Azərbaycan-Ermənistan sülh danışıqlarında beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib

Nardar BAYRAMLI

Hazırda regionda baş verən proseslər, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına dair aparılan danışıqlar beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu mənada ötən gün ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü böyük önəm kəsb edir. ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. Aprelin 17-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri, həmin gün XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı, aprelin 20-də isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun ölkəmizə  səfəri də bunu təsdiqləyir. Bir neçə gün ərzində ABŞ Dövlət Departamentinin üç yüksək rəsmi şəxsinin regionumuzla təmasları, apardıqları danışıqlar Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduğunu göstərir.

Məhz ABŞ-ın fəallığının nəticəsidir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyinin Ceyhun Bayramovun Vaşinqtona səfəri ilə bağlı yaydığı məlumatda da bildirilirdi ki, səfər ABŞ-ın Dövlət katibi Antoni Blinkenin dəvəti əsasında baş tutub və səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulur. Beləliklə, ötən gün ABŞ Dövlət katibi Blinken əvvəlcə nazirlərlə təkbətək görüşüb, sonra isə görüş üçtərəfli formatda keçirilib.  

Xatırladaq ki, sülh sazişi ilə bağlı danışıqların iki raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqidir.

İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Nazirlərin Vaşinqton görüşünü qəzetimizə şərh edən politoloq İlyas Hüseynov bildirib ki, görüşdə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutub. Aprelin 29-da ABŞ dövlət katibi Blinkenlə Ermənistan baş naziri arasında telefon danışığı olub. Mayın 1-də isə Blinken Prezident İlham

Əliyevlə telefonla danışaraq sülh sazişi məsələsini müzakirə ediblər. Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Onun sözlərinə görə, erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir: “İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir”.

Politoloqun fikrincə, Azərbaycan-Ermənistan sülh danışıqlarında beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib: “Bəzi məlumatlara görə danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir.

Burada əsas məsələ bundan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq. Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir”.

İ.Hüseynov xatırladıb ki, artıq Moskvada da Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Rəsmi Moskva prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin üzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır. “Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. Vasitəçilərdən asılı olmayaraq, bizim sülh gündəliyimiz dəyişməz olaraq qalır”, - deyə politoloq vurğulayıb.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30