Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistandan gələn nüvə təhlükəsi

Ermənistandan gələn nüvə təhlükəsi

06.05.2023 [10:38]

Dünyada artan geosiyasi gərginliklər fonunda güc mərkəzlərinin nüvə silahına əl atacaqları ilə bağlı ehtimallar da güclənir. Bu isə bütün bəşəriyyət, sivilizasiya üçün böyük fəlakət deməkdir. Ancaq regional və qlobal təhlükəsizlik üçün nüvə təhdidləri yalnız geosiyasi gərginliklər və müharibə riskləri səbəbindən yaranmır. Faktlara, zaman-zaman baş verən qəzalara istinadən deyə bilərik ki, atom elektrik stansiyaları da potensial ölüm kabusu kimi dünyanın başı üzərində dolaşmaqdadır. Bəşəriyyət iniyədək 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında (AES), 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərdə baş verən qəzaların ağır fəsadlarını yaşayıb. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəydi. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb. Nə qədər kədərli olsa da, deməliyik ki, hazırda nüvə təhlükəsi, həmçinin bizim regionumuzu da təhdid etməkdədir.

Mübariz ABDULLAYEV

Yeni atom enerji blokunun inşası planları

Cənubi Qafqazda və daha geniş coğrafiyada nüvə təhdidləri dedikdə nəzərlər ilk növbədə Ermənisandakı Metsamor Atom Elektrik Stansiyasına dikilir. Bu günlərdə sözügedən enerji obyekti ilə bağlı daha bir plan barədə məlumatlar yayılıb.  Rusiyanın  “RosAtom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və onu müşayiət edən nümayəndə heyəti İrəvanda baş nazir Nikol Paşinyanla görüşüb. Nikol Paşinyan nüvə enerjisi sahəsində tərəfdaşlığa toxunaraq, Ermənistan AES-in ikinci enerji blokunun ömrünün uzadılmasında “RosAtom”un rolunu qeyd edib.

Aleksey Lixaçev isə Ermənistanla əlaqələri səmərəli qiymətləndirib və “RosAtom”un qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib. Görüşdə Ermənistanda yeni atom enerji blokunun tikintisi, nüvə təbabəti sahəsində mümkün əməkdaşlıq, eləcə də “Nairit” zavodunda təhlükəli tullantıların utilizasiyası üzrə tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “RosAtom”un yeni enerji bloku tikmək planlarını bəyan etməsindən öncə Ermənistan hökuməti Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərar verib. Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər bundan əvvəl AES-ə baş çəkib və ona məlumat verilib ki, elektrik stansiyasının təkrar əsaslı təmirinə bu il başlanılacaq. Təmir işlərinin  3 il davam edəcəyi gözlənilir. Metsamorun təmir layihəsi də artıq hazırdır. Ermənistan hökuməti Metsamorun ömrününün uzadılmasına artıq ikinci dəfədir ki, qərar verir. 1976-cı ildə istismara buraxılan bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınmışdı.  Artırılmış müddətin sonu yaxınlaşdıqca,

AES-nın gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşib və hökumət stansiyanın ömrünün ikinci 10 il müddətinə uzadılmasına qərar verib.

Metsamora, necə deyərlər, ikinci ömür bəxş edilməsi və Rusiyanın burada yeni enerji bloku tikmək planlarına sıradan bir informasiya kimi yanaşmaq olmaz. Bu informasiyaların məzmunu kifayət qədər ciddidir. Söhbət Ermənistanın yaxın və uzaq qonşuluğunda olan ölkələrin təhlükəsizliyinə yaranan təhdidlərdən gedir.

Rusiyanı və Ermənistanı nüvə fəaliyyətində ortaq məxrəcə gətirən maraqlar

Yeni enerji blokunun yaradılmasında və AES-in ömrünün ikinci 10 il müddətinə uzadılmasında  Rusiyanın və Ermənistanın özəl maraqları var. Regionun təhlükəsizliyinə adekvat olmayan bu maraqlar müəyyən mənada üst-üstə düşür.

Ermənistanın maraqları: Metsamor Ermənistan üçün enerji təhlükəsizliyi məsələsidir. Resurslara malik olmayan Ermənistanda enerji təhlükəsizliyi bu ölkənin başı üstündən asılan demokl qılıncına bənzəyir. Xatırladaq ki, burada istehsal olunan elektrik enerjisinin 1/3 hissəsini məh? Metsamor təmin edir. Bu həcmin yerini dolduracaq başqa bir mənbə isə yoxdur. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir.  Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Bu kimi reallıqlarla üzləşən Ermənistan çıxış yolunu Metsamorun fəaliyyətinin davam etdirilməsində görür. Bu, region və ölkənin özü üşçün təhlükəli olsa belə!  

Rusiyanın maraqları: Yeni enerji blokunun yaradılması Rusiyanın Ermənistanla bağlı planlarının tərkib hissəsinə daxildir. İndiki halda söhbət enerji amili ilə siyasi məqsədlərin incə manevrlərlə uzlaşdırılmasından gedir. Ermənistan bütün parametrlər baxımından Rusiyanın forpostudur. Şimal qonşumuz bu ölkənin iqtisadiyyatında, ordu quruculuğunda,

o cümlədən də enerji təminatında böyük paya malikdir. Ermənistanı mavi yanacaqla böyük dərəcədə Rusiya təmin edir. Ancaq forpost dövlətin çörəyi dizinin üstündə olmaq xisləti də hər kəsə yaxşı məlumdur. Bu ölkənin son vaxtlarda Rusiyaya münasibətdə sərgilədiyi davranışlar da bunu bir daha təsdiqləyir. Ermənistan Rusiya ətrafında cərəyan edən hadisələri özü üçün fürsət kimi dəyərləndirərək şimal qonşumuzdan asılılığını azaltmağa və yaxud bu ölkədən daha çox dvidentlər qoparmağa çalışır. Təbii ki, Rusiyanın regionda strateji maraqları var və bu maraqların təmin olunması üçün Ermənistan dayaq məntəqəsi hesab edilir. Şimal qonşumuz yeni enerji blokunun inşasına kreditlər ayırmaqla bu ölkə üzərində uzunmüddətli dövr üçün dominantlığını qorumaq və möhkəmlətmək niyyəti güdür. Elə hesab olunur ki, kredit asılılığının artması Ermənistanın Rusiyadan qopmaq planlarını birdəfəlik basdıracaq. İqtisadi cəhətdən müstəqil olmayan Ermənistanın isə Rusiyadan daha ciddi asılılığa razılaşmaqdan başqa çıxış yolu yoxdur. 

Region üçün böyük təhlükə

Ermənistanın və Rusiyanın planlarına əsasən Metsamorun istismarının davam etdirilməsi bir sıra vazkeçilməz amillərə görə mümkün sayılmır. Beynəlxalq təşkilatlar Metsamorun fəaliyyətinin davam etdirilməsi ilə bağlı mütəmadi olaraq həyəcan təbili çalırlar. Beynəlxalq qurumlar indiyədək hazırladıqları hesabatlarda bir sıra tövsiyələrini və xəbərdarlıqlarını bildiriblər. 2000-ci ildə Avropa İttifaqı (Aİ) AES-in fəaliyyətinin dayandırılmasına çağırış etdi. Hətta bunun müqabilində Aİ Ermənistana 138 milyon avro vəsait ödəməyə hazır olduğunu bildirdi. İrəvan isə bu vəsaitlə razılaşmadı və Avropa İttifaqının təklifindən vaz keçdi. 2002-ci ildə Avropa Şurasının ekspert komissiyası bölgəyə gələrək seysmik zonada yerləşən stansiyanın beynəlxalq standartlara uyğun olmadığı və fəaliyyətinin ətraf-mühit üçün çox təhlükəli olduğunu bildirib. Bununla bağlı AŞ PA öz narahatlığını ifadə edən müvafiq sənədlər - 27.06.2001-ci ildə 9148 saylı, 31.01.2022-ci ildə 9336 saylı, 07.05.2022-ci ildə 9444 saylı qətnamələr qəbul edib

Metsamorun ən təhlükəli AES olduğu zaman-zaman dünya mətbuatında yer alan şərhlərdə də vurğulanır. Bir qədər bundan əvvəl  Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Metsamor Atom Elektrik Stansiyası haqqında xüsusi məqalə yayıb. “National Geographic” kimi məşhur nəşrdə də Ermənistandakı AES-in fəaliyyətindən narahatlıq ifadə olunub. Bu nəşrdə  “Metsamor - hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” başlıqlı silsilə məqalələr dərc olunub.

Metsamorun istismarının davam etdirilməsi ilə bağlı Azərbaycan da daim həyəcan təbili çalır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Görüşdə dövlətimizin başçısı nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.

Dünyada ən təhlükəli AES olan Metsamorun fəaliyyətinin davam etdirilməsindən narahatlıq həmçinin xarici işlər naziri Ceyhun Bayramovla  Rafael Qrossi arasında baş tutan görüşdə də ifadə olunub. Görüş zamanı nazir nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb. 

Metsamorun qarşısında “qırmızı işıq” yandıran ekoloji amillər

Azərbaycanın və beynəlxalq birliyin Metsamorun region üçün təhlükələri bir sıra nöqteyi-nəzərdən dəyərləndirilir. Metsamorun fəaliyyətini mümkünsüz edən ən mühüm amillər heç şübhəsiz ki, təhlükəsizlik və ekoloji amillərlə bağlıdır. Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza keçmiş ittifaqın nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olmaq iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerjisi sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Metsamor da zamanında eyni texnologiya əsasında qurulub. Kim zəmanət verə bilər ki, Cernobolda yaşananlar Ermənistanda təkrarlanmayacaq? Digər tərəfdən, ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdıracaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi. Xatırladaq ki, Metsamor AES-də qəzalar tez-tez təkrarlanır.  1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü.

Digər tərəfdən, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Mütəxəssislər o qənaətdədirlər ki, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına, ekoloji fəlakətə yol aça bilər.

Başqa bir amilə də diqqət çəkmək yerinə düşər. AES-in idarəçiliyində hesabatlılığa və şəffaflığa əməl olunmur. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl Metsamorun nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi. İndi isə hökumət nüvə tullantılarının utilizasiya edilməsi barədə sualara cavab verməkdən yayınır. Hətta Ermənistan bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış. Nüvə dəllallarının təhlükəli maddələri Metsamordan əldə etdikləri məlum olub.

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31