Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Makron həbs olunacaq?

Makron həbs olunacaq?

16.05.2023 [10:52]

Murad Köhnəqala

Fransa prezidenti Emmanuel Makron ölkəsinin beynəlxalq aləmdəki neytral imicini korlamaqda davam edir. Çirkli pulların yuyulması ilə məşğul olan  “McKinsey” şirkəti ilə korrupsiya əməliyyatlarında adı hallanan, fransız xalqının iradəsinə zidd gedərək məcburi pensiya islahatı keçirən, erməni lobbisinin marionetkasına çevrilən Emmanuel Makronun siyasi reputasiyası həm öz ölkəsində, həm də dünyada aşağı düşməyə davam edir. Bütün bunların üzərinə Makronun Cənubi Qafqazda yürütdüyü yanlış siyasəti də gəlsək, Avropanın siması sayılan Fransanın simasızlığı tam aydınlığı ilə ortaya çıxmış olur.

Mayın 14-də Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında baş tutmuş Brüssel danışıqlarına özünü zorla pərçimləmək istəyən Makronun yersiz və uğursuz  cəhdi onu beynəlxalq ictimaiyyət qarşısında növbəti dəfə gülünc duruma saldı.

Bildiyimiz kimi, Fransa hakimiyyəti İrəvandakı səfirliyində daimi hərbi attaşe yaratmaq qərarına gəlib. Fransanın bu qərarı təkcə Ermənistanı silahlandırmaq üçün deyil, Paris bu addımı ilə Ermənistanı nəzarətə götürmək, eyni zamanda onu Rusiyanın təsir dairəsindən çıxarmaq məqsədi güdür. Rusiya-Ukrayna müharibəsi zamanı daxil olduğu beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin əksinə çıxış edərək, “Rusiyanı aşağılamaq olmaz”, “Kremllə dialoq qurulmalıdır” kimi bəyanatlar səsləndirən Fransa prezidenti indiki addımı ilə Rusiyaya açıq-aşkar meydan oxuyur. Aydın məsələdir ki, Makronun Ermənistana dəstəyi onun heç də ermənilərə sahib çıxmaq, onlara kömək etmək kimi səmimi niyyətindən deyil, Qafqazda öz maraqlarını yeritmək istəyindən irəli gəlir. Planı Rusiyanın başı Ukraynaya qarışmışkən onu Qafqazda mümkün qədər sıxışdırmaq, Ermənistanın yerləşdiyi mühüm geopolitik ərazidə özünə istehkam qurmaq və Qafqaza diktə etməkdir. Bu mənada Fransa rusları “arxadan vurmaq” üçün Qafqazda özünə ən münasib müttəfiqi - xəyanət, casusluq kimi əməllərdə professional təcrübəyə malik erməniləri seçib. Əsrlərlə Rusiyanın himayəsində yaşayan Ermənistan da öz növbəsində yeni avropalı ağa tapan kimi əvvəlki yiyəsinə, necə deyərlər, şıllaq atmağa başlayıb.

Emmanuel Makronun Fransanı biabır eləyən xarici siyasəti, beynəlxalq münaqişələrdə tutduğu qərəzli mövqe ölkəsinin demokratik, obyektiv imicini də, bir prezident və siyasətçi kimi özünün şəxsi nüfuzunu da zədələməkdədir. Söhbət təkcə Fransanın Azərbaycanın ərazi bütövlüyünə münasibətindən getmir. Məsələn, ötən ay Tayvanla bağlı verdiyi sensasiyalı açıqlamada Makron Avropa İttifaqının “özünü hegemon kimi aparan ABŞ-ın kölgəsində addımlamasının” arzuedilməz olduğunu söyləmişdi. Qısası, Makron Aİ-nı dolayısı ilə ABŞ-ın maraqlarından və təsir dairəsindən kənar tutmaqda maraqlı görünür. Fransa prezidentinin Aİ adından danışmaq səlahiyyətinin olmadığını nəzərə alsaq, Vaşinqtonun Makronun ABŞ əleyhinə açıqlamalarına qarşı sərt reaksiyası tamamilə başadüşüləndir. “Biz Tayvan və Çin məsələsi ilə məşğul olarıq, o zaman siz də Ukrayna və Rusiya müharibəsinin həllini tapın”, - deyə respublikaçı senator Marko Rubio Makrona yol göstərib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə Makronu təhqiramiz ifadələrlə “bəzəyib”.

Xatırladaq ki, bu, Emmanuel Makronun ilk məsuliyyətsiz danışığı deyil. Fransa prezidenti dəfələrlə öz çıxışlarında diplomatik şəxsə yaraşmayan ritorika və ehtiyatsız ifadələr işlədib. Məsələn, onun 2019-cu ildə NATO-nun “beyin ölümü” keçirməsi ilə bağlı açıqlaması alyans daxilində kəskin reaksiyaya səbəb olmuşdu.

Rusiya-Ukrayna müharibəsi başlayanda Makronun Moskva ilə şəxsi dialoq cəhdlərindən sonra “Rusiya aşağılanmamalı, Kremllə dialoqa gedilməlidir” kimi açıqlamaları da beynəlxalq arenada kəskin reaksiyalar doğurdu. Fransa prezidentinin müharibə ilə bağlı qeyri-obyektiv mövqeyi Parisin bir çox müttəfiqini, xüsusən də Ukraynanı, Baltikyanı ölkələri və Polşanı möhkəm qəzəbləndirdi.

Çinə üçgünlük səfərindən sonra Makron “Les Echos”a verdiyi müsahibədə “Avropa özünə aid olmayan böhranlara cəlb edilməsinə imkan verməməlidir. Biz avropalılar, nəhayət, ABŞ-ın kölgəsindən çıxmalıyıq” kimi cümlələr işlədərək “diplomatik fırtına” yaratdı. Bununla da Avropaya guya “üçüncü yol” tutmağı təklif edən Makrona ən sərt reaksiyalar elə Avropanın özündən, xüsusilə də Şərqi Avropadan gəldi.

Ümumiyyətlə, Fransa prezidentinin beynəlxalq məsələlərlə bağlı adekvat olmayan son davranışları, çıxışları, jestləri dünya mediasında arzuolunmaz müzakirələr doğurur və tənqid edilir. Makronun öz məsuliyyətsiz çıxışları ilə absurd vəziyyətlərə düşməsi onun psixoloji problemlərinin olduğu ehtimalına da əsas verir.

Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə  sərgilədiyi qərəzli münasibət Hudson Universitetinin Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın “The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində də işıqlandırılıb. Doran yazır: “Enerjisinin önəmli hissəsini Cənubi Qafqazda diplomatiyaya həsr etmiş Fransa prezidenti Emmanuel Makronun səyləri açıq-aydın Azərbaycanın deyil, Ermənistanın xeyrinədir. Fransa geniş erməni icmasının vətənidir, erməni lobbisinin təsiri, eləcə də Makronun beynəlxalq aləmdə “xüsusi təşəbbüslərə” meyili sayəsində Paris Rusiya və İranın Ermənistanla bağlı oyunlarını dəstəkləyən mövqe sərgiləyir”.

Beynəlxalq aləmin tənqidlərindən əlavə, Makronun nüfuzu öz ölkəsində də getdikcə dibə enməkdədir. Ötən ilki prezident seçkilərindən sonra onun ABŞ-ın “McKinsey & Company Konsaltinq” şirkəti ilə şübhəli əlaqələri üzə çıxıb. Fransanın anti-korrupsiya üzrə prokurorluq orqanları tərəfindən adı çəkilən şirkətin prezidentlə yaxın əlaqələrinə görə qanunsuz imtiyazlardan istifadə etməsi və qeyri-qanuni maliyyələşməsi ilə bağlı cinayət işi açılıb. 

Polis “McKinsey”in Paris ofislərində axtarışlar aparıb, konsaltinq kompaniyasının dövlət layihələrindən milyonlarla avro qazanmasına baxmayaraq son on il ərzində Fransaya heç bir vergi ödəmədiyi barədə faktlar aşkarlayıb. Bundan əlavə, “McKinsey” Fransada çirkli pulların yuyulmasında da şübhəli bilinir. Makronun seçki kampaniyasına güclü dəstək verən konsaltinq şirkəti Parisdə qeyri-qanuni yolla milyonlarla avro əldə edib.  Fransanın “Le Fiqaro” qəzeti cinayət işində adı hallanan Emmanuel Makronun prokurorluq və məhkəmənin bu yöndə araşdırmalar aparmasına maneələr törətdiyini də yazır.

Güman edilir ki, Makron hakimiyyətdə olduğu müddətcə bu araşdırmaların aparılmasına imkan verməyəcək. Lakin 2027-ci ildən, yəni, prezidentlik müddəti başa çatdıqdan sonra xarici şirkətlərlə qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyinə, eyni zamanda prezident səlahiyyətlərindən sui-istifadə edərək, böyük maliyyə itkilərinə və korrupsiya əməllərinə yol verdiyinə görə Makron cinayət məsuliyyətinə cəlb oluna bilər.

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30