Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Revanşistləri nə gözləyir?

Revanşistləri nə gözləyir?

17.05.2023 [10:00]

Azərbaycan və Ermənistan liderləri müəyyən fasilədən sonra Brüssel formatında yenidən masaya qayıdıblar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş nəticəyönümlü olub. Görüşdən sonra Şarl Mişelin mətbuata verdiyi açıqlamada ifadə etdiyi fikirlər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müəyyən irəliləyişlərin  baş verdiyini təsdiqləyir. Bununla belə, Avropa İttifaqının rəsmisinin açıqlamasında yer alan müddəalar məğlub Ermənistanda birmənalı qarşılanmayıb.

Paşinyanın “satqın” damğası

Ermənistan cəmiyyətinin 30 ili əhatə edən işğal dövründə və postmüharibə mərhələsində sərgilədiyi mövqe bu toplumun çarəsi olmayan bir xəstəlik sindromu yaşadığını deməyə tam əsas verir. Ermənistanda iqtidarda və müxalifətdə olan qüvvələr özlərinin subyektiv yanaşmalarını, yalanlarını, ilhaq siyasətlərini beynəlxalq birliyə norma, etalon kimi qəbul etdirmək niyyətindədirlər. Onların təsəvvürlərində özgəfikirliliyə yer yoxdur. Belə nəticə hasil olur ki, Ermənistan cəmiyyəti bütövlükdə, reallıqları dəyərləndirmək, başqalarının haqqını tanımaq qabiliyyətini yerli-dibli itirib. Brüssel formatında baş tutan son görüşdən sonra məğlub ölkədə yaşanan ajiotaj, revanşistlərin yenidən meydan sulamağa başlamaları bu qənaəti daha da möhkəmləndirir.

Ermənistan lideri N.Paşinyan Brüssel görüşündən suyu süzülə-süzülə geri qayıdanda ölkəsində “Satqın” şüarları ilə qarşılanıb. Konstitusiya üzrə mütəxəssis Vartan Poğosyan “Hraparak”ın müxbiri Koryun Simonyanla söhbətində növbəti dəfə baş nazir Nikol Paşinyanı və komandasını xalqa zidd fəaliyyət göstərməkdə suçlayıb. Vartan Poğosyan baş naziri “vətən satqını” adlandırır. O, belə bir sərsəm fikir söyləyib ki, Paşinyanın hansısa dövlətin ərazi bütövlüyünü tanıması barədə fikir bildirməsi düzgün deyil. Özünü konstitusiyaşünas adlandıran Vartan daha sonra 1988-ci ildə başlayan separatçı hərəkat nəticəsində hayların özlərinə terrorçu rejim yaratmasına haqq qazandıraraq, onların guya müstəqil konstitusiyaya da, Ermənistanla müqaviləyə də malik olduqlarını həyasızcasına dilə gətirib.

Brüssel görüşündən sonra N.Paşinyanı hədəfə alanların xorunda Ermənistanın sabiq xarici işlər naziri Vardan Voskanyanın da səsi gəlir. O, N.Paşinyana iradlarını “Xankəndi Azərbaycana təhvil verilir” formasında ifadə edib. “Açıq-aydın görünür ki, biz Qarabağın Azərbaycana təhvil verilməsinin sonuncu mərhələsinə başlayırıq. Paşinyanın istənilən görüşü bu prosesi bir qədər də irəliyə aparır”, - deyə Voskanyan vurğulayıb.

Terrora çağırış

Ermənistan parlamentindəki “Badiv unem” fraksiyasının üzvü Tiqran Abrahamyan N.Paşinyana qarşı hücumda öndə gedənlərdəndir. O da N.Paşinyanın “Brüsseldə tam fərqli mövqe tutaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıdığını bildirməsini” satqınlıq kimi dəyərləndirib. Deputat daha sonra vurğulayıb: “Bəli, o, ictimaiyyətə açıq mətnlə dedi ki, satqın olmağa və bu adı daşımağa hazırdır”.

Belə olduğu təqdirdə xalqın baş naziri bağışlamayacağını iddia edən Tiqran Abrahamyan N.Paşinyana qarşı fiziki güc tətbiq olunacağını da istisna etməyib. Görünür ki, deputat bu fikri ifadə edərkən Ermənistanda yaranan ənənəyə istinad edib. Xatırladaq ki, münaqişənin həlli üçün müəyyən razılaşma əldə olunduğu zaman - 1999-cu il oktyabrın 27-də ermənilər parlamentdə spiker və baş nazir də daxil olmaqla bir neçə nəfəri terrorla öldürmüşdülər. Bu və digər faktlar deməyə əsas verir ki, revanşistlər terror aktları ilə Paşinyanı da aradan götürə bilərlər.

“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsə, yeni müharibə başlaya bilər”. Bu barədə Almaniyanın Cənubi Qafqaz üzrə Mərkəzinin tviterdəki səhifəsində Ermənistanın birinci prezidentinin müşaviri, 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityanın açıqlamasına istinadən yazılıb. “Qarabağ bizim deyil. Müharibə nəticəsində Qarabağ haqqında nə isə demək imkanını itirdik”, - deyə Liparityan bildirib.

Yel vurub yengələr oynayan “mitinqlər”

Brüsseldə baş tutan görüşdən sonra Xankəndidə “lövbər” salmış separatçı rejimin təmsilçilərinin də kürklərinə birə düşdüyünü deyə bilərik. Bu günlərdə onlar da vurnuxurlar. Gələn xəbərlərdə separatçılar arasında kəskin ixtilaflar yaşandığı bildirilir. Bir neçə gün bundan əvvəl Moskvanın ssenarisi əsasında Xankəndidə zühur edən R.Vardanyanın mitinq şousu iflasa uğradı. Onun ardınca separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan da Xankəndidə mitinqlər düzənləmək niyyətindədir. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, Babayan qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin olunana qədər mitinqlər keçirmək istəyir. Nəşr yazıb ki, Babayanın arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Ancaq yeli sakinlər arasında S.Babayanın mitinq çağırışlarına da marağın az olduğu müşahidə edilir.

Bir vaxtlar separatçı rejim Xankəndidə keçirilən mitinqlərə pul müqabilində Ermənistandan muzdlu iştirakçıların gəlməsini təmin edirdi. Bu səbəbdən mitinqlər, necə deyərlər, aşıb daşırdı. Azərbaycan sərhəddə buraxılış-keçid məntəqəsi qurduqdan sonra separatçıların hiyləsi bir işə yaramır. Elə buna görə də Xankəndidə elan olunan mitinqlərdə yel vurub yengələr oynayır.

Növbəti “Dəmir yumruq” daha ağır olacaq

Brüssel formatında sülh prosesi ilə bağlı detallı müzakirələr aparılıb. Şarl Mişel görüşün yekununda mətbua verdiyi açıqlamada vurğulayıb ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır. “Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq”, - deyə açıqlamada qeyd olunub.

Şarl Mişelin açıqlamasında yer alan bu fikirlər, həmçinin kommunikasiyaların açılmasını, itkin düşmüş şəxslərin taleyi və digər humanitar məsələləri gündəmə gətirməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda yaratdığı reallıqları və postmüharibə dövründə sərgilədiyi yanaşmaları qəbul etdiyini təsdiqləyir. Elə məğlub Ermənistanın da Azərbaycanın beynəlxalq prinsiplərə əsaslanan şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Ermənistan bunu nə qədər tez anlasa, bu ölkə üçün bir o qədər faydalı olar. Əks təqdirdə “Dəmir yumruq”məğlub ölkənin başı üstündə yenidən qalxacaq. Əgər revanşistlər bunu arzulayırlarsa, həmin an mütləq gələcək. Sadəcə, bu dəfə “Dəmir yumruq” əvvəlkindən də ağır olacaq, revanşistlər daha sərt bədəl ödəyəcəklər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30