Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Brüsseldən gələn mesaj...

Brüsseldən gələn mesaj...

17.05.2023 [10:10]

Zəngəzur dəhlizinin açılması an məsələsidir! 

Qalib Azərbaycanın və Avropa İttifaqının (Aİ) dəstəklədiyi Brüssel formatı mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca beşinci görüşlə bərpa olunub. Xatırladaq ki, Brüssel formatında liderlər arasında ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bu formatda sonuncu görüş isə 2022-ci il 6 oktyabr tarixində  Praqada baş tutmuşdu. Sonradan məğlub Ermənistanın məsuliyyətsizliyi və əsassız iddiaları səbəbindən yeni görüşlərin keçirilməsi baş tutmadı. Mayın 14-də keçirilən görüşdən sonra Şarl Mişel  mətbuata verdiyi açıqlamasında aparılan fikir mübadiləsinin səmimi, açıq və nəticəyönümlü olduğunu bildirib. Onun açıqlamasından da göründüyü kimi, Brüssel formatında aparılan müzakirələrdə Azərbaycanın 44 günlük müharibənin nəticələrinə əsasən regionda yaratdığı yeni reallıqlar, ölkəmizin beynəlxalq prinsiplərə və hüquq normalarına əsaslanan yanaşmaları nəzərə alınır.

Naxçıvana və əks istiqamətə nəqliyyat bağlantısının bərpası

Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının -  Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Qeyd edək ki, bəhs olunan nəqliyyat bağlantısının yaradılması ilə bağlı müddəa üçtərəfli Bəyanata məhz Azərbaycan Prezidentinin israrlı tələbi ilə salınıb. Sənədin 9-cu bəndində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Müharibənin başa çatmasından sonra ötən iki il yarımda məğlub Ermənistan Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, müxtəlif manipulyasiyalara əl atmaqla prosesləri ləngitməyə çalışır. Ötən dövrdə məğlub ölkə kommunikasiya əlaqələrinin bərpası, o cümlədən də zəruri infrastrukturun yaradılması istiqamətində hansısa bir əməli addım atmayıb. Ancaq proseslərin gedişi artıq Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya

cəhdlərinin iflasa uğradığını təsdiqləyir. Bunu Şarl Mişelin mətbuata verdiyi açıqlamada səsləndirdiyi müddəalardan  da görmək mümkündür. Görünən odur ki, Azərbaycan Prezidentinin zamanında ifadə etdiyi “Ermənistan istəsə də, istəməsə də Zəgəzur dəhlizi açılacaq” fikrinin  reallaşması artıq an məsələsinə çevrilib. Avropa İttifaqı Şurasının rəhbərinin açıqlamasından aydın olur ki, məğlub ölkənin kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Şarl Mişelin açıqlamasında oxuyuruq: “Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.

Regional maraqların uzlaşması

Azərbaycanın yaradılmasında israr etdiyi Zəngəzur dəhlizinin önəmini bir sıra nöqteyi-nəzərdən dəyərləndirmək mümkündür. İlk növbədə, onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.

Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək.

Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Son vaxtlarda Ermənistandan olduğu kimi, İrandan da Zəngəzur dəhlizi ilə bağlı heç də birmənalı qarşılanmayan iddialar səsləndirilir. Bu ölkənin rəsmiləri Zəngəzur dəhlizin?n açılmasına qarşı çıxaraq bunun İran üçün “qırmızı xətt” olduğunu bildiriblər. İranın Zəngəzur dəhlizinə qısqanc münasibəti bu ölkənin əsassız siyasi və iqtisadi ambisiyalarından qaynaqlanır. Aydın şəkildə görünür ki, İran müstəqil Azərbaycanın regionda artan nüfuzunu həzm edə bilmir. Eyni zamanda, bu ölkədə regionda yeni nəqliyyat bağlantısının yaranması səbəbindən Şimal-Cənub dəhlizinə marağın azalacağını düşünürlər. Halbuki belə iddiaların hər hansı bir əsası yoxdur. Zəngəzur dəhlizi nəqliyyat bağlantılarının şaxələndirlməsinə yeni imkanlar yaradacaq. Şarl Mişelin açıqlamasından da göründüyü kimi, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı proseslərə heç kim, o cümlədən də İran mane ola bilməyəcək və geniş Avrasiya coğrafiyasının maraqlarına cavab verən layihə gerçəkləşəcək.

Tarixi Türk coğrafiyasının birləşməsi

Tarixi anlara şahidlik edirik. Belə ki, Türk coğrafiyası yenidən öz birliyinə qovuşmaqdadır. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

O cümlədən Zəngəzur dəhlizinin açılmasında ən mühüm məqamlardan biri Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.4 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında dəfələrlə əsaslandırıb ki, zamanında Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi imperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında reallaşdırılıb. Bununla da tarixi Türk coğrafiyası parçalanıb. Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq formalaşdırdığı yeni reallıqlarla bu birliyin bərpa olunmasına tarixi fürsətlər yaradıb. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçən yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gələcək, buradan isə Zəngəzur dəhlizindən keçməklə Türkiyəyə istiqamətlənəcək. Beləliklə, Türk dövlətləri arasında inteqrasiya dərinləşəcək. Eyni zamanda, Türk dövlətlərinin Avrasiyada siyasi və iqtisadi rolu artacaq. Bir dəhliz boyunca birləşən Türkdilli ölkələr vahid regional güc qismində çıxış edəcəklər.

Azərbaycanın böyük fəallığı

Qalib Azərbaycan digər istiqamətlərdə olduğu kimi, Türkdilli ölkələri  birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında da böyük fəallıq nümayiş etdirir. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları daxil olmaqla 30 km, ikinci mərhələdə Soltanlı, Qumlaq stansiyaları daxil olmaqla 55 km, üçüncü mərhələdə isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km yol çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin ayrı-ayrı seqmentləri üzrə işlər yekunlaşdırılıb.

Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə işlərə isə 2021-ci il 26  oktyabr tarixində start verilib. Həmin tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb. Şarl Mişelin mətbuata verdiyi açıqlamadan məlum olur ki, ilkin mərhələdə Zəngəzur dəhlizinin dəmir yolu seqmenti istifadəyə veriləcək. Şübhə yoxdur ki, perspektivdə dəhlizin avtomobil yolu, həmçinin enerji marşrutu seqmentləri də reallaşdırılacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30