Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda nə baş verir?

Gürcüstanda nə baş verir?

17.05.2023 [10:32]

MÜBARİZ

Cari ilin mart ayında dost Gürcüstanın paytaxtı Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı gərginlik yaşandı. Bir neçə gün davam edən qarşıdurmalardan sonra bəhs olunan qanun layihəsinin parlamentdə müzakirələri qeyri-müəyyən müddətədək dayandırıldı. Aradan cəmi iki ay ötəndən sonra Tbilisi yenidən etiraz dalğaları ilə çalxalanmağa başlayıb. Səbəb nədir? 

Rusiyanın Gürcüstanı çalxalayan qərarı

Son günlərdə Tbilisidə yaşanan gərginliyə ölkə hüdudlarından kənarda - qonşu Rusiyada verilən qərar səbəb olub. Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejiminin ləğvinə dair mayın 10-da ayrıca fərman imzalayıb. Sənədə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında Rusiya ərazisinə vizasız daxil olmaq və 90 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir. Rusiya prezidenti, həmçinin Gürcüstana uçuşlarla bağlı aviaşirkətlərə qoyulan qadağanı da ləğv edib və yaxın günlərdə Moskva-Tbilisi reysi üzrə uçuşların həyata keçiriləcəyi gözlənilir.

Gürcüstanın Mülki Aviasiya Agentliyi bununla bağlı bildirib ki, iki ölkə arasında müntəzəm uçuşların bərpası ilə bağlı Rusiya aviaşirkətlərindən agentliyə xeyli müraciət daxil olub. “Gürcüstanın qəti mövqeyi ondan ibarətdir ki, Gürcüstan və Rusiya arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan aviaşirkətlər və təyyarələr tərəfindən yerinə yetiriləcək. Müvafiq olaraq, Mülki Aviasiya Agentliyinə təqdim edilən bütün müraciətlər, aviaşirkətlər tərəfindən təqdim edilən məlumat və sənədlər sanksiyalarla bağlı müxtəlif mexanizmlərlə ətraflı öyrəniləcək və yoxlanılacaq”, - deyə agentliyin bəyanatında deyilir.

Vizasız rejimə keçidə Rusiyadan baxış

İlk öncə Tbilisini yenidən çalxalayan vizasız rejimə keçidə Rusiyadan baxışa diqqət yetirək. Rusiya rəsmiləri  V.Putinin imzaladığı məlum fərmanın Gürcüstan vətəndaşları üçün əhəmiyyətinə diqqət çəkirlər və onu “humanitar qərar” kimi səciyyələndirirlər. “Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi ilk növbədə humanitar xarakter daşıyır”. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Tbilisidən fərqli reaksiya gəlib - mənfi və təmkinli reaksiya olub. Ancaq bu halda, əlbəttə ki, söhbət humanitar xarakterli qərardan gedir”, - deyə D.Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, sənəd imzalanmazdan öncə bəlli məsələ ilə bağlı geniş müzakirələr aparılıb və Gürcüstandan gələn müraciətlər nəzərə alınıb. “Uzun müddətdir ki, Rusiya hakimiyyəti hər iki ölkənin vətəndaşlarından və sahibkarlarından, ictimai birliklərdən, elm dairələrindən, mədəniyyət xadimlərindən bu qərarların qəbul edilməsini xahiş edən müraciətlər alır. Bu, məhz humanitar mülahizələrə əsaslanıb”.

Xatırladaq ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən rusiyalılar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.

Hakimiyyətdə parçalanma

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirələri kimi, V.Putinin imzaladığı bəlli fərman da Gürcüstan hakimiyyətində fikir ayrılığı yaradıb. Hakimiyyətin müxtəlif qollarında bəhs olunan qərara fərqli münasibət sərgilənir. Qərara ən aqressiv münasibət Prezident Salome Zurabişvilidən gəlib. O, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini, həmçinin birbaşa uçuşların bərpasını təxribat adlandırıb. Salome Zurabişvili bu barədə “Tvitter” hesabında etdiyi paylaşımında bildirib: “Daha bir Rusiya təxribatı! Birbaşa uçuşların bərpası və Gürcüstanla viza qaydasının ləğvi Rusiyanın Ukraynaya təcavüzünə davam etdiyi və bizim ərazimizi işğal etdiyi müddətdə qəbuledilməzdir”, - deyə Zurabişvili vurğulayıb. Gürcüstan Prezidenti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb.

Ancaq Gürcüstan hökuməti dövlət başçısının ifadə etdiyi fikirləri bölüşmür və bəhs olunan fərmana müsbət münasibət səgiləyir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın birbaşa uçuşları bərpa etməsini və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini alqışlayıb. Hökumət başçısı jurnalistlərə açıqlamasında bu addımın müsbət fakt və qərar olduğunu deyib: “Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”.

Baş nazir birbaşa uçuşların bərpa olunmasına münasibətində qeyd edib ki, hazırda bir sıra böyük, eləcə də qonşu dövlətlərin Rusiya ilə birbaşa hava əlaqəsi var. Bu xüsusda, fikirlərini diqqətə çatdıran İ.Qaribaşvili deyib: “Superdövlət olan Çin, bizim dostumuz və qonşumuz, NATO üzvü olan və Aİ namizədi statusuna malik Türkiyə, eləcə də BƏƏ, ABŞ-ın əsas strateji tərəfdaşlarından biri olan və mənim üçün bir sıra istiqamətlərdə nümunə olan İsrail - onlar hər zaman bütün dövlətlərlə əlaqələrində öz milli siyasətlərini həyata keçirirlər, eləcə də Azərbaycan və Ermənistan. Bütün bu ölkələrin Rusiya ilə sanksiyalara məruz qalmayan təyyarələrlə birbaşa uçuşları var”.

Xarici işlər naziri İliya Darçiaşvili isə Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini bu ölkənin müstəqil qərarı kimi səciyyələndirib: “Bu, onların suveren qərarıdır və istənilən ölkə başqa ölkələrlə viza rejiminin tətbiqinə və ya ləğvinə qərar verə bilər”.

İliya Darçiaşvili Rusiyanın qərarını humanitar nöqteyi-nəzərdən də dəyərləndirib: “Bizim 1 milyondan çox vətəndaşımız Rusiya Federasiyasında yaşayır və onların Gürcüstanda yaşayan doğmaları ilə, qohumları ilə yaxın əlaqələri var. Bu qərar humanitar nöqteyi-nəzərdən istənilən məsuliyyətli hökumət tərəfindən alqışlanılandır. Bu qərar bizim vətəndaşlarımızın yaşayış şəraitini asanlaşdıracaq və onların bir-biriləri ilə əlaqə saxlamasına, bir-birilərini ziyarət etmələrinə imkan verəcək”,- deyə XİN rəhbəri bildirib.

Cəmiyyətin loyallığı və narazılığı

Rusiya paytaxtında imzalanan sənədə Gürcüstan cəmiyyətinin münasibəti də fərqlidir. Tbilisidə keçirilən sorğuda sakinlərin bir çoxu Rusiya ilə viza rejiminin ləğv edilməsini alqışladıqlarını bildiriblər. Belə mövqedə olanlar Rusiyanın Gürcüstan üçün böyük əmək bazarı olduğunu əsas gətirirlər. Qadağalar isə məhdudiyyətlər yaradırdı.

Lakin belə yanaşmanı bütün Gürcüstan cəmiyyəti bölüşmür. Bu günlərdə müxtəlif partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri parlament yaxınlığındakı küçələrə toplaşaraq sözügedən fərmana etirazlarını ifadə edirlər. Bu etirazlarda 2008-ci ildə baş verən qısamüddətli müharibə, ölkənin ərazi bütövlüyünün pozulması kimi faktlar xatırlanaraq belə bir şəraitdə Rusiya ilə vizasız rejimə keçidin Gürcüstanın milli maraqları ilə bir araya sığmadığı vurğulanır.  

Tbilisidə baş verən son hadisələri yalnız hansısa bir qərara görə yaranan ajiotaj kimi təqdim etmək doğru olmazdı. Əslində, müşahidə edilən proseslərin daha dərin altqatları var. Burada söhbət daha çox  Gürcüstanın starteji seçimindən gedir. Ölkənin seçimi, yolu hansı tərəfədir - Qərbə, yoxsa Rusiyaya? Hakimiyyətdə və cəmiyyətdə fikir ayrılığı yaradan məhz bu sualdır.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30