Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qurmaq, yaratmaq və yaşatmaq missiyası...

Qurmaq, yaratmaq və yaşatmaq missiyası...

17.05.2023 [10:53]

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur.

Heydər Əliyev də öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunur.  Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Bu gün Azərbaycanın müxtəlif spektrlərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: “Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təziqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi. Azərbaycanın vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü. Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən böyük simalarının, fikir və mülahizələri ilə dünyanın hesablaşdığı politoloqların gəldiyi yekdil və dəqiq qənaətdir. Zənnimizcə, bu qənaətin əlavə şərhə, izahata ehtiyacı yoxdur. Hələ illər öncə Heydər Əliyevin sovet Azərbaycanının partiya təşkilatının rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi-intellektual imkanlarına o vaxtkı mərkəz, Kreml tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu qiymət və etimadın müqabilində, sadəcə, Moskvanın təlimat və göstərişlərini həyata keçirən adi partiya funksionerinə çevrilmədi. Hərçənd, Kreml “mətbəxindən” bütün müttəfiq respublikalara ünvanlanan instruksiya məhz bu cür siyasi idarəçilik və texnologiyanı nəzərdə tuturdu. Heydər Əliyev sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını Azərbaycanın rifahı, onun gələcəyi və strateji maraqlarına transformasiya etməyi bacaran bir lider oldu. Ulu öndər Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ dövründə Azərbaycanın qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

Bütün bunların fövqündə onu deyə bilərəm ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır!

Biz - Ulu Öndərin davamçıları olmaqla onun yolu ilə gedəcəyik!

Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizin saqrsılmazlığı, dönməzliyi və əbədiliyi yolunda onun arzularını reallaşdıracağıq!

Ulu öndər  Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində onun zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirəcəyik.

Tahir Quliyev,

Yeni Azərbaycan Partiyasının üzvü

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31