Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 28 May - Türk əsrinin müjdəsi

28 May - Türk əsrinin müjdəsi

18.05.2023 [10:10]

Bir millət, iki dövlətin ortaq tarixi

Mübariz ABDULLAYEV

Rəqəmlər arasında da bir mistik bağlılıq var. Bunu 28 mayın timsalında da təsdiqləyə bilərik. Mayın 28-i Azərbaycanın müstəqillik tarixinin yazıldığı gündür. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edib. Bununla da Azərbaycan Şərqdə ilk demokratik respublikanın əsasını qoub. Hazırda 28 May respublikamızda Müstəqillik günü kimi böyük coşqu ilə qeyd olunur.

Bundan sonra 28 may Türkiyənin də tarixində əbədi qalacaq. Bu tarixdə qardaş ölkədə prezident seçkilərinin ikinci turu keçiriləcək. 14 mayda - seçkilərin ilk turunda Türkiyə dünyaya bir demokratiya nümunəsi göstərdi. Mayın 28-də keçiriləcək ikinci tura hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin favoriti kimi gedir. Qardaş ölkənin idarəçiliyi növbəti mərhələdə kimin əlində olacaq? İndi bu sual Türkiyədə olduğu kimi Azərbaycanda da çox aktualdır.

Bir yumruq, can Azərbaycan

Beləliklə, indi 28 may həm Azərbaycan üçün, həm də qardaş Türkiyə üçün böyük rəmzi məna daşıyır. Seçkilərin ikinci turunun nəticələrinə qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük maraq göstərilməsi isə heç də təsadüfi deyildir. Azərbaycan və Türkiyə bir-birinin uğurunu və kədərini özününkü sayır. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının ulu öndəri iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev cari ilin aprelində İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib.

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla bağlı səmimi fikirlər söyləyib. Burada yenə də 28 mayı xatırlatmalı olacağıq. 28 may 2022-ci il tarixində - Azərbaycanın Müstəqillik Günündə Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirildi. “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir. Belə bir mötəbər tədbirin Türk dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə keçirilməsi də böyük rəmzi məna daşıyırdı. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, Bakıda keçirilən “TEKNOFEST”dəki çıxışında Türkiyə Prezidenti bir neçə dəfə “Can Azərbaycan” ifadəsini işlətdi. “Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirdi. Bu ifadə onun qəlbinin dərinliklərindən gəlirdi və bütün Türkiyə xalqının münasibətini ifadə edirdi.

Dahi şəxsiyyətlərin Azərbaycan-Türkiyə münsaibətləri ilə bağlı belə dərin məna yükünə malik olan fikirlər ifadə etmələri təsadüfi deyil. Çox doğru olaraq Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvəsi nöqtəsi sayılır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Azərbaycan və Türkiyənin yeni bağlarla möhkəmlənən qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir.  Yaranan gözəl ənənəni də xatırlatmaq yerinə düşər. Qardaş ölkələrdə  keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan liderlər ilk səfərlərini Türkiyəyə və yaxud Azərbaycana edirlər. Bu o anlama gəlir ki, yeni seçilən Azərbaycan Prezidenti Türkiyə xalqına, Türkiyə Prezidenti isə Azərbaycan xalqına hesabat verir. Bu, dostluğun, qardaşlığın yüksək ruhunu və səviyyəsini təzahür etdirir.

Çətin günlərin dostları

Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Bu ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Respublikamızdan Türkiyənin zəlzələ bölgələrinə dəfələrlə humanitar yardımlar göndərilib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib.

Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”dəki çıxışında dəstəyə görə Azərbaycana bir daha dərin minnətdarlığını ifadə edib: “Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı”.

28 mayda qazanılan müstəqilliyin xilas edilməsi

Hər zaman zirvədə olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixində bir neçə taleyüklü məqamı ayrıca qeyd edə bilərik. Tariximizdə silinməz iz buraxan və gələcəyimiz üçün müstəsna önəm daşıyan belə məqamların sırasında 1918-ci ilin payızında baş verən hadisələr xüsusi önəm daşıyır. Söhbət həmin il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulmasından gedir. Tam əminliklə demək mümkündür ki, zamanında bəhs etdiyimiz hadisələr baş verməsə idi, gələcək nəsillərə Bakını Azərbaycanın paytaxtı kimi görmək xoşbəxtliyi nəsib olmayacaqdı. Qafqaz İslam Ordusu Bakını, bununla da 28 mayda qazanılan müstəqilliyimizi xilas etdi.

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanda xilaskarlıq missiyasına Gəncədən başladı. Bəhs olunan dövrdə Gəncədə vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi.

Bakıya doğru hərəkət edən türk-Azərbaycan əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Erməni-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər. Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.

Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Beləliklə, Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Məhz həmin tarixi zəfərdən sonra Bakı tarixdə ilk dəfə Azərbaycanın paytaxtı elan edildi. Xalqımız bu tarixi həmişə böyük minnətdarlıq hissi ilə xatırlayır.

XXI əsr - Türk əsri

Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, din-etiqad vəhdəti, siyasi və iqtisadi maraqların uzlaşması, coğrafi bağlılıq kimi amillər bu sarsılmaz birliyi şərtləndirir.

İkitərəfli münasibətlərin zirvə nöqtəsinə çatan Azərbaycan və Türkiyə, həmçinin bütün Türk dünyasında açar ölkələr qismində çxış edirlər. Hər iki ölkə TDT-nin əsasının qoyulmasında və sonrakı mərhələdə qurumun təşkilatlanmasında, funksionallığının təmin olunmasında mühüm rol oynayıblar.Türk dünyasının iqtisadi lokomotivi, heç şübhəsiz ki, Türkiyədir. 761.4 milyard dollarlıq ÜDM-ə malik Türkiyə hazırda öz inkişafının ən yaxşı dövrünü yaşayır. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın qıtiyyətli siyasəti bütün dünyada Türk dövlətlərinin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. TDT-nin son Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada baş tutdu.

Öz növbəsində Azərbaycan da Türk birliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar, formalaşıb. Bu reallıqlar həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Zəngəzur dəhlizinin açılması ilə tarixi Türk coğrafiyasının birliyi yenidən bərpa olunacaq.

Rəcəb Tayyib Ərdoğanın seçkilərin ilk turundan sonra səsləndirdiyi müjdə Türk dövlətləri arasında birliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Cümhur İttifaqı” olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağını alnımızın ağı ilə verdik. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb. O qeyd edib ki, növbəti mərhələ mayın 14-də əldə edilən uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır. “Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, zəlzələ qurbanları yaraların tezliklə sağalmasını gözləyir. Allahın izni ilə 28 mayı Türk Əsrinin müjdəçisi edəcəyik. Mən sizə inanıram”, - deyə Ərdoğan bildirib.

Niyə Ərdoğan, digərləri yox?

Qeyd etdiyimiz kimi, qardaş ölkə 28 maya hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gedir. Mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana inamı isə səbəbsiz deyil.  Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətçə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə Azərbaycanda da çox sevilən Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Türkiyənin güclü sənayesi həm Türkiyənin özünü və onun müttəfiqlərini gücləndirir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.

Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Ötən ilin sonlarında Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. Cari ilin aprelində bu reaktiv pilotsuz qırıcının dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb. Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır . Cari ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Cari il aprelin 4-də daha bir əlamətdar hadisə yaşanıb -  Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Türkiyənin son illərdə imza atdığı belə texnoloji yeniliklərin siyahısı çox uzundur. Bütün bunlar isə qardaş ölkənin müasir dövlət kimi inkişaf etdiyini əyani şəkildə təsdiqləyir. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”, - deyə Prezident İlham Əliyev “TEKNOFEST”dəki çıxışında bildirib.

Şübhə yoxdur ki, 28 mayda da Türkiyə cəmiyyəti ölkənin son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi bilə qazandığı uğurlara istinad etməklə Ona səs verəcək. “Seçkilərin ikinci turu bizim üçün daha asan keçəcək. Bütün faktorlar nəzərə alınmaqla, Prezidentin dəstəyi 50 faizdən çox olacaq. İlk turda səslər arasında aşkar fərq yaranıb - 5 faiz və ya 2,5 milyon səs. Bu fərq azalmayacaq”. Bu fikri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ahaber telekanalının efirində səsləndirib.

Əgər biz Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyəyə və Türk birliyinə xidmət etməyi özünün ən ümdə vəzifəsi sayan qətiyyətli bir lider görürüksə, seçkilərdə onu izləyən müxalifətin lideri Kemal Kılıçdaroğlu barədə heç də yüksək fikirlər ifadə etmək mümkün deyil. O, sekilər ərəfəsində yeni İpək Yolu xəritəsi ilə gündəmə gəldi. Nə qədər təəcüblü görünsə də, Klıçdaroğlu həmin xəritədə Azərbaycana yer verməyib. Belə bir addımın atılmasının sağlam düşüncəyə və obyektiv mülahizələrə əsaslandığını demək mümkün deyil. Tarixən Azərbaycan İpək Yolunun üzərində yerləşib. Bu gün də Azərbaycan yaratdığı müasir infrastrukturla və nümayiş etdirdiyi qətiyyətli siyasi iradə ilə Avrasiyada əsas nəqliyyat hablarından birinə çevrilib. Kılıçdaroğlu isə bütün bu kimi reallıqları nəzərə almır. Azərbaycanı görməzdən gələn birisi 28 mayda keçiriləcək seçkilərin də qalibi ola bilməz. Ən azından buna Türkiyə xalqı imkan verməyəcək!

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30