Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İkinci tur öncəsi...

İkinci tur öncəsi...

18.05.2023 [10:20]

Altılı masa” dağılır, Cumhur İttifaqı daha güclü təbliğata start verir  

Ərdoğan: Problemlərimizi birlikdə həll edəcəyik, çətinlikləri birlikdə dəf edəcəyik!

Türkiyədə mayın 28-də keçiriləcək ikinci tur prezident seçkilərinə hazırlıq prosesinə start verilib. Türk mətbuatı artıq yeni seçki strategiyası haqda məlumatlar yayıb. Bildirilib ki, Prezident Ərdoğan televiziya proqramlarına qatılmaq, sosial şəbəkələrdə müraciətlər etməklə yanaşı, zəlzələ bölgəsi başda olmaqla bir çox şəhərlərdə də yeni kütləvi tədbirlər keçirəcək. “Hürriyyət” qəzetinin məlumatına görə, Prezident Tayyib Ərdoğan ikinci tur üçün qarşıdakı 10 günü əhatə edəcək seçki təbliğat kampaniyası dövründə ən əsas zəlzələ bölgəsinə səfər etməyi planlaşdırır. Eyni zamanda, bəzi böyük şəhərlərdə, xüsusilə Ankara, İstanbul və İzmirdə kütləvi tədbirlərin, görüşlərin keçirilməsi də nəzərdə tutulur. Vurğulanıb ki, seçkinin ikinci turu üçün hər vilayətdə AK Partiya və MHP-dən ibarət ortaq Seçki bürolarının yaradılması aktuallaşıb. Eyni zamanda, Cumhur İttifaqında Prezident Ərdoğanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalı da bəzi şəhərlərdə dəstək mitinqləri keçirəcək.

CHP-də isə...

Seçkinin digər tərəfindən, CHP “səngərində” isə işlər qaydasında getmir. Yeni seçki dövrü üçün strategiyanın hazırlanmasında iştirak etməyən müttəfiqlər birinci turdan sonrakı sükutu hələ də pozmayıblar. CHP isə birinci turda regionlarda ən ciddi tənqid olunduqları məsələyə diqqət yetirməyə hazırlaşır. Bəlli olduğu kimi, partiyanın PKK terror təşkilatına yaxın siyasi qüvvələrlə əməkdaşlığı Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. CHP ikinci turda bu məsələni “ikinci plana” keçirməyə niyyətlənib.

Partiya daxilində isə gərginlik hələ də davam etməkdədir. İctimaiyyətə açıqlanmayan bəzi istefalar haqda danışılsa da, CHP bu iddiaları təkzib edib. Amma yeni təyinatlar bu fikri təsdiqləyir. Belə ki, partiyanın İstanbuldan millət vəkiliyyinə namizədi, Kağıthanə mahalının keçmiş rəhbəri Mehmet Əli Yüksəl Kılıçdaroğlunun siyasi məsələlər və seçki təbliğatı üzrə baş müşaviri təyin edilib. İkinci turda artıq CHP-nin seçki kampaniyasını Yüksəl idarə edəcək. Eyni zamanda, keçmiş CHP millət vəkili və jurnalist Barış Yarkadaş Kılıçdaroğlunun ikinci tur üçün reklam və təbliğat agentlikləri ilə əməkdaşlıqlarını sona yetirdiyini də bildirib.

Altılı masa” bitdi: partiyadaşları Akşeneri ittiham edir

Bu arada “altılı masa” seçicilərin hədəfinə tuş gəlib. Bu masada yer alan bəzi partiyaların Türkiyəyə qarşı olan qüvvələrlə əməkdaşlığı əsas müzakirə predmeti olub. Seçkinin birinci turunun yekunları bəlli olduqdan sonrakı mərhələdə qərargahından çıxmadığı deyilən “masa üzvləri”nin müttəfiqlikdən imtina etdiyi belə bildirilir.

Məsələn, anket şirkətlərinin bir müddətdir 15-20 faiz aralığında səs alacağını proqnozlaşdırdığı İYİ Partiyada “sükut hökm sürür”. İYİ Partiyanın seçkilərdə 9,69 faiz səs toplamasından sonra mərkəzi qərargahda əhval-ruhiyyənin pisləşdiyi bildirilir. Sədr Meral Akşener isə mediaya açıqlama verməyib. Partiya üzvləri millətçi kəsimin səslərini qazanmama səbəbini isə fərqli məsələlərlə izah edir. Məsələn, Akşenerin dəstəklədiyi Kamal Kılıçdaroğlunun

PKK-ya yaxın HDP ilə görüşlərinin onları məğlubiyyətə sürüklədiyi deyib. Partiya üzvləri hətta Akşenerin Kılıçdaroğlunun əvəzinə Rəcəb Tayyib Ərdoğanı və ya ATA Alyansının namizədi Sinan Oğanı dəstəkləməli olduğunu bildiriblər. Partiya daxili toplantıda mart ayında Meral Akşener “altılı masa”nı rəsmən tərk etdiyini açıqlamasının ardından yenidən geriyə qayıtması səhv addım kimi dəyərləndirilib.

Davudoğlunun sildiyi post...

“Altılı masa”nın digər üzvü, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu da sosial şəbəkələrdə lağ obyektinə çevrilib. Onun CHP siyahısından TBMM-ə daxil olan millət vəkilləri ilə görüşündən paylaşdığı şəkil müzakirə obyektinə çevrilib. Görüşün “ilk qrup toplantımız” kimi elan edilməsi isə çoxsaylı reaksiyalarla qarşılanıb. Davudoğlunun CHP siyahısından parlamentə düşməsini “qələbə” kimi qələmə verməsi seçicilərin hiddətinə səbəb olub. Davudoğlu reaksiyalardan sonra heç bir izahat vermədən paylaşımını silib.

Prezident Ərdoğan gənclərə müraciət etdi...

Prezident Rəcəb Tayyib Ərdoğan isə yenidən sosial media hesabında gənclərə müraciət edib. Gənclərə xitab edən Prezident Ərdoğan bildirib ki, “xahiş edirəm, heç kimin sizin arzularınızla aranıza girməsinə, sizi qorxutmasına, öz zəhərini sizə keçirməsinə icazə verməyin”. Ərdoğan sosial media hesabından verdiyi açıqlamada deyib: “Əziz gənc qardaş və bacılar, mayın 14-də öz iradənizin müdafiəsinə qalxdığınıza, seçki qutularında öz seçiminizi sərbəst şəkildə əks etdirdiyinizə və demokratiyamızı dəstəklədiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Dünya gənclərinə örnək olan münasibətinizlə millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız. Tarixi şanlı qələbələrlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən yüksəklərə daşıyacağınıza ümid edirəm. Yüksək eqolu, uğursuz və və seçki məğlubiyyətləri ilə dolu keçmişə sahib şəxslərin sizi öz ucsuz-bucaqsız qaranlıqlarına sürükləməsinə izn verməyin. Problemlərimizi birlikdə həll edəcəyik, çətinlikləri birlikdə dəf edəcəyik. Kədərimizi birlikdə paylaşacağıq, uğurlarımıza birlikdə sevinəcəyik. İnşallah yenidən sizinlə daha gözəl günlər  görəcəyik. Mayın 28-də siz, gənc dostlarımın güclü dəstəyinə ümid edirəm”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30