Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Münasibətlərimizdə yaranan “çat”...

Münasibətlərimizdə yaranan “çat”...

24.11.2023 [10:22]

Bu, “Ağ ev”ə sərf edirmi?

Son dövrlərdə ABŞ-ın ermənipərəst siyasətə daha çox “aludə” olması, bunu açıq şəkildə büruzə verməsi diqqəti cəlb edir. Məsələ siyasi ekspertlər tərəfindən fərqli aspektlərdə izah edilir: Bir qisim ekspert bunu erməni lobbisinin yaşadığı “Menendez faciəsi”nin ardından gücünü itirmədiyinin sübutu ilə bağlı apardığı xətt, bəziləri ABŞ-ın son “demokratiya sammitlərinin” nəticələri”, bəziləri isə anti-Rusiya siyasətinin ştrixləri kimi qəbul edir.  

Azərbaycan ilə ABŞ arasında yaranan “çatlar” bəzi hallarda düşündürücüdür - nəzər salsaq, ABŞ hələ 1990-cı illərin başından bəri ölkəmizə qarşı fərqli standartlar tətbiq edib. Bu gün aktiv müzakirə predmeti olan “907-ci düzəliş” də daxil olmaqla Azərbaycana qarşı aparılan qeyri-adekvat siyasi xətt səngimək bilmir. ABŞ məsələnin mahiyyətini “gizlətməyə çalışsa da” bu bəzən mümkün olmur - məsələn, bəzi siyasətçilərin, konqresmenlərin, hətta Dövlət Departamenti rəsmilərinin ermənipərəst mövqedən çıxış etməsi, hüququ və ədaləti tapdaması Birləşmiş Ştatların administrasiyası tərəfindən “subyektiv mövqe” kimi dəyərləndirilir. Amma həqiqətin belə olmadığı hər kəsə məlumdur - ABŞ-ın ermənipərəst siyasi xəttinin, Azərbaycanla münasibətlərdə “çatlar”ın dərinləşməsinin mərkəzində erməni lobbisi rol almaqdadır...

ABŞ-da erməni lobbisi necə formalaşdı?

Erməni lobbisinin uzaq Amerikaya “ayaq açmasının” tarixinə nəzər salaq - hələ 1820-ci ildə Osmanlı imperiyasına gələn amerikalı missionerlər özlərinin əsas fəaliyyət növü kimi erməni icmasını seçmişdilər. Təbii ki, burada ermənilərin xəyanətkar xisləti əsas rol oynamışdı. Bəzi ermənilər təhsil almaq üçün ABŞ-a göndərildilər və həmişəlik orada qaldılar. 1830-cu ildə ABŞ-la Osmanlı imperiyası arasında ilk ticarət müqaviləsi bağlanan zaman da ticari əməliyyatlarda amerikalılar erməniləri vasitəçi kimi prosesə cəlb etmişdilər. Say etibarı ilə isə, 1890-1900-cü illər arasında 12 minə yaxın erməni ABŞ-a köçmüşdü. Bu ermənilər ticari-iqtisadi fəaliyyətlə yanaşı, siyasi partiyalarda fəaliyyətlərini də aktivləşdirirdilər. İlk vaxtlarda erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdısa, sonradan bu fəaliyyət spektri daha da genişləndi - “Daşnaksütun” partiyası Amerika milli erməni kilsəsini yaratdı. Birinci dünya müharibəsindən sonra erməni diasporunun əsas fəaliyyəti ABŞ ilə Türkiyə Respublikası arasında iqtisadi və siyasi əlaqələrin qurulmasının qarşısını almağa yönəlmişdi. Bu işlə əsasən ermənilərin yaratdığı “Lozanna müqaviləsinə qarşı komitə” (American Committee Opposed to the Lausanne Treaty) məşğul olurdu. Komitəyə Amerika erməniləri ilə yanaşı, dini liderlər, xeyriyyə təşkilatlarının üzvləri və Konqres üzvləri daxil idi. Bu komitə ABŞ Senatında müəyyən uğura nail olsa da, ABŞ Dövlət Departamenti, 1927-ci ildə Türkiyə ilə diplomatik əlaqələr yaradır, Senat isə bir il sonra, yəni 1928-ci ildə bu addımı təsdiqləyir.

İkinci Dünya müharibəsindən sonra, “Evsiz ermənilər üzrə amerikan milli komitəsi” (American National Committee for Homeless Armenians - ANCHA) analoji tədbirlərə əl atır və 25000 erməninin ABŞ-a mühacirəti üçün şərait yaradır. Erməni diasporunun siyasi fəaliyyətlərinin vacib mərhələlərindən biri də 1970-1980-ci illərdə erməni millətçilərinin terror fəaliyyətlərinin maliyyələşdirməkdən və ona bəraət qazandırmaqdan ibarət idi. Bu terrorçuların məqsədi uydurma erməni soyqırımının Türkiyə və dünya birliyi tərəfindən tanınmasına, olmaq, eyni zamanda Azərbaycan torpaqları hesabına Ermənistanı daha da genişləndirməyə nail olmaq idi...

Erməni lobbisinin Azərbaycan “ağrısı”...

SSRİ-nin dağılmasının ardından ABŞ-da yaşayan ermənilər daha yüksək təşkilatlanma ortaya qoymaq üçün səylərini birləşdirdi. Əsas maliyyə gücləri Azərbaycana qarşı təbliğatın artırılmasını özündə ehtiva edirdi:

- “907-ci düzəliş”in reallaşmasını həyata keçirmək;

- bir sıra ştartların qondarma “dqr”in tanımasını təmin etmək;

- xuntaya maliyyə yardımlarının, xüsusilə ABŞ-ın dövlət yardımlarını təmin etmək;

- ABŞ-Azərbaycan münasibətlərinin korlanması üçün bütün gücü səfərbər etmək;

- ən əsası ayrı-ayrı böyük şəhərlərdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılmasının qarşısını almaq, Azərbaycan diasporunun şəhər rəhbərliyi ilə əlaqələrinin yaranmaması üçün cəhdlər göstərmək, xüsusilə Azərbaycan həqiqətlərini özündə əks etdirən kütləvi tədbirlərin baş tutmasına mane olmaq erməni lobbisinin əsas fəaliyyət mexanizmləri kimi formalaşdırılmışdı.

Lobbi ABŞ-ın dövlət maraqlarını saymır...

Təbii ki, ermənilər buna nail olmadılar - yeni müstəqillik əldə etmiş Azərbaycanın ABŞ-dakı siyasi missiyası erməni lobbisinin yaratmağa çalışdığı bu maneə xəttlərini aşa bildi və ABŞ cəmiyyəti Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazandı. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diasporun inkişafı istiqamətində apardığı uğurlu siyasət Azərbaycanın ABŞ-dakı diasporunun da qısa müddətdə təşəkkül taparaq güclənməsinə, hətta fərqli xalqlardan ibarət diaspor və lob?ilərlə yaxın münasibətlər qurmasına, onların nüfuzundan Azərbaycanın xeyrinə istifadə olunmasına yol açdı.

Bu günün rakursunda erməni lobbisinin fəallaşması, yenidən ABŞ siyasətinə güclü formada təsir göstərmək niyyəti nümayiş etdirməsi isə fərqli mənzərə formalaşdırır. Bu, erməni lobbisinin öz maraqlarını artıq ABŞ-ın dövlət maraqlarının üstündə tutması cəhdinin real mənzərəsinin formalaşdırılmasıdır. Analoji durum isə ABŞ üçün, onun dövləti üçün heç də başucalığı vəd etmir - ölkədə seçkilər öncəsi bu kimi erməni lobbisinə yarınmaq oyunlarının baş tutmaması ABŞ-ın siyasi reputasiyasına mənfi təsirlər göstərir. Erməni lobbisinin səsini qazanmaq üçün onun mənfur siyasətinin oyuncağı olmaq ABŞ-ı nüfuzdan salır.

Bəs bu maraqların əsirinə çevrilmək, ermənipərəst siyasət yürütmək ABŞ-ın dövlət maraqlarına cavab verirmi - təbii ki, yox. Regionun, eləcə də mühüm bir coğrafiyanın aparıcı iqtisadi-siyasi aktoru olan Azərbaycanla münasibətləri pisləşdirmək, “çat”ı dərinləşdirmək ABŞ-a müsbət heç nə vəd etmir. Tam əksinə, dünənə qədər çətiri altına sığınanlara xəyanət edən ermənilərin bu gün Vaşinqtonun himayəsinə sığınmağa çalışması onun mənfur siyasi axtarışlarda olmasını təsdiqləyir. Seçim ABŞ-ındır - xəyanətkar, gündə birinin yanında yer alan Ermənistanı “dəstəkləmək” və ya haqqın, ədalətin və inkişafın yanında yer alaraq Azərbaycanla münasibətləri normallaşdırmaq Vaşinqtonun öz seçimidir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Dünya

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

YAP xəbərləri

Atılan real addımlar

14 Fevral 17:28

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28