Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Aşağı neft qiymətləri dövrü gəlir

Aşağı neft qiymətləri dövrü gəlir

09.12.2022 [11:48]

Rusiya enerji qiymətləri labirintində

Mübariz ABDULLAYEV

Cari ilin fevralından başlayan və hələ ki sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının şimal qonşumuza qarşı tətbiq etdiyi sanksiyaların yeni mərhələsinə start verilib. Bu günlərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb. Yeni sanksiyalar paketinə əsasən qadağalar tətbiq edilən fiziki və hüquqi şəxslərin siyahısı daha 200 nəfər əlavə edilməklə genişləndirilib. Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib, xüsusilə ikili təyinatlı mallara yeni ixrac nəzarəti və məhdudiyyətlər var. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir. Sənəddə dron mühərriklərinin Rusiyaya birbaşa ixracına sanksiyalar nəzərdə tutulur, bundan başqa bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrin, məsələn, İranın bu texnikanın ixracına qadağalar tətbiq olunacaq. Bütövlükdə, yeni sanksiyalar paketi daha geniş məzmuna malikdir.

Rusiyadan Aİ-yə ixrac olunan neftə yuxarı qiymət həddi məhdudiyyəti

Avropa Komissiyasının Rusiyaya qarşı bəyan etdiyi yeni sanksiyalar paketində əsas məqamlardan biri də ondan ibarətdir ki, bura bir neçə gün bundan əvvəl qüvvəyə minən Rusiya neftinin idxalına Avropa İttıfaqının ümumi qadağası, həmçinin “Böyük Yeddilik” (G7) tərəfindən razılaşdırılmış qlobal neft qiymətləri həddi əlavə olunur. Xatırladaq ki, dekabrın 5-dən etibarən Avropa İttifaqı tərəfindən Rusiyadan idxal olunan neftin qiymətinə yuxarı hədd məhdudiyyəti (60 dollar) qüvvəyə minib. Bu qərarı G7 ölkələri, eləcə də Avstraliya dəstəkləyib.

Bu qərarla Aİ iqtisadi bataqlığa salmaq istədiyi Rusiyaya həlledici zərbələrindən birini vurub, desək, yanılmarıq. Çünki enerji ixracı amili şimal qonşumuz üçün bir növ “Axillesin dabanı” qismində çıxış edir. Müharibə başlayanadək xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini (gündəlik 5 milyon barel) təşkil edib. Bu məhsulların 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Şimal qonşumuz qoca qitənin neftə olan tələbatının 25 faizini qarşılayırdı. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollara çatıb. Digər pozisiyalar üzrə də Rusiya oxşar mövqeyə malikdir. Müharibə başlayanadək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. Son vaxtlaradək Rusiyanın ixracının strukturunda bərk yanacaq - kömür də mühüm pozisiyalardan biri olub. Rusiya kömür yanacağı ehtiyatlarına görə dünyada 3-cü, hasilata görə 6-cı yerdə gəlir.182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır. Şimal qonşumuz bərk yanacaq ixracında təxminən 300 milyon ton həcmlə dünyada 3-cü yerdə gəlir. Bu isə o deməkdir ki, Şimal qonşumuzun gəlirlərinin formalaşmasında kömür də xüsusi rol oynayır.

Qeyd edək ki, indiyədək bu ölkənin büdcə gəlirlərinin formalaşmasında enerji məhsullarının böyük həcmlərdə ixracından qazanılan vəsaitlər xüsusi yer tutub (təxminən 36 faiz). Yeni sanksiyalar paketində nəzərdə tutulan qadağalar, xüsusən də ixrac olunan neftin hər bareli üçün 60 dollarlıq qiymət tavanının müəyyənləşdirilməsi ilə Rusiyanın ciddi maliyyə itkilərinə məruz qalacağı qaçılmaz görünür. Müharibə başlayandan bəri sanksiyalar səbəbindən Rusiyadan neft, qaz və bərk yanacaq ixracı əhəmiyyətli dərəcədə məhdudlaşıb. İndi isə ölkə qiymət labirintinə düşüb. Düzdür, bu günlərdə Rusiya energetika nazirinin birinci müavini Pavl Sorokin optimist bəyanatla çıxış edib. O, bildirib ki, vəziyyət kritik deyil, Qərbin ölkədən ixrac olunan neftin hər bareli üçün yuxarı qiymət tavanını qlobal enerji bazarından xeyli aşağı müəyyənləşdirməsi Rusiyanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Ancaq aydın məsələdir ki, bu açıqlama sırf daxili auditoriyaya hesablanıb və təsəlliverici səciyyə daşıyır. Reallıqda isə vəziyyətin Rusiya üçün kritik olduğu hər kəsə bəllidir. İndiki halda ən nikbin proqnozlar belə Rusiyada iqtisadiyyatın ciddi mənfi tendensiyalarla üzləşəcəyini istisna edə bilməz.

Asiya bazarına bəslənən ümidlər

Sanksiyalar fonunda Avropa enerji təchizatı mənbələri, Rusiya isə yeni, daha sərfəli bazarlar axtarışına çıxıb. Şimal qonşumuzun ümidi Avropada itirdiyi bazarı Asiyada tapmağadır. Yeni sanksiyalar paketinədək bu ümidlər müəyyən dərəcədə doğrulurdur. Belə ki, Rusiya nəhəng iqtisadiyyata malik Çinə enerji məhsullarının ixracını artırırdı. Bundan sonra isə bu ümidlərin də özünü doğrultmayacağı ehtimal olunur. Əvvəla, mövcud infrastruktur Asiyaya əvvəllər Avropaya ötürülən həcmlərdə enerji məhsullarının tədarükünə imkan vermir.  Məlumatlara görə, Rusiyanın Uzaq Şərqindəki istehlakçılarını və Çini təbii qazla təmin edən “Sila Sibiri” magistral kəməri vasitəsilə ötən il cəmi 10,4 milyard kubmetr qaz nəql edilib. “Sila Sibiri-2” isə 2028-ci ildən tez tikilməyəcək. Çin, həmçinin neft seqmenti üzrə də Avropa bazarını əvəz etməyəcək. Bu ölkə Rusiyadan ildə cəmi 80 milyon ton neft idxal edir.

Rusiyanın Asiya bazarı ilə bağlı ümidlərinə ən böyük zərbəni isə, heç şübhəsiz ki, Aİ-yə ixrac olunan neftin hər barelinin qiymətinə 60 dollarlıq yuxarı həddin məhdudiyyəti vuracaq. Söhbət ondan gedir ki, əvvəlki sanksiyalar paketində Rusiyadan enerji məhsullarının ixracının həcmlərinə məhdudiyyətlər qoyulurdu. Qiymətlər sanksiyalar altında deyildi. Buna görə də Asiya ölkələri Rusiyadan enerji məhsullarını müəyyən güzəştlərlə (qlobal enerji bazarındakı qiymələrdən az fərqlə) almağa maraq göstərirdilər. Yeni sanksiyalara görə isə qiymətlərin yuxarı həddi fiks olaraq müəyyənləşdirilib. Asiya ölkələri Rusiyanın istəklərinə rəğmən, tədarük edəcəkləri neftin hər bareli üçün 60 dollardan aşağı qiymət tətbiq olunmasında israr edəcəklər. Şimal qonşumuzun isə sadəcə seçim imkanı yoxdur.

Türkiyə ilə enerji sövdələşmələri

Yaranmış yeni reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi yaranıb. Nəzərlərin Türkiyəyə dikilməsi də təsadüfi deyildir. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar aşağıdakılardır:

1. Türk axını

2. TANAP

3. TAP

4. İrandan çəkilmiş İTE xətti

Sadalanan boru xətlərinin çəkilməsində zamanında qardaş ölkə həm siyasi fəallıq nümayiş etdirib, həm də layihələrin reallaşmasına investisiyalar yönəldib. Bəhs olunan kəmərlərin hamısı işlək vəziyyətdədir. Türkiyənin qaz nəqli şəbəkəsi Avropa ilə birləşib. Yəni burada yeni xətlərin çəkilməsinə lüzum yoxdur. Ehtiyac yaranacağı təqdirdə infrastrukturun genişləndirilməsi mümkündür. Qardaş ölkə şaxələndirilmiş nəql marşrutları ilə müxtəlif mənbələrdən - Rusiyadan, İrandan və Azərbaycandan ildə 90-100 mlrd. kubmetr qaz ala və onu ötürə bilər.

Rusiya Türkiyə üzərindən, həmçinin xam neft ixracını da həyata keçirə bilər. Türkiyədən keçən neft boru kəmərlərinin Rusiyanın müvafiq şəbəkəsi ilə əlaqələndirilməsi texniki baxımdan tam mümkündür. Burada əsas sual belədir: Aİ yeni sanksiyalar paketindən sonra Rusiyanın enerji məhsullarının Türkiyə üzərindən ixracına razılıq verəcəkmi?

Üçtərəfli qaz koalisiyası

Yeni sanksiyalar fonunda Rusiyanın Mərkəzi Asiya dövlətləri ilə enerji koalisiyası yaratmaq məsələsi gündəmə gəlib. Bu təkliflə Rusiya prezidenti V.Putin Qazaxıstanın dövlət başçısı ilə görüşdə çıxış edib. Söhbət Rusiyanın enerji məhsullarının Qazaxıstan və Özbəkistan üzərindən ixracının reallaşdırılmasından gedir. Rusiya Mərkəzi Asiya ölkələrinin daxili tələbatı üçün daha çox həcmdə enerji məhsulları tədarük etməklə bağlı niyyətlərini diqqətə çatdırıb. Eyni zamanda, şimal qonşumuz Özbəkistan və Qazaxıstan üzərindən üçüncü ölkələrə qaz satışını reallaşdırmaq məqsədi güdür.

Ancaq bu ssenari də Rusiyanın istəklərinə uyğun irəliləmir. Belə ki, Özbəkistan Rusiya prezidenti tərəfindən irəli sürülən “üçtərəfli qaz ittifaqı” təklifini qəbul etməyib. Özbəkistanın baş nazirinin müavini, energetika naziri Jorabek Mirzəmahmudov bəyan edib ki, Rusiya ilə hər hansı bir qaz müqaviləsi imzalansa belə, bu, üçtərəfli ittifaq anlamına gəlmir. O əlavə edib ki, Moskva ilə Daşkənd arasında qaz tədarükü ilə bağlı müzakirələr aparılsa da, söhbət yalnız “texniki müqavilə”dən gedir.

Öz növbəsində Qazaxıstan da prezident Putinin təklifinə isti münasibət bəsləməyib. Qazaxıstan tərəfinin bəhs olunan təklifə cavabı “burada araşdırılması zəruri olan bir sıra məqamlar var” məzmununda olub.

Dünya bazar qiymətləri necə olacaq?

Sanksiyalar səbəbindən dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiyanın qiymətlər labirintinə düşdüyü bir vaxtda başqa bir sualın aktuallığı artıb: Qlobal bazar qiymətləri necə olacaq? Biz bu sualla iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. V.Bayramov “Yeni Azərbaycan”a açıqlamasında vurğulayıb: “Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da, dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu son bir neçə gündə neftin qiymətində 8.0 faizdən çox azalmanın olması anlamına gəlir.

Bu arada Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib. Saudi Aramco yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, the Saudi isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına preventiv reaksiyasından xəbər verir.

Çin karantin qaydalarını yumşaltsa da, “Sıfır Covid” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31