Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şərab şüşəsində saxlanan zaman

Şərab şüşəsində saxlanan zaman

24.12.2024 [08:49]

Rey Bredberinin “Zəncirotu çaxırı” romanı haqqında

Əvvəli ötən sayımızda...

Arvadı Linanın etirazına baxmayaraq zərgər Leo Aufman iki həftə qarajdan çıxmadan xoşbəxtlik makinası icad eləyir. Bu müddətdə Leo uşaqlarıyla ünsiyyət saxlamır, iki həftədə onun arvadı xeyli kökəlir, özü isə arıqlayıb sınıxır. Valideynlərindən gizli sehirli maşının içinə girib oradakı uzaq mənzərələri yaxından görən evin böyük oğlu Saul gecə çimir çalmayıb səhərəcən ağlayır. Ərinin uşaq doğa bilməyən, qocanı cavanlaşdırmayan, insanı ölümdən sığortalamayan ixtirasını “kədər maşını” adlandıran Lina ertəsi gün özü nəhəng qutunun içində oturub Parisin, Romanın xoşbəxt həyatından mənzərələrə tamaşa eləyir. Bu epizodlar oğlu kimi ona da qəm gətirir, çünki xoşbəxtlik maşını gündəlik ailə qayğılarıyla məsud, asudə yaşayan qadına heç vaxt Parisdə, Romada olmadığını, heç vaxt da olmayacağını, iyirmi ildir rəqs eləmədiyini, gəncliyini çoxdan itirdiyini xatırladıb. Lina ərinin səhvlərini onun üzünə belə oxuyur:

“Deyimmi sən nədə yanılmısan, Leo: sən ən vacib məsələni unutmusan - gec-tez mən bu andırın içindən çıxıb çirkli qab-qacağı, kirli pal-paltarı yumalıyam. Neçə ki orada oturmusan, qürub uzandıqca uzanır, havası da çox sərin, çox ətirlidir, bunlara söz yox. İstədiyin mənzərəyə uzun-uzadı, doyunca baxa bilərsən. Bayırda isə uşaqlar nahar gözləyir, birinin şalvarı yırtılıb, o birinin düyməsi qopub. Bir də gəl əyri oturub düz danışaq: qüruba nə qədər tamaşa eləmək olar? Kimə lazımdır qürubun sonsuza qədər uzanması? Daimi sərinlik kimin nəyinə gərəkdir? Solmayan ətir nəyə lazımdır? Bunların hansına alışsan, bir az keçmiş onu sadəcə hiss eləməyəcəksən. Qürubdan bir dəqiqə, uzağı iki dəqiqə zövq alarsan. Sonra könlün başqa mənzərə istəyəcək. Belə yaranıb insan, Leo... Sən bir əməllə iki səhvə yol vermisən: əvvəla, ötəri bir halı uzatdıqca uzatmısan; ikincisi, bizim həyətimizə sığmayası bir dünyanı bu qutunun içinə yerləşdirmisən, Parisi, Romanı buralara gətirmisən...”

Rey Bredberinin televizora baxmaqdan xoşlanmadığını (sonralar bir televiziya kanalıyla birgə layihə həyata keçirdi, həmin layihə yazıçıya da, kanala da böyük şöhrət qazandırdı) nəzərə alsaq, Linanın bu monoloqunu müəllifin vizual ixtiraya qarşı çıxışı kimi də dəyərləndirmək olar. Təbiət (təbiilik) yenə mədəniyyətə (süniliyə) üstün gəlir.

Leo Aufman öz ixtirasının qoynunda şirin zövqə daldığı vaxt xoşbəxtlik maşını yanır, yanğın söndürülənə zərgərin ixtirasından geriyə yalnız xoşbəxtliyin külü qalır. Axşam evdə oynaşan balalarını, onlara şam yeməyi hazırlayan arvadını görəndə zər qədrini bilən zərgər, nəhayət, anlayır ki, əsl bəxtəvərlik nədir, anlayır ki, əslində, xoşbəxtlik maşını min illər əvvəl kəşf olunub - o maşını insan daim sinəsində gəzdirir.

***

Elen Bentli keçmişindən çətin qopan qadındır, ona ötən günləri xatırladan nə varsa, qoruyub saxlamağa çalışır: köhnə patefon valları, vaxtı keçmiş biletlər, teatr proqramları, uşaqlıq paltarları... Bir gün o, evinin qarşısındakı çəmənlikdə oynayan üç uşağı - Elis, Ceyn, bir də Tom Spoldinqi söhbətə tutur, onları dondurmaya qonaq eləyir. Missis Bentli uşaqlara öz uşaqlığından danışmaq istəyəndə balaca qonaqları bu yaşlı qadının nə vaxtsa uşaq olduğuna inanmırlar. Qoca Elen inciyib onlara uşaqlıq şəklini, indiyəcən saxladığı uşaqlıq əşyalarını göstərirsə də, qonaqlar yenə qarının dediklərinə şəkk eləyirlər; onların fikrincə, qocalar elə qoca kimi dünyaya gəlir, heç vaxt körpə olmurlar.

Uşaqlarla söhbəti Elen Bentlini sarsıdır. Onun gəncliyinin şahidləri artıq dünyada yoxdur, axıra qalan əriydi, bir neçə il qabaq o da köçünü sürüb. O rəhmətlik də onu həmişə keçmişdən asılıb qaldığına görə qınayardı: “Əzizim, sən heç cür başa düşmək istəmirsən ki, zaman yerində saymır. Sən həmişə əvvəlkitək qalmağa çalışırsan, ancaq bu, mümkün deyil, bugünkü sən dünənki sən deyilsən. Bu köhnə biletləri, teatr proqramlarını nədən ötrü saxlayırsan? Bunlar sənə yalnız qəm-qüssə gətirəcək, hamısını tulla getsin... Keçmişə nə qədər dartınsan da, bu gün nəsənsə, osan. Zaman insanları hipnoz vəziyyətinə salır. Hər yaşda adam elə bilir ki, həmişə bu yaşda olub, bu yaşda da qalacaq. İnsan həmişə öz indisində yaşayıb, bundan qırağa çıxmayıb, çıxa bilməz də. Köhnə-kürüş şeyləri qoruyub saxlamaq özünü aldatmaqdır... Fotoşəkillər? Onlar da bizi aldadır...”

Ertəsi gün missis Bentli keçmişindən qalan xatirələri uşaqlara paylayır. Artıq bu qoca qarının nə keçmişi var, nə gələcəyi. Onu yalnız miskin bir indiki zaman yaşadır. Keçmiş də, gələcək də illüziyadır, gerçək olan yalnız zamanın indisidir. Ancaq onu da tutmaq, əldə saxlamaq mümkün deyil. “İndi” dediyimiz zaman şərtidir, əslində, zamanın indisi də olmur. Demək, üç zamanın üçü də xəyaldır, xülyadır, təxəyyül məhsuludur. Əlac yenə zamanı konservləşdirən zəncirotu şərabına qalır.

***

Çarlinin köməyilə Duqlas “zaman maşını” tapıb. Yataq xəstəsi olan polkovnik Frileyi onlar belə adlandırırlar. Di gəl, bu maşınla yalnız keçmiş zamana səyahət eləmək olur. Uşaqlar tez-tez qoca polkovnikə baş çəkib onun bələdçiliyi sayəsində əlli, altmış, yetmiş il əvvələ qayıdırlar, vəhşi qərbə səfərlərin, hindularla kovboylar arasında döyüşlərin qiyabi şahidinə çevrilirlər.

Polkovnik Frileyin övladları on ildir yatağından qalxmayan atalarına baxıcı tutublar. Xəstə çarpayıdan sürüşüb düşməsin deyə baxıcı qadın evdən çıxanda telefonu ondan uzağa aparır. Məsələ burasındadır ki, Frileyin gəncliyinin ən parlaq çağları Mexiko şəhərində keçib. İndi oralara qoca polkovnikin əli çatmır. Bircə bununla təsəlli tapır ki, orada yaşayan cavanlıq dostuna ara-sıra zəng vurub ondan telefonun dəstəyini küçəyə tutmağı xahiş eləyir. Mexiko küçəsinin hay-küyü qulaqlarına dolduqca polkovnik yenidən iyirmi beş yaşına qayıdır, özünü o küçədə gəzən kimi təsəvvür eləyir.

Ancaq keçmişə səyahət təhlükəlidir, keçmiş ölüm, yoxluq deməkdir, insan o yoxluqdan dönməyə bilər. Qoca polkovnik də ahıl yaşa keçmişini öldürə-öldürə çatıb, indi də keçmişi onu öldürür. Telefon əlində keçmiş günləri dinşəyən Friley elə o keçmişin qoynundaca canını tapşırır.

***

Azad, məsud yay günlərinin birində Duqlasın ən sevimli dostu Con Hav elan eləyir ki, atası başqa şəhərdə özünə iş tapıb, axşam saat doqquzda yola düşəsi qatarla onlar Qrintaundan birdəfəlik köçürlər. Duqlası bu ağır xəbər möhkəm sarsıdır, o, zamanı saxlamağın, ya da heç olmasa ləngitməyin yollarını aramağa başlayır.

Duqlas bu qənaətə gəlir ki, insan ora-bura çovuduqca, qaçdıqca zaman da onunla birlikdə qaçır, demək, bir yerdə donub qalmaqla, ətrafda baş verən hər hərəkəti sakitcə seyrə dalmaqla zamanı ləngitmək olar (Şərqi Asiyanın asketik təlimlərini xatırladır). Oğlan uşaq ağlıyla tapdığı bu düsturu həyata tətbiq eləmək üçün oyun qurur: oyunun mahiyyəti budur ki, hamı durduğu yerdə heykəltək donub qalmalıdır, kim çox duruş gətirsə, qalib də o sayılacaq. Məqsəd zamanı ləngitmək, dostun gedişini yubatmaqdır.

Ancaq insan zamanı yalnız içində söndürə bilər, obyektiv zamansa öz işindədir. Sən biletini ləğv eləməklə qatar yolundan qalmayacaq. Conu da, qatarı da saxlamaq olmur, Duqlas zamanla savaşdan yenik çıxır. Tənhalıq acısı, təklik qorxusu onu necə qomarırsa, evə çatan kimi qardaşının dilindən söz alır ki, bu dünyada Tom onu heç vaxt yalqız qoymayacaq.

***

Gənc jurnalist Bill Forester nə müddətdir doxsan beş yaşlı Elen Lumisin aşiqidir. Qadının gənclik şəklini görəndə Bill onun nə yaşda olduğunu, bu gözəl qızın artıq çoxdan qocaldığını bilməyib. Onunla təsadüfən tanış olanda jurnalist görür ki, xanım Lumisin ağlı-huşu yerindədir, məntiqi, yaddaşı əsla zədələnməyib. Qadın gəncliyində bir oğlanı sevsə də, nə ona, nə də ondan sonra ərə getməyib, çoxlu şəhərlər, ölkələr dolaşıb. Onlar Elenin bağçasında, ağacların kölgəsində yeniyetmə sevgililər kimi günlərlə söhbətləşirlər, jurnalist xanım Lumisin parlaq yaddaşının bələdçiliyi ilə onun getdiyi ölkələrə səyahətə çıxır, onun gəzdiyi şəhərlərin küçələrini gəzir. Qadın özündən yetmiş yaş cavan oğlana onu sevdiyinə, onu axtardığına görə minnətdarlıq eləyir, Bill Foresterə çoxdan ölmüş sevgilisinin reinkarnasiyası kimi baxır.

Sonda Elen Lumis gənc jurnalistə elə sözlər deyir ki, bunu sevgi etirafı kimi də, vəsiyyət kimi də, müəllifin inancı kimi də yozmaq olar:

“Əzizim Uilyam, bir neçə gündən sonra mən öləcəyəm. Sözümü kəsməyin, mən əsla qorxmuram, uzun ömür yaşayanda çox şeyi, elə qorxu hissini də itirirsən... Belə bir çeynənmiş ifadə var - ruh doğmalığı; bax bizim də aramızda bu sayaq bir doğmalıq var. Mən həmişə düşünmüşəm ki, əsl sevgi ruhdan gəlir, hərçənd bədən çox vaxt buna inanmaq istəmir. Bədən yalnız özü üçün yaşayır. Ancaq yemək, içmək, bir də gecəni gözləmək naminə. Mahiyyətcə o, gecəquşudur. Ruhsa günəşdən törəyib, onun qisməti yaşadığımız ömür boyu min-min saat oyaq qalıb ətrafımızda olanları canına çəkməkdir. Heç insafdırmı bədəni - bu miskin, xudbin zülmət törəməsini bizə günəşin, ruhun bütöv bir ömür boyu verdikləriylə eyni tərəziyə qoyasan? Bilmirəm. Bildiyim bircə budur ki, ömrümün son günlərində mənim ruhum sizin ruhunuzla təmasa girdi, bu günlər həyatımın ən xoş günləri oldu... Mən bu işıqlı dünyada çox yaşamışam, burası aydındır. Sizsə ya çox tez, ya da çox gec doğulmusunuz. Son dərəcə nəhs uyğunsuzluqdur. Ola bilsin, bu, mənim cəzamdır - gəncliyimdə yüngülbeyin qız olmuşam. Növbəti dövrəni vuranda, ola bilər, bu uyğunsuzluq aradan qalxsın, təkərlər bir-birinin ahənginə uyğun fırlansın... Mənə söz verin ki, qocalana qədər yaşamayacaqsınız, Uilyam. Mümkün olsa, əlli yaşınıza qədər ölməyə çalışın. Bilirəm ki, bu, elə də sadə məsələ deyil. Ancaq sizə bunu sidq-ürəkdən məsləhət görürəm - kim bilir, ikinci Elen Lumis yer üzünə bir də nə vaxt gələcək. Təsəvvürünüzə gətirin: siz əldən düşmüş bir qoca, min doqquz yüz doxsan doqquzuncu ilin gözəl bir günündə küçədə mənə rast gəlirsiniz, mənimsə bu vaxt vur-tut iyirmi bir yaşım var. Ömür bu dəfə də puça çıxacaq, elə deyilmi?.. Təxminən iyirmi ildən sonra özünüzə, məsələn, sətəlcəm kimi bir xəstəlik tapın. Axı mən bilmirəm sizi orada, o dünyada nə qədər saxlayacaqlar, birdən dərhal buraxdılar? Mən əlimdən gələni eləyəcəyəm ki, bir daha yaş uyğunsuzluğuna, səhvə, gecikməyə yol verilməsin...”

Rey Bredberinin on iki yaşı olanda onun otuz minlik doğma Uokiqan şəhərinə (əsərdə baş verənlərin cərəyan elədiyi Qrintaunun prototipi bu şəhərdir) qastrola gəlmiş sirkin məşhur sehirbazı gələcəyin böyük yazıçısını uzun, firavan ömürlə müjdələməklə yanaşı ona bu sirri də açmışdı: “Sən mənim döyüşdə həlak olmuş dostumsan, 1918-ci ildə, dünya müharibəsi hələ bitməmiş Fransada qollarımın üstündə keçinmisən. İki il sonra burada bir başqa donda dünyaya gəlmisən...”

Görünür, yazıçının reinkarnasiyaya inamı elə o söhbətdən sonra yaranmağa başlayıbmış. Bunu da deyək ki, panteizm duyğusuyla reinkarnasiya inancı bir-birinə əkiz qardaşdır, biri mütləq o birini də gətirir.

Sehirbazın diaqnozunun doğru olub-olmadığını deyə bilmərik, ancaq proqnozu düz çıxdı: Rey Bredberi 2012-ci ilin 22 avqustunda dünyasını dəyişəndə doxsan iki yaşının tamam olmasına iki ay on yeddi gün qalmışdı.

F.Uğurlu

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Ədəbiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31