Düşmənlərin əbədi izdivacı
27.02.2025 [09:10]
Qustav Floberin “Salambo” romanı haqqında
İki gün keçmiş muzdlulara elan olunur ki, şəhəri tərk eləmək istəyənlərin məvacibi tam ödənəcək, üstəlik, Karfagen gəmiləri onları doğma sahillərinə daşıyacaq. Barbarlar razılaşırlar, səhrada yeddi gün yol yorub deyilən yerdə düşərgə salırlar. Az keçmiş Nar Havas da düşərgəyə gəlib çıxır. Mato numidiyalını öldürmək istəsə də, Nar Havas liviyalını dilə tutub ondan özünün düşərgədə qalmasına razılıq alır. Təcrübəli Spendi Nar Havasın nəsə bir qaranlıq niyyətinin, məkrli planının olduğunu duyur. Mato isə xəyallar aləmindədir, neyləsə də, Salambonun surəti yaddaşından silinmir.
Hamı vəd olunmuş qızılın-pulun Karfagendən göndəriləcəyini intizarla gözləyir. Üstəlik, baş götürüb şəhərdən qaçmış borclular, müflisləşmiş kəndlilər, tutulmamış cinayətkarlar, didərgin salınmış qaçqınlar bir ucdan düşərgəyə axışırlar. Ehtiyac, gərginlik artır, ərzaq tükənir, pullarsa gəlib çıxmır. Günün birində qoca sərkərdə Hannon başının dəstəsiylə düşərgəyə yollanıb, muzdluları Karfagendə vəziyyətin nə qədər ağır olduğuna, xəzinənin boşaldığına inandırmağa, borclarını tələb eləməsinlər deyə onları dilə tutmağa çalışır. Ac-yalavac, üzgün, qəzəbli kütlə partlayır, barbarlar yeddi günə gəldikləri yolu üç günə geri qayıdıb Karfageni mühasirəyə alırlar. Qanlı döyüş başlanır. Mato qiyamçıların başında durur.
Spendi su borularından keçməklə Karfagenə aparan gizli yolu tanıyır. Onlar ikilikdə həmin yolla şəhərə girəndə qoca qul Matonu dilə tutur ki, məbədə soxulub ilahə Tanitin örtüyünü oğurlasın, çünki bununla şəhərin qüdrət rəmzini ələ keçirib Karfagenin tilsimini sındırmış olacaq. Mato duvağı məbəddən götürüb Hamilkarın sarayına yönəlir, Salambonun otağına təpilib yuxulu gözələ sevgisini tez-tələsik bəyan eləyir, onu qoşulub qaçmağa razı salmaq istəyir. Salambo barbar oğlunun zəhmindən qorxuya düşüb haray salır, haya gələn qullar Matonun üstünə atılmaq istəyəndə qız onları dayandırır: yadellinin çiynində tanrıçanın müqəddəs örtüyü var! Bu örtük tanrının bir parçasıdır, ona toxunmaq ölümü çağırmaq deməkdir. Odur ki, heç kəs azğın liviyalı quldura yaxın düşmək istəmir.
***
Barbarlarla Karfagen arasında ağır döyüşlər gedir, heç bir tərəf düşmənini yenə bilmir, heç biri də zalımlıqda, qəddarlıqda o birindən geri qalmır. Spendi ilə Nar Havas tez-tez ruhdan düşsələr də, Mato inadından dönmür, qətiyyətlə döyüşür. Karfagen əhli düçar olduğu uğursuzluğun səbəbini ilahə Tanitin müqəddəs örtüyünə naməhrəm əli dəyməsində, şəhəri qoruyan tilsimin qırılmasında görür. Hamı bu işdə Hamilkarın qızını günahlandırır. Salambonun tərbiyəçisi olmuş qoca kahin qıza açıq deyir ki, ölkənin qurtuluşu onun əlindədir, Salambo barbarların düşərgəsinə gedib duvağı geri almalıdır. Ola bilsin, bu gediş ona canı bahasına başa gələcək, ancaq bir nəfərin həyatı bütöv bir respublikanın varlığından qiymətli deyil.
Salambo razılaşıb bələdçiylə yola çıxır. Qız elə qiyafəyə bürünür ki, qadın olduğu bilinmir, heç kəs ondan şübhələnmir. Bir fəndlə Matonun çadırına yol tapanda Tanitin zər-zibalı duvağını ilk baxışdan gözü alır. Ona elə gəlir ki, canına ilahi qüvvə dolur, cəsarətlə özünü düşmənə nişan verib, duvağı aparmaq üçün gəldiyini Matoya açıq söyləyir. Qızın gözəlliyi qarşısında igid döyüşçünün əli-ayağı boşalır, Salambo isə bir az da ürəklənib Matonu ən ağır cinayətlərdə - şəhərlərin xaraba qoyulmasında, kəndlərin yandırılmasında, respublikanı qoruyan əsgərlərin qətlə yetirilməsində suçlayır, ona nifrətini izhar eləyir. Mato isə məbəddən çıxıb onun otağına girdiyi zaman başqa niyyətinin olmadığını, sadəcə, müqəddəs örtüyü ona təhvil vermək istədiyini söyləyir: “Axı sən də Tanit kimi gözəlsən, bəlkə də Tanitin elə özüsən!” Qiyamçı liviyalı düşmən qızı qarşısında diz çökür, onun ayaqlarından, çiyinlərindən, saçlarından öpür, Salambonun canına şirin bir yorğunluq yayılır, qız onu məst eləyən bu duyğuya təslim olmağa hazırdır.
Bu dəm düşərgədə yanğın başlayır, Mato yubanmadan çölə atılır. Salambo fürsəti fövtə verməyib müqəddəs duvaq əlində cəbhə xəttini adlayır, özünü qarşı düşərgəyə yetirib atasının çadırına salır. Könüllü casus Nar Havas da buradadır, qiyamçıların düşərgəsində yanğın törədəndən sonra atlı dəstəsiylə Karfagen ordusunun tərəfinə keçib, daha doğrusu, guya öz cəbhəsinə qayıdıb. Onun xəyanəti muzdluların səflərinə sağalmaz zərbə vurub. Hamilkarı Karfagenə işləmək məqsədiylə qarşı tərəfə keçdiyinə inandırmağa çalışsa da, əslində, bu müddətdə Nar Havas gözləmə mövqeyi tutub, yalnız Karfagen qüvvələrinin ağır basdığını görəndən sonra qiyamçılara arxadan zərbə vurmaq qərarına gəlib. İgid Matonun paxıllığını çəkməyi, Salambonu ona qısqanmağı da Nar Havasın xəyanət yolu tutmağına az təsir göstərməyib. İndi numidiyalı xidmətinin müqabilində bəxşiş, mükafat gözləyir.
İnsan sərrafı, siyasət ustası Hamilkar Barka müxənnət numidiyalının yalan danışdığını sübuta yetirməyə tələsmir, onunla ittifaqdan faydalana biləcəyini düşünür. Salambo çadıra girib Tanitin duvağını atasına uzadanda komandan vəcdə gəlib Nar Havasa belə deyir: “Mənə göstərdiyin xidmətin mükafatı kimi qızımı sənə verirəm”. Elə oradaca Hamilkar cavanları bir-birinə adaxlayır. Salambo heykəl kimi yerində donub qalır, sanki nə baş verdiyini anlamır.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 23:46

İqtisadiyyat
27 Mart 22:31

Dünya
27 Mart 21:20

Sosial
27 Mart 20:38

Dünya
27 Mart 19:34

Sosial
27 Mart 19:04

Dünya
27 Mart 18:31

Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41
