Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / 20 Yanvar faciəsinin ədəbiyyatımızdakı əksi

20 Yanvar faciəsinin ədəbiyyatımızdakı əksi

20.01.2024 [10:10]

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər...

Şair Bəxtiyar Vahabzadənin dediyi kimi, gözləri sabaha dikilən, azad, firavan gələcəyə ümidlə baxan, bu uğurda canlarını bir an belə olsun düşünmədən qurban verən Şəhidlər...

20 Yanvar...

Tarix boyu başı qovğalardan, bəlalardan, yağıların təcavüzündən ayılmayan Azərbaycanımızın qan, qada, fəryad, göz yaşı dolu növbəti səhifəsi. Eyni zamanda, müstəqillik yolunda atılmış ən inamlı, qətiyyətli addım. Məhz 1990-cı ilin 20 Yanvar gecəsindən vüsət aldı qəlbi Vətən sevgisi, müstəqillik yanğısı ilə döyünən qocaman xalqın dünyaya ədalət çağırışları. Məhz həmin gün dünyanın kor qalmış gözlərinə, kar olmuş qulaqlarına gedib çatdı bir millətin azadlıq harayı. Amma bu dəfə dünyanın əbədi “üç meymun” oyunu alınmadı. Bir millət ki, qanı süzülə-süzülə, canı gedə-gedə bu yolla addımladı, onu görməmək, duymamaq olardımı?!

Xalq şairi Məmməd Arazın da dediyi kimi, “Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə gömülməzlər”.

34 ildən bəridir o məşum gecə, haqq bayrağını ucaldaraq ölümsüzlük qazanan mərdlik simvolu şəhidlərimiz Azərbaycan ədəbiyyatının, incəsənətinin əsas mövzularından biridir. Şair və yazıçılarımız illərdən bəridir öz qələmləri ilə həmin gecə şəhid düşən qəhrəman oğul və qızlarımızın can ağrısını, azadlıq uğrunda öz balalarını qurban verən bir xalqın göz yaşını, haqq səsini poeziyanın, sözün qüdrəti ilə dünyaya car çəkirlər.

Necə ki, Məmməd Araz öz şeiri ilə “ağlamağın yeri deyil” deyərək xalqı qürura, mübarizəyə, nikbinliyə səsləyirdi:

Bu torpağın son qurbanı mən olsam,

Öz odumda yanıb külə tən olsam,

Eldən ötən güllələrə dən olsam,

Ata millət, oğul deyib ağlama

Ağlamağın yeri deyil, ağlama!

“Öz şəhid ömrü ilə öyünənlər basılmaz” deyən şair Musa Ələkbərli də ağlamaq tərəfdarı deyil. Şair “Ağlama şəhidlərə” deyərək qüdrətli xalqı bu faciədən də qürurlu, başıdik, gələcəyə inamlı çıxmağa çağırır.

Ancaq günahsızca tökülən qanlara, cavan gedən canlara, “vətən, torpaq, bayraq, azadlıq” hayqırtısı ilə sönən ömürlərə necə qəlbin yanmasın, necə için sızıldamasın?! Əbülfət Mədətoğlunun dediyi kimi, əslində, o günlərdə dərd özü ağlayırdı. Axı bəzən ağlamaq, ürəyini boşaltmaq da ən böyük təskinlik, ən gözəl çarə ola bilir dağlanan könüllərə. Şəhid düşən canlara yer-yurd, torpaq-səma ağlarkən, insan necə laqeyd qala bilər?! Bəlkə də şəhidi elə göylər, səmalar, buludlar ağlamalıdır. Şair İlyas Tapdığın dediyi kimi, “Şəhidi ağlasın bahar yağışı, Ona - anaların göz yaşı çatmaz”.

Şair Məmməd Aslan isə qərənfilə xitab etsə də, elə bizə- insanlığa “ağla” deyirdi. Ağla ki, qəlbin təmizlənsin, ruhun paklaşsın, beynini, ürəyini, mənliyini saran duman çəkilsin, gələcəyə daha qətiyyətlə baxa biləsən. Şairin hələ uşaq yaşlarımızdan əzbərlədiyimiz, yan-yana, ağlaya-ağlaya söylədiyimiz “Ağla, qərənfil, ağla” şeiri isə o günə kimi toy-nişan rəmzi olan qərənfilin bundan sonrakı taleyini, “faciə çiçəyi” adını sanki rəsmiləşdirir:

Hər şəhidə bir düzüm,

Abşeron - qan dənizim.

Sən - mənim ağlar gözüm,

Ağla, qərənfil, ağla!

Axı o qərənfili dünyadan nakam köçən şəhidlərimizin toyuna, xoş gününə aparacaqdı ailəsi, sevənləri. Bunu da Əlibala Hacızadə poetik dillə deməmişdimi:

Qərənfilim, danış, din,

Səni dinləmək çətin.

Toyuma gəlməliydin,

Yasıma gətirdilər.

Tofiq Mütəllibov isə özünün “Qərənfil məşəlləri” şeirində qərənfilin Şəhidlər xiyabanındakı hüznlü obrazını çox təsirli dillə dəqiq şəkildə təsvir edir:

Bu adi çiçəklər, bu qərənfillər,

Məzarlar üstündə müqəddəsləşib.

Şair Qabilin faciənin üstündən çox keçməmiş ürək qanı ilə yazdığı “Mərsiyə” şeiri 20 Yanvar şəhidlərinə hüznlü bayatı kimi, ağı kimi bu gün də qəlbləri dağlamaqdadır:

Gecəni atəş ilə qırmızı dan eylədilər,

Xalqımı-millətimi gülləbaran eylədilər.

“O şanlı gün, o kin-qisas unudulmaz”- deyən Xalq şairi Nəriman Həsənzadənin sözlərinə qüvvət olaraq yazıçı Vidadi Babanlı inamla deyir:

Tarix danışacaq hünərimizdən,

Alqış söyləyəcək nəsillər bizə.

Əssə də qara yel üzərimizdən,

Zəfər nur saçacaq şəhərimizə.

Elə bu şanlı gələcəyin eşqinə şair Nahid Hacızadə şövqlə haray çəkir:

Qalx, qalx, ulu torpaq,

Qalx, qalx, ulu bayraq.

Qalx, qalx, sən ey mərd xalq,

Yer titrəsin məhvərindən!

Xalq yazıçısı Əzizə Cəfərzadənin yanğılı, fəryad dolu bayatıları, Xalq şairi Fikrət Qocanın sinəsinə övlad dağı, vətən dağı çəkilmiş anaların sözlə şanlı heykəlini yaratdığı “Şəhid anaları” şeiri, Çingiz Əlioğlunun “And” şeiri, Hidayətin 20 Yanvar şəhidi şairi Ülvi Bünyadzadəyə ithaf etdiyi “Qələmini qanına batıran şair” şeiri, özü də şəhid atası olan Xalq şairi Xəlil Rza Ulutürkün “Qanım bayrağımdadır” şeiri və neçə-neçə şairlərimizin 20 Ynavar faciəsinə, xalqımızın qürur və hüzn gününə həsr etdiyi poetik nümunələr ədəbiyyatımızın ən qiymətli xəzinələri arasındadır. Çünki məhz bu nümunələr vasitəsilə 34 ildir ki, yetişməkdə olan nəsillər əsl həqiqətləri öyrənir, bilir, xalqının tarixini dərindən mənimsəyir. Şübhəsiz, gələcək nəsillər üçün də bu örnəklər əsl arxiv materialları, həqiqətlərimizi özündə əks etdirən fakt kimi dəyər kəsb edəcək.

****

Əlbəttə, təkcə Azərbaycan poeziyası deyil, nəsr və dramaturgiyamız da 20 Yanvar mövzusuna tez-tez müraciət edib, yazıçılarımız, dramaturqlarımız o məşum gecənin ən böyük ağrılarını, ən qürurlu səhnələrini qələmləri ilə təsvir ediblər.

“Həyatdı da, elə bəlalar var ki, dil də aciz qalır”...

Xalq yazıçısı Anarın “Şəhərin qış gecələri” əsərinin qəhrəmanı akademik Bəhram Zeynallının dilindən süzülən bu kəlmələr 20 Yanvar faciəsinin və bu faciənin elə ədəbiyyatımızda əksinin də ən dəqiq təsvirini verir.

1990-cı ilin qanlı 20 Yanvar faciəsi... Bəli, bu faciəni ifadə etməyə sözlər belə acizdir. Amma Xalq yazıçısı Anar o acizliyin gözlərinin içinə baxa-baxa məhz elə o acizliyin özünü yazıb.

Bütöv millətin faciəsini bir ailənin timsalında göstərən əsərin qəhrəmanları, əslində, bizə çoxdan tanışdır. Müəllifin təxminən 40 il öncə yazdığı və uzun zaman uğurla nümayiş olunan “Şəhərin yay günləri” əsərindəki obrazlar indi şəhərin qış gecələrində, həmin o qanlı yanvar günündədirlər. Yazıçı məsələyə məişət mövzusunda yanaşsa da, ümumilikdə Azərbaycan ziyalısının, sadə Azərbaycan insanının ictimai-siyasi, sosial məsələlərə münasibətini göz önünə sərir. Həmin ailənin timsalında ötən əsrin 90-cı illər hadisələri, meydan hərəkatı, ölkədəki siyasi-ictimai vəziyyət şərh olunur.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsəri isə 1999-cu ildən müxtəlif teatrlarda səhnələşdirilib.

Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, İsi Məlikzadənin povesti, yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri”, Qaçay Köçərlinin “Şəhidlər xiyabanı”, Zəlimxan Yaqubun “Səslərin görüşü”, Tahir Talıblının “Susmuş hünərə elegiya”, Vahid Əzizin “Qırğın”, Sənan Çırağın “Haqq ədalət Kərəm kimi yalnız indi...”, Xəzangülün “Tanrı dərgahında”, Məmməd Alimin “Sahibini axtaran qol”, Məmməd Alimin “20 Yanvar küçəsi”, Piruz Dilənçinin “Şəhidlər xiyabanı”, Oqtay Ələkbərovun “Şəhriyar nəfəsi”, Xəlil Rza Ulutürkün “Sənin göz yaşların”, Ələkbər Şahidin “Şəhidlər”, Vidadi Babanlının “Başsağlığı”, Hafiz Əlinin “Bakıda komendat saatı”, Məhəmməd Aslanbəylinin “Bu il”, Fikrət Qocanın “Ağlar”, Əlirza Hikmətin “Şəhidlər xiyabanı” əsərləri, Balaş Azəroğlunun “Günahkar”, Məmməd Alimin “Doxsanıncı iyirmi Yanvar”, Hafiz Əlinin “Vətən şəhidləri”, Rəfail İncəyurdun “Yanvar ağıları”, Kamran Mehdinin “Şəhidlərə ölüm yoxdu” şeirlərində 20 Yanvar mövzusu təsirli dillə, bütün həqiqətləri ilə qələmə alınıb.

20 Yanvar faciəsi həm də uşaq şəhidləri ilə hüznlü, kədərli, ağırdır. Təbii ki, ədəbiyyatımız, kövrək şair qəlbi bu körpə şəhidləri anmaya bilməz. Bu faciədə fidan həyatını “şəhid” adına dəyişən balaca Zeynəbin insanın ürəyini parçalayan taleyi Musa Ələkbərlinin “Oxu, Zeynəbim, oxu” şeirində ən kövrək şəkildə təsvir olunub. Məmməd Namazın “Körpə şəhidlərə layla” şeiri də yarım qalmış ömürlərə ithaf edilən ən gözəl nümunələrdəndir.

1990-cı ilin 20 Yanvar günü tariximizin qanla yazılmış səhifələrindən biridir. Ancaq təbii ki, bu gün öz müsibəti, faciəsi ilə bərabər, həm də müstəqil gələcəyə, azad, firavan ölkəyə açılan bir qapı idi. Bu qapını üzümüzə açan şəhidlərimizi dərin hüzn və sonsuz minnətdarlıqla yad edirik. Ümid edirik ki, uğruna canlarını verdikləri Azərbaycanımızın azad, şanlı qələbə imzalı bu gününü görüb ruhları şaddır!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29