Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Mübariz şairin 100-cü ad gününə...

Mübariz şairin 100-cü ad gününə...

31.01.2024 [10:35]

MÜHACİR ŞAİR ƏLİ TUDƏNİN 100 YAŞI TAMAM OLUR

“Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir, silahım qələm”.

- deyərək nə silahını əlindən yerə qoydu, nə də bayrağına dönük çıxdı. Ömrünün sonuna kimi tək amal uğrunda çalışdı, çarpışdı. Yoxluq, sürgün, haqsızlıqlar, heç biri onu yolundan döndərə bilmədi, heç birinin onu ruhdan salmağa gücü yetmədi. Yazdı, dedi, savaşdı, haqq səsini ucaltmaqdan bir an olsun vaz keçmədi.

Bu mübarizəsi və yaratdığı onlarla möhtəşəm poeziya nümunələri də ona vəfasız çıxmadı, adının yaşamağında, vəfatından 20 ilə yaxın zaman keçməsinə baxmayaraq, bu gün də sayğı və sevgi ilə anılmağında ən böyük səbəb oldu.

Mühacir Azərbaycan şairi, poeziyamızın əvəzolunmaz nümayəndələrindən biri Əli Tudənin bu gün 100 yaşı tamam olur.

Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Atası Qulu və anası Şahbəyim əslən Ərdəbilin Çanaxbulaq kəndindən olsalar da, XX əsrin əvvəllərində növbəti şahsevənlərin basqınlarının birində Bakıya köçmüşdülər. Neft sahəsində fəhləlikdən başlayıb buruq ustalığına qədər yüksələn Qulu oğlu Əlinin 1 yaşı olarkən dünyasını dəyişir. Balaca Əli atasızlığının üzərindən çox keçmədən, 5 yaşında da anasız qalır. Onu nənəsi Qərib böyüdür.

1931-ci ildə keçmiş Sovet küçəsindəki “Bədəlbəyin məktəbi” deyilən 1 saylı ümümtəhsil müəssisəsində oxumağa başlayır. Daha sonra Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qazamatın yanında yerləşən məktəbə girir. 3-4-cü siniflərdə oxuyanda rəssamlığa böyük həvəsi yaranır. 5-ci sinifdə ikən ilk dəfə şeir yazmağa başlayır. 6-cı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşıb 150 saylı orta məktəbdə təhsilini davam etdirir. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideyinlər qarşısında “Yeni yol” qəzetində yenicə çap olunmuş “Vətən nəğməsi” adlı ilk şeirini oxuyur. Həmin ildə o vaxtki Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır.

Uşaqlığından sözə, ədəbiyyata xüsusi sevgisi ilə həmyaşıdlarından seçilən Əlinin 13 yaşı olanda şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunur, radioda səslənirdi. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilmişdi.

Lakin gələcək şairin bu sevinci çox çəkmir. 1937-ci ildə Sovet İttifaqının ərazisində tüğyan edən repressiya dalğası onların da qapısını döyür. 1938-ci ilin yazında 14 yaşlı Əli nənəsi ilə birgə İrana sürgün edilir. Mühacir həyatı onun bundan sonrakı taleyini şərtləndirən əsas amilə çevrilir.

Burada Əli Miyana-Zəncan dəmiryolunda fəhləliyə başlayır. Bir müddət sonra isə oradan ayrılır. Lakin burada da həyatı sakit, hüzurlu keçmir. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Sonsuz arzuları balaca kəndə sığmayan Əli bir müddət sonra oradan çıxır və Ərdəbilə üz tutur. 1945-ci ildə isə “Vətən yolunda” qəzetinin Ərdəbil şairlərini dəvəti ilə gənc şair ilk dəfə Təbrizə gedir və Ərdəbil şairləri ilə birgə “Şairlər məclisi”nin növbəti məşğələsində iştirak edir.

1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulan Əli qısa zamanda onun fəallarından birinə çevrilir. Bu, onun yaradıcılığına da təsirsiz ötüşmür. Artıq o, xalqı mübarizəyə səsləyən milli ruhda şeirlər yazmağa başlayır. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur və Əli də bu hökumətin Maarif  Nazirliyində işləməyə başlayır. Həmin dövrdə o, “Ana dili” kitabının tərtibində və çapında böyük rol oynayır. Həmçinin Təbrizdə Milli Filarmoniya yaradır ki, bu, İran tarixində bir ilk idi. Şair sonralar yazdığı “Öz gözlərimlə” kitabında bu haqda qeyd edirdi: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

Bəli, Əli Tudə bu cür mübariz, xalqı, milli kimliyi uğrunda cəsarətlə savaşan vətənpərvər idi. Onun “Tudə” təxəllüsü də təsadüf deyildi. “Xalq” mənasına gələn “Tudə” təxəllüsünü o, ömrünün sonuna qədər şərəflə daşımağı bacardı:

Tudə təxəllüsünü

Xalq özü verdi mənə.

Mərd, fədai olmağı

Məsləhət gördü mənə.

Bütün bu hadisələr baş verərkən Əli Tudə hələ çox gənc idi- 20-li yaşlarının lap əvvəlində... Elə bu dövrdə, cəmi 22 yaşında ikən Milli hökumət onu ən ali mükafat sayılan “21 Azər” medalı ilə təltif etdi.

Lakin həm xalqın, həm də Əli Tudənin taleyi sona qədər üzünə gülmədi. Böyük çətinliklərlə, fədakarlıqlarla qurulmuş dövlət qısa zamanda süquta uğradı. Əli Tudənin mübarizəyə səsləyən üsyankar ruhlu kitabları mətbəədə yandırıldı. Özü barəsində isə şah fərman verdi: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.

Təbii ki, yenidən tək qurtuluş Şimali Azərbaycan idi. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu:

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

Budəfəki mühacirlik Əli Tudənin ömürlük həyat yoluna çevrildi. O, Bakıda “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Demokratik Firqəsinin Mərkəzi Komitəsi Ə.Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir.

Sonradan Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Əli Tudə 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetində ədəbi şöbə müdiri vəzifəsində işləyir.

Hər kəsin öz qibləsi var,

Mənim qibləm Vətəndir

- deyən şair 60 illik yaradıcılığında Vətənin haqq səsini ucaldan, mübarizədən, üsyandan çəkinməyən cəsarətli şair ömrü yaşadı. Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri olan Əli Tudənin yaradıcılığında əsas yeri lirik əsərlər tutsa da, zaman-zaman ədib nəsr əsərlərində də qələmini sınamışdı. Onun sağlığında çap olunan 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir.

Yazdığı hər misrasında, hər bəndində Cənub həsrəti, Vətən dərdi oxunan şair ömrünün sonuna kimi bu mövzuda yazmaqdan yorulmadı, usanmadı. Özündən sonra böyük bir irs qoydu.

Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edən Əli Tudə 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü olub, 1959-cu ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987) fəxri adlarına layiq görülüb.

50 poemanın, “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” və sair kimi 60 kitabın müəllifi olan ədibin Əsərləri özbək, qırğız, hind, ?krayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Heç zaman sovet pasportu daşımadı. Məhz buna görə də bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

Mübariz şair 1996-cı il fevralın 26-da vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Şairin vəfatı ilə bağlı “Azərbaycan” rəsmi dövlət qəzetində nekroloq verilib.

İllər, əsrlər keçməsinə baxmayaraq, bütün nəsillər üçün ən böyük örnək olacaq yaradıcılıq yoluna sahib şair öz həyatı, yaşadıqları ilə göstərdi ki, əslində, əsl şair, əsl vətəndaş Vətəninin dar günündə mübarizədən çəkinməyən, sözünü deməyi, haqqını tələb etməyi bacaran, son gününə qədər öz amalına sadiq qalan insandır. Doğuluşunun 100-cü ilində əziz şairimizi sevgi və sayğı ilə yad edirik..!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29