Uçmaq istəyən balıq
23.02.2024 [10:50]
Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı haqqında
Selincerin tərcüməyə çətin gələn dünya şöhrətli əsərlərini dilimizə uğurla çevirmiş Tehran Vəliyevin ruhu şad olsun!
Folkner çağdaşlarına tərif deməkdə xəsis idi, söhbətlərində daha çox bəyəndiyi, dönə-dönə oxuduğu klassiklərdən danışırdı. Nobel mükafatına layiq görülmüş tay-tuşlarından Heminqueyi yazıda “təhlükəli” manevrlərə getməkdən çəkinən cəsarətsiz, qorxaq yazıçı adlandırır, Steynbek haqqında isə deyirdi ki, o, yazıçı yox, reportyordur. Bütün bunlar paxıllıqdan, təşəxxüsdən, məncillikdən irəli gəlmirdi, sadəcə, ona yazı, yazıçı bəyəndirmək çətin idi. Özü bəstəboy olsa da, oksfordlu zahidin arşını çox uzun idi.
Sonrakı nəsillər haqqında isə Alber Kamünü çıxmaqla (o da ölümündən sonra) Folkner yalnız Selincer haqqında tərif demişdi (hər halda mənim xatırladığım budur). Universitetlərin birində bir tələbənin sualına cavabında dahi yazıçı bunları söyləmişdi: “Selincerin romanı məndə dərin təəssürat yaratdı. Müəllif bu əsərdə mədəniyyətimizin bizə göstərdiyi təzyiqə qarşı üsyana qalxıb. Bizim mədəni mühitdə şəxsiyyət olmaq çətindir. Mən bu kitabda Selincerin öz faciəsindən qaynaqlanan bir faciə gördüm. İnsanların çoxundan həssas olan savadlı yeniyetmə bəşər övladını sevmək, insanlığın mahiyyətinə varmaq istəyir, bu zaman görür ki, orada insana yer yoxdur. Əsərdəki faciə məhz bundan ibarətdir”.
Selincer özü isə hamıdan çox XIX əsrin böyük Amerika yazıçısı, dünya şöhrətli “Mobi Dik” romanının müəllifi Herman Melvilli bəyənirdi.
***
İlk dəfə 1951-ci ildə nəşr olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” romanı işıq üzü görər-görməz otuz iki yaşlı müəllifini dünya şöhrətli yazıçıya çevirdi. Selincer bu kitabı fasilələrlə on ilə yazmışdı, şah əsəri onunla birgə dünya savaşının odu-alovu içindən keçmişdi. Roman iyirminci əsrin ikinci yarısında Qərb sivilizasiyasının həyatına ən çox təsir göstərmiş kitablardan biri, bəlkə də birincisi sayılır. Altmışıncı illərdə baş qaldırmış tələbə hərəkatlarının, bitniklərin, hippilərin, eləcə də dünyaya səs salan sui-qəsdlər törətmiş üç terrorçunun (o cümlədən Con Lennonun qatilinin) ilham mənbələrindən biri bu kitab olmuşdu.
Ölümündən on dörd ildən çox vaxt keçsə də, Selincer müəmması hələ də çözülməyib. 1965-ci ildən əsərlərini çapa verməyi dayandırıb Nyu-Hempşir ştatındakı Korniş şəhərciyində inzivaya çəkiləndən sonra onun nə yazıb-nə yazmadığını, ta dünyadan köçdüyü 2010-cu ilə qədər necə ömür sürdüyünü, hansı düşüncələrlə yaşadığını bu gün də dəqiq bilən yoxdur. Hətta 1955-ci il təvəllüdlü qızının memuarları da bu kimi suallara tam aydınlıq gətirməyib. Qeyri-rəsmi məlumatlara görə, bu illər ərzində o, yazmağından, yeni əsərlər yaratmağından qalmayıb, di gəl, varlığı ehtimal olunan bu əsərlərdən işığa çıxarılanı hələ də yoxdur.
Paradoksal olan burasıdır ki, Selincerin şöhrətdən, populyarlıqdan qaçışı son əlli-altmış ildə onun şöhrətini qat-qat artırıb. Yeganə romanı ötən yetmiş ildə təqribən 60 milyon nüsxədə çap olunub (ABŞ-da, yanılmıramsa, hər il 250 min tirajla yenidən yayılır), nəsildən-nəslə ötürülüb, bu gün də əl-əl gəzir. Özü Budda sayağı dərin sükuta dalan, qırx beş ildə bir-iki istisnanı çıxmaqla müsahibə verməyən, şəkil çəkdirməyən, bir sözlə, özünü unutdurmağa çalışan Selincerin sözü bu müddətdə bir gün belə susmayıb, bir gün unudulmayıb.
***
Roman Selincerin həm fəlsəfi-etik, həm də bədii-estetik mövqeyini aydın ifadə eləyir. Atası yəhudi, anası şotland-irland əsilli olsa da, yazıçı təskinliyi nə iudaizmdə, nə xristianlıqda - qədim hind fəlsəfəsində, zen-buddizm təlimində tapmışdı. Şübhəsiz, ruhi dincliyə, sakitliyə, tarazlığa meyillənməsində onun İkinci Dünya müharibəsinin od-alovundan keçməsi, savaş meydanlarında gördüyü dəhşətli mənzərələr, insan vəhşilikləri mühüm rol oynamışdı. Aldığı dərin mənəvi yaralar, psixoloji zərbələr ruhunun azadlığını qorumağa çalışan, insana inamını çoxdan itirmiş mizantrop xarakterli Selincerə ayrı yol qoymamışdı.
“Çovdarlıqda uçurumdan qoruyan” əsərini avtobioqrafik roman da adlandırmaq olar. Əsərdə müəlliflə qəhrəmanı, danışanla haqqında danışılanı bir-birindən ayırmaq mümkün deyil. Sanatoriyada vərəmdən müalicə olunan on yeddi yaşlı Holden Kolfild bir il əvvəl milad bayramı qabağı üç gün ərzində başına gəlmiş əhvalatları nağıl eləyir. Əslində, burada qeyri-adi bir əhvalat da yoxdur, baş verənlər Nyu-York küçələrini, barları, otelləri, karuselləri avara-avara dolanan bir küskün, acıqlı məktəblinin mənasız sərgüzəştləridir. Bu sərgüzəştləri izləyən oxucu hər kəsə, hər şeyə on altı yaşlı yeniyetmənin gözüylə baxır, həyatı onun prizmasından dəyərləndirir.
Beş fəndən dördü üzrə kafi qiymət ala bilmədiyinə görə Pensi məktəbindən qovulmuş Holden Nyu-Yorkda yaşayan valideynlərinin gözünə üç gün görsənə bilmir, çünki bu, artıq onun bayıra atıldığı üçüncü məktəbdir. Yeniyetmə üç gün ərzində sağa-sola veyillənir, özünün məqsədsiz-məzmunsuz macəralarından, anarxist tənhalığından, vəhşi sərbəstliyindən zövq alır. Fəqət tez-tez azadlığını onun burnundan gətirirlər, yetkin bir insan kimi müstəqil davranmağını, sərbəst dolanmağını ona bağışlamırlar.
***
Holden yaşadığı cəmiyyətə qarşı üsyana qalxır, ancaq onun üsyanı siyasi, sosial üsyan deyil; bu, belə demək olarsa, ekzistensial qiyamdır. Riyakarlığa, saxtakarlığa, ikiüzlülüyə, yalançı nəzakətə, qəlp şəfqətə, göstərmə məhəbbətə qarşı səmimiyyətin qiyamı. Holden imkanlı ailənin uşağıdır, aclıq-qıtlıq çəkmir, getdiyi yerlərə taksiylə gedir. Əslində, o, dibçəyində böyüyüb-bəsləndiyi burjua-kapitalist mühitindən razı olmalıdır. Məsələ də burasındadır ki, Holden Kolfild bu mühitdən iyrənir, yalanla yaşamaq, dibçək bəsləntisi olmaq istəmir.
Sosial qəhrəman olmasa da, əsər boyu ara-sıra Holdenin sosial fenomenlərə, tutalım, dinə, təhsil sisteminə münasibətini də eşidirik. İsa Məsihi bəyənsə də, onun apostollardan, başqa xristian müqəddəslərindən xoşu gəlmir. Kafedə iki rahibəylə rastlaşan qəhrəmanın daxili monoloqundan bir fraqmenti dinləyək: “Bütün söhbət boyu qorxurdum ki, birdən mənim katolik olub-olmadığımı soruşarlar. Katoliklər həmişə sənin katolik olub-olmadığını bilmək istəyirlər. Mənim başıma belə şeylər tez-tez gəlir, qismən də ona görə ki, soyadım irland soyadıdır. Məlumdur ki, irlandların çoxu katolikdir. Yeri gəlmişkən, atam özü də əvvəllər katolik olub. Anamı alandan sonra isə bunun daşını atıb. Ancaq bu katoliklər elə tipdirlər ki, lap sənin soyadını bilməsələr də, həmişə katolik olub-olmadığını soruşurlar...” Bu müşahidələr Holdenin yetkin, ağıllı bir yeniyetmə olduğunu göstərir. Sadəcə, o, tənhalıq aşiqidir, sosiallaşmağa yox, tam tərsinə, yalquzaq kimi asosiallığa meyillidir.
Onun yaxşı mütaliəsi, incə zövqü var, tay-tuşlarından fərqli olaraq teatr tamaşalarını, Hollivud filmlərini sərraf kimi dəqiq qiymətləndirə bilir, ən adlı-sanlı sənətkarların da saxtakarlığı onun gözündən yayınmır. Məşhur aktyorların oynadığı tamaşa haqqında on altı yaşlı yeniyetmə görün nə deyir: “Bu tamaşa əvvəl baxdıqlarıma nisbətən o qədər də bəd gəlmədi mənə. Amma bu da bir zibil deyildi. Lovğa ər-arvadın üst-üstə beş yüz min illik həyatından bəhs eləyirdi. Başlanğıcda lap cavan vaxtlarını göstərirlər, qızın valideynləri əvvəlcə onu bu oğlana vermək istəmirlər, ancaq qızın qərarı qətidir. Sonra da başlayırlar qocalmağa. Ər müharibəyə gedir. Arvadın qardaşı içkiyə qurşanır. Nə isə, çox maraqsız oldu. Yəni bir ailədə biri öldü, ya qaldı, məni o qədər maraqlandırmır. Çünki bilirdim ki, bunlar aktyordurlar, vəssalam, oyun çıxarırlar. Düzdür, ərlə arvad çox yaxşı təsir bağışlayırdılar, dilli-dilavər idilər, ancaq onlardan da sən deyən xoşum gəlmədi. Əvvəla ona görə ki, bütün tamaşa boyu çaydımı, nəydimi, onu içməklə məşğul idilər. Bu qocalar hər dəfə səhnədə görünəndə ya qulluqçu onların qabağına çay qoyur, ya da qadın kiməsə nə isə süzürdü. İkincisi də, bütün tamaşa boyu onların yanına biri girir, biri çıxırdı: bu adamların dəqiqəbaşı oturub-durmaqlarına baxmaqdan gözüm dörd olmuşdu. Qoca ər-arvadı Alfred Lantla Lin Fontann oynayırdılar, özü də çox gözəl oynayırdılar, amma mənim xoşuma gəlmədi. Mən də başa düşürəm, onlar başqa aktyorlara bənzəmirlər. Səhnədə özlərini nə adi adam, nə də aktyor kimi aparırlar. Bunu izah eləmək mənim üçün çox çətindir. Elə oynayırdılar, elə bil addımbaşı özləri də hiss eləyirdilər ki, onlardan yaxşısı yoxdur. Yəni yaxşı oynamaqlarına yaxşı oynayırdılar, amma həddən artıq... Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, o işi görəndə hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır...”
Göründüyü kimi, ən usta sənətkarların da oyunundakı saxta, qəlp məqamlar, cizgilər Holdenin hələ mühitin çirkabına bulaşmamış, maskalanmağa alışmamış saf qəlbinin senzurasından keçə bilmir. Onun misal gətirdiyim nitqindən bütöv bir estetik platforma çıxarmaq olar.
F. Uğurlu
Xəbər lenti
Hamısına bax
Sosial
25 Aprel 10:45

Dünya
25 Aprel 10:41

İqtisadiyyat
25 Aprel 10:39

İqtisadiyyat
25 Aprel 10:35

MEDİA
25 Aprel 10:35

Siyasət
25 Aprel 10:29

Dünya
25 Aprel 10:25

Siyasət
25 Aprel 10:18

Dünya
25 Aprel 10:17

İqtisadiyyat
25 Aprel 10:16

Ədəbiyyat
25 Aprel 10:14

Analitik
25 Aprel 10:09

Sosial
25 Aprel 09:58

Dünya
25 Aprel 09:54

Sosial
25 Aprel 09:52

Dünya
25 Aprel 09:51

Dünya
25 Aprel 09:25

Dünya
25 Aprel 09:14

Dünya
25 Aprel 08:53

Diaspor
25 Aprel 08:21

Dünya
24 Aprel 23:47

Dünya
24 Aprel 23:32

YAP xəbərləri
24 Aprel 23:16

Elm
24 Aprel 22:51

YAP xəbərləri
24 Aprel 22:36

Hadisə
24 Aprel 22:16

YAP xəbərləri
24 Aprel 22:00

Dünya
24 Aprel 21:49

İdman
24 Aprel 21:38

YAP xəbərləri
24 Aprel 21:14

Dünya
24 Aprel 21:07

Dünya
24 Aprel 20:56

YAP xəbərləri
24 Aprel 20:41

Siyasət
24 Aprel 20:35

YAP xəbərləri
24 Aprel 20:19

Dünya
24 Aprel 20:06

Sosial
24 Aprel 19:58

YAP xəbərləri
24 Aprel 19:44

Analitik
24 Aprel 19:30

Dünya
24 Aprel 19:27

YAP xəbərləri
24 Aprel 19:14

Dünya
24 Aprel 19:06
YAP xəbərləri
24 Aprel 18:43

Yeni texnologiyalar
24 Aprel 18:33

YAP xəbərləri
24 Aprel 18:20

YAP xəbərləri
24 Aprel 18:18

Dünya
24 Aprel 18:11
YAP xəbərləri
24 Aprel 17:51

Elm
24 Aprel 17:48

Sosial
24 Aprel 17:46

YAP xəbərləri
24 Aprel 17:45

YAP xəbərləri
24 Aprel 17:10

YAP xəbərləri
24 Aprel 17:05

Gündəm
24 Aprel 16:59

YAP xəbərləri
24 Aprel 16:57

YAP xəbərləri
24 Aprel 16:32

YAP xəbərləri
24 Aprel 16:30

Elanlar
24 Aprel 16:28

Sosial
24 Aprel 16:18

Sosial
24 Aprel 16:12

YAP xəbərləri
24 Aprel 16:10

YAP xəbərləri
24 Aprel 15:46

YAP xəbərləri
24 Aprel 15:33

Hadisə
24 Aprel 15:26
YAP xəbərləri
24 Aprel 14:38

YAP xəbərləri
24 Aprel 14:37

YAP xəbərləri
24 Aprel 14:22

YAP xəbərləri
24 Aprel 14:16

YAP xəbərləri
24 Aprel 13:57

YAP xəbərləri
24 Aprel 13:44
