Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sonsuz qürur mənbəyimiz - müstəqilliyimiz!

Sonsuz qürur mənbəyimiz - müstəqilliyimiz!

28.05.2024 [10:00]

Bu gün Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan müstəqil dövlətə malik olması, aylı-ulduzlu bayrağımızın BMT-nin və digər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanması hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Dünyada xalqların sayı çoxdur. Ancaq müstəqillik heç də bütün xalqlara nəsib olmayıb. Yüzilliklər boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dönəmlərində bu ideya uğrunda mücadilələrə qatılan Azərbaycan xalqı isə 106 il bundan əvvəl tarixin bu günündə - 28 may 1918-ci ildə öz müstəqilliyini elan edib.  

Tarixi hadisə 

Azərbaycan bəhs olunan tarixdə müstəqilliyini çox çətin və ziddiyyətli hadisələrin baş verdiyi bir dönəmdə qazanıb. Həmin dövrdə imperiyalar bir-birinin ardınca süqut edirdi, dünya nizamı yenidən müəyyənləşirdi, xalqlar üçün çox mühüm çağırışlar yaranmışdı. Belə bir şəraitdə1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyətini tarixi hadisə kimi səciyyələndirib.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. AXC Qərb ölkələrindən çox əvvəl - 1918-ci ildə qadınlara səsvermə hüququnu tanıyıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı müvafiq Sərəncamda oxuyuruq: “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

AXC-nin varisi - XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqillik

Təəssüf ki, AXC-nin ömrü qısa oldu. Tariximizdə qurulan Birinci respublika cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Heydər Əliyevin müstəsna missiyası

Müdrik siyasətçi olan Heydər Əliyev daim vurğulayırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir. XX yüzillikdə Azərbaycanın müstəqilliyinin bərpasında və qorunmasında Heydər Əliyev müstəsna missiya yerinə yetirib. Əvvəla, onu vurğulayaq ki, Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində Azərbaycana rəhbərlik edərkən keçmiş sovet rejiminin ideoloji qadağalarına rəğmən, respublikamızın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaratmışdı. Bu əsaslar həm ideoloji, həm də iqtisadi sahələri əhatə edirdi. Sonrakı mərhələdə isə O, xalqın yaddaşını təzələməklə cümhuriyyət ideyalarının geniş şəkildə yayılmasına çalışırdı. XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyiə qovuşmasının əsası da məhz Onun səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub.

Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Saxta referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.

Tale elə gətirdi ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyası da Heydər Əliyevin üzərinə düşdü. O dövrdə AXC - “Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi respublikamızı vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi  təhlükəsi ilə üz-üzə qoymuşdu.  Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Onun müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı”.

Müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsi

Heydər Əliyevin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır. Son 20 ildə Prezident İlham Əliyev apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində respublikamızı zirvələrə yüksəldib. Onun qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşdırılan islahatlar ölkənin iqtisadi müstəqilliyini təmin edib. Bu gün Azərbaycan dünyada heç bir maliyyə mərkəzindən asılı deyil, bütün məsələlərini sırf öz gücünə həll etməyə qadirdir. Bu da siyasi müstəqilliyimizi şərtləndirir. Hazırda dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə diktat dili ilə danışsın. Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir ki, bütün bunlar da beynəlxalq səviyyədə respublikamıza ləyaqətli dövət imici qazandırıb. 

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 2020-ci ildə  44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir. Bugünlərdə isə zəfərlərimizin davamı olaraq Qazax rayonunun dörd anklav olmayan kəndləri də döyüşsüz geri qaytarılıb. Artıq dördüncü ildir ki, Azərbaycan müstəqillik gününü qalib dövlət kimi qeyd edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb. İcra olunan irimiqyaslı layihələr, Böyük Qayıdışın uğurla davam etdirilməsi və tarixi şəhərlərimizin qısa müddətdə məskunlaşdırlması müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30