Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müdafiə sənayemiz yeni mərhələdə

Müdafiə sənayemiz yeni mərhələdə

02.10.2026 [08:10]

Dünyada beynəlxalq prinsiplərin ikili standartların kölgəsində qaldığı, güc amilinin önə keçdiyi bir dönəmdə yaşayırıq. Mövcud  reallıqlar elədir ki, hər bir dövlət mütləq qaydada özünün təhlükəsizliyi qayğısına qalmalıdır. Azərbaycan da məhz bu yolu tutub. Prezident İlham Əliyevin bu günlərdə Bakının ev sahibliyi etdiyi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətində vurğuladığı kimi, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlətimizin başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızın müdafiə qabiliyyətinin möhkəmləndilməsi fərqli istiqamətlərdə həyata keçirilir. Bunlardan biri, heç şübhəsiz ki, dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan müxtəlif növ hərbi texnikanın Ordumuzun arsenalına daxil edilməsidir. Uğurlu diplomatiya dünyada Azərbaycana və onun Liderinə böyük nüfuz və dostlar qazandırıb. Bunun sayəsində də ölkəmiz dünyada silah satışındakı qadağalardan və məhdudiyyətlərdən yan keçməklə Ordunun müasir silahlarla təchizatını yüksək səviyyəyə qaldırmağa nail olub.

Azərbaycan Ordusunun gücləndirilməsinin digər mühüm mənbəyi qismində isə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında yaradılan milli müdafiə sənayesi çıxış edir. Yerli müəssisələrdə buraxılan və Ordunun arsenalına daxil edilən müxtəlif növ silah və sursatlar 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında özünün keyfiyyət göstəricilərini bilavasitə döyüş meydanlarında təsdiqlədi. Eyni zamanda, “ADEX 2026” sərgisində nümayiş olunan yerli istehsala məxsus hərbi texnika bir daha təsdiqləyir ki, müdafiə sənayemiz yeni mərhələyə yüksəlib.

Yüksək rəqabət qabiliyyətinə malik müdafiə sənayesinin qurulması böyük nailiyyətdir

Bu gün dünyada özünü müstəqil adlandıran dövlətlərin sayı çoxdur. Lakin dövlətlərin real müstəqilliyi üçün bir sıra fundamental şərtlər təmin olunmalıdır. Tam əminliklə demək mümkündür ki, müdafiə sənayesinin yaradılması da belə fundamental şərtlər sırasında yer alır. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması müstəqil Azərbaycanın tarixində böyük nailiyyətdir və strateji önəm daşıyır. Qurumun  fəaliyyət istiqamətlərinə, əsasən, müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə müdafiə sənayesi sahəsinin inkişafını təmin etmək, dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir. Milli müdafiə sənayesi quruculuğuna prioritet yanaşmanın davamı olaraq Prezident İlham Əliyev 7 sentyabr 2023-cü il tarixində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında Fərman imzalayıb. QSC ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə yaradılıb. Fərmana əsasən qurum silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirir.

Hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan çoxlu sayda istehsalat böyük uğurla fəaliyyət göstərir. Artıq ordumuzun müxtəlif növ silah-sursatla təchizatı məhz yerli istehsal hesabına təmin edilir. O cümlədən respublikamızda buraxılan hərbi təyinatlı məhsulların müəyyən qismi ixraca yönəldilir. Qeyd edək ki, daxili istehsala aid “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı”  snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları,  “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə öz seqmentləri üzrə bütün dünyada ən yaxşılardan sayılır. Bütövlükdə, müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul - silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.

Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar bir qayda olaraq böyük maraqla qarşılanır.

Milli müdafiə sənayesinin gələcək inkişaf prioritetləri

Müdafiə sənayesinin xarakteri elədir ki, burada daim dəyişən çağırışlara cavab vermək, mütəmadi qaydada yenilənmək əsas şərtlərdən biridir. Artan rəqabətdə geridə qalmaq ölkənin müdafiəsində uduzmaq anlamına gəlir. Müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-si Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimindəki çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan təcrübə müdafiə sənayesinin gələcək inkişaf prioritetlərinin formalaşmasına da ciddi təsir göstərib. Məhz bu yanaşmadan irəli gələrək son illərdə atılan mühüm addımlardan biri özəl sektorun müdafiə sənayesində daha fəal iştirakının təmin edilməsidir.

“Bu gün “ADEX” sərgisində 20-dən çox yerli özəl təşkilat öz məhsul və həllərini təqdim edir. Onların böyük hissəsi artıq Silahlı Qüvvələrimizin təchizatında iştirak edir. Bir neçəsi isə ixrac fəaliyyətinə başlayıb. Eyni zamanda, bir sıra yeni məhsullar üzrə yekun sınaqlar davam etməkdədir və qarşıdakı dövrlərdə yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, güclü milli müdafiə sənayesi yalnız dövlət müəssisələrinin imkanları üzərində qurula bilməz. Dövlətin institusional və istehsal imkanları özəl sektorun çevikliyi, təşəbbüsü, innovasiya potensialı və investisiya qabiliyyəti ilə tamamlanmalıdır. Məhz belə bir əməkdaşlıq modeli daha rəqabətqabiliyyətli və dayanıqlı müdafiə sənayesi ekosisteminin formalaşmasına imkan verir” , - deyə Vüqar Mustafayev vurğulayıb.

Nazirin sözlərinə görə, bu gün üstünlük daha mürəkkəb platformaya sahib olmaqda deyil. Üstünlük məlumatı tez görmək, düzgün emal etmək, qərarı sürətlə vermək və istehsalı həmin qərara uyğunlaşdırmaq qabiliyyətindədir. Eyni zamanda, istehsal miqyası, ehtiyatlar, kritik materiallara və mikroelektronikaya çıxış, eləcə də təchizat zəncirinin dayanıqlılığı yenidən strateji əhəmiyyət qazanıb. Bütün bunların arasında isə, sözsüz ki, ən qiymətli resurs olan insan kapitalı dayanır.

Nazir bildirib ki, mühəndis, proqramçı, texnoloq və sınaq mütəxəssisi olmadan heç bir texnologiya davamlı üstünlüyə çevrilmir. “Qarşımızda duran məqsəd yalnız istehsal həcmini artırmaq deyil. Əsas hədəf milli mühəndislik qabiliyyətini inkişaf etdirmək, texnoloji müstəqilliyi gücləndirmək və uzunmüddətli, dayanıqlı müdafiə sənayesi bazası formalaşdırmaqdır”, - deyə nazir vurğulayıb.

“ADEX 2026” da Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları

Azərbaycan “ADEX 2026”da yerli istehsala aid olan bir sıra hərbi texnika və silahlarını ilk dəfə beynəlxalq ictimaiyyətə təqdim edib. BARS yüksəksürətli kamikadze dronu da bu sırada yer alır. Bu silahdan havada dronla dronu məhv etmək məqsədilə istifadə olunur.

Eyni zamanda, KİQR-01, KİQR-02 və KİQR-03 Azərbaycan istehsalı olan kamikadze tipli kiçik insansız quru robotları da “ADEX 2026”da ilk dəfə nümayiş etdirilib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi SİQR-01 və SİQR-02 silahlı insansız quru robotları, Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı, Türkiyənin “Turkish Aerospace” şirkəti tərəfindən ölkəmiz üçün istehsal olunan “Hürkuş” yeni nəsil təlim təyyarəsi də ilk dəfə sərgilənən hərbi texnika və silahlardır.

Həmçinin, Azərbaycan-Türkiyə birgə istehsalı olan zərbə PUA-sı “ADEX 2026” sərgisində ilk dəfə nümayiş olunan kamikadze tipli drondur. Onun uzunluğu 3,5, qanad açıqlığı 3,2 metrdir, uçuş müddəti isə 2 saatdır.

Sərgidə həmçinin “Bayraktar Teknoloji Azərbaycan” MMC (BTA) şirkətində çalışan azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış “KASIRGA” dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim edilib. 2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan “KASIRGA” dolanan sursatının azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır.

Şaquli qalxma-enmə qabiliyyətinə malik olan “KASIRGA” heç bir uçuş-enmə zolağına ehtiyac olmadan müxtəlif relyef şəraitində və ya təkərli nəqliyyat vasitələri üzərindən avtonom şəkildə qalxma və enmə həyata keçirə bilir.

Platforma havada asılı qalma və üfüqi uçuş mərhələlərində 4 elektrik mühərrikindən istifadə edir və həm kamikadze (dolanan sursat), həm də kəşfiyyat-müşahidə əməliyyatlarında fəaliyyət göstərə bilir.

5 kiloqramlıq döyüş başlığı və süni intellekt dəstəkli elektro-optik (EO) kamera sistemi ilə təchiz olunan “KASIRGA” yüksək dəqiqliklə nişanalma imkanına malikdir. 80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma “Bayraktar TB2”, “Bayraktar TB3” və ya “AKINCI” PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.

Antijamming (siqnal maneələrinə qarşı dayanıqlılıq), vizual mövqeləndirmə və sensor məlumatlarının sintezi əsasında işləyən avtonom uçuş sistemləri ilə təchiz olunan “KASIRGA” kamikadze tapşırıqlarında 60, kəşfiyyat fəaliyyətlərində isə 90 kilometr radiusunda əməliyyatları icraetmə qabiliyyətinə malikdir.

Genişlənən beynəlxalq əməkdaşlıq

Azərbaycanın ev sahibliyi ilə keçirilən “ADEX” sərgisi artıq dünyada beynəlxalq əməkdaşlıq platforması kimi tanınır. Dünya miqyasında sərgiyə marağın getdikcə artması bunun əyani təsdiqidir. Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə 39 ölkədən 59 xarici rəsmi nümayəndə heyəti qatılıb. 30 ölkədən 280-dən çox şirkət və təşkilat isə burada öz məhsullarını nümayiş etdirib. ABŞ, Türkiyə, Rusiya, Çin, İtaliya, Belarus, Pakistan və Özbəkistan da daxil olmaqla 14 ölkə sərgidə öz milli pavilyonu ilə təmsil olunub.

Sərgi yalnız müxtəlif növ hərbi texnikanın və silahların nümayişi ilə yaddaqalan olmayıb. Tədbir çərçivəsində həmçinin çoxsaylı görüşlər keçirilib, müzakirələr aparılıb və əməkdaşlığa dair sənədlər imzalanıb.

O cümlədən sərgi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq tədbirə qatılan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Müdafiə naziri ölkəmizin Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dövlətlərimizin müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Azərbaycanın müdafiə naziri Rusiya Federasiyasının müdafiə nazirinin müavini Vasiliy Sergeyeviç Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də bir araya gəlib. Müdafiə Nazirliyindən bildirilib ki, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

“ADEX 2026” çərçivəsində Zakir Həsənov həmçinin ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) müdafiə işləri üzrə dövlət naziri və Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb. Görüşdə tərəflər ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə təlimlər, eləcə də müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı dövlətlər arasında dialoqun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.

Bundan başqa, Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səmimi qəbula görə təşəkkür edən qonaq ölkəsinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Son illərdə Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri daha da dərinləşib. Dost ölkələr müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığı genişləndirirlər. Bunun növbəti təzahürü olaraq bu günlərdə respublikamızda keçirilən “Birliyin Gücü - 2026” hərbi təlimlərinə Türkiyə hərbiçiləri ilə yanaşı, Özbəkistan ordusunun təmsilçiləri də qatılıblar. “ADEX 2026” çərçivəsində Zakir Həsənovla Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov arasında baş tutan görüşdə tərəflər ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrimizin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.

Sonda Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalanıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla  “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında da görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, “Roketsan” və “TUSAŞ” hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib. Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31